«Xocalı faciəsi xalqımızın qan yaddaşıdır» inşa müsabiqəsi yekunlaşdı

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Xocalı soyqırımı gününün yad edilməsi, böyüməkdə olan nəslə, doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə mütəmadi olaraq müsabiqələr təşkil edir. Azərbaycan tarixinin təbliği və məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin öz yaradıcılıqlarını nümayiş etdirmək uçün şarait yaradılması məqsədi ilə elan olunan «Xocalı faciəsi xalqımızın qan yaddaşıdır» mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsi sona yetdi.

Elə bu münasibətlə dünən Gəncliyə Yardım Fondunda tədbir təşkil olunmuşdu. Mərasimdə çıxış edən fondun prezidenti Əhməd Tecim əsrin ən böyük qətliamlarından olan Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün rəhbərlik etdiyi fondun gördüyü işlərdən danışdı: «Fond əməkdaşları faciəni dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatlarla müvafiq iş aparır. Belə ki, həmin qurumlara Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilir, genosidi əks etdirən videomateriallar təqdim edilir».

Çıxış edən digər natiqlər - Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xocalı şəhər sakini Mehriban Əliyeva, 49 saylı məktəbin müəllimi, müsabiqənin münsiflər heyətinin sədri Elçin Manafov və başqaları faciənin unudulmaması üçün belə müsabiqələrin keçirilməsinin vacib olduğunu qeyd etdilər.

Sonra müsabiqədə I yerə layiq görülən Binəqədi rayon 217 saylı orta məktəbin X sinif şagirdi Nübar Əlizadəyə, II yerin qalibi, Xətai rayon 257 saylı orta məktəbin XI sinif şagirdi Aygün İsmayılovaya, III yerin sahibi, Yasamal rayon 286 saylı orta məktəbin X sinif şagirdi Şövkət Əliyevaya Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq diplomlar və pul mükafatları təqdim olundu. Bundan başqa, müsabiqə iştirakçıları arasında 10 nəfərə isə fərqləndiyinə görə fəxri fərmanlar təqdim olundu.

 

 

Səbinə Kərimli

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S. 2.