Xocalı faciəsinə həsr olunmuş sərgi

 

   Dünən Bədii Sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsi ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi keçirildi. Sərgidə çıxış edənlər - Mədəniyyət Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və Dekorativ sənət sektorunun müdiri, sənətşünas, professor Leyla Axundzadə, şöbənin məsləhətçisi Qalib Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov və başqaları Xocalı soyqırımının ildönümünə həsr olunmuş silsilə tədbirlərdən söhbət açdılar, bildirdilər ki, bu tədbirlərin əsas məqsədi Xocalı soyqırımı həqiqətini ictimaiyyətə çatdırmadan, bu müdhiş olayı bütün ölkə daxilinə ölkə xaricinə çatdırmaqdan ibarətdir.

   Professor Leyla Axundzadə Xocalı faciəsi haqda faktlara da toxundu: «1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qruplaşmaları 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək 613 nəfəri, o cümlədən 106 qadını və 83 uşağı qətlə yetirmişlər. Onlardan 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər (onların arasında 76 yeniyetmə var) əlil olub. Faciə nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Biz dünya ictimaiyyətinin Xocalıda baş vermiş vəhşilikləri Azərbaycan xalqına qarşı soyqırım kimi qəbul etməsi üçün hər şey etməliyik. Xocalıdakı qanlı hadisələr dünya ölkələrinə mümkün qədər geniş və canlı görüntülərlə təqdim olunmalıdır”. Sərgidə nümayiş olunan 35 əsər Azərbaycan Dövlət Rəsm Qalereyasının, İncəsənət Muzeyinin fondlarında saxlanılan Nazim Məmmədovun, Sara Manafovanın, Namiq Zeynalovun, Rəşid Heydərzadənin rəsm və xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq əsərləridir.

   Sərgi fevral ayının sonuna qədər davam edəcək.

  

   Turan

 

Mədəniyyət. - 2009.- 25 fevral.- S. 2.