Ehey, Xocalım!..
«Xocalı - arxadan
atılan güllə,
Xocalı -
xalqımın faciəsidir.
Xocalı -
günahsız soydaşlarımın,
Qisas
çağırışı, fəryad səsidir».
Varlığımı
yox etməyə çalışan, köksümü
eşim-eşim eşən, içi şeytan ordusunun sərxoş
kafirləri ilə dolu tankların nəriltisinə, gurultusuna
necə dözüm, Xocalım? Yaralarım çoxaldı -
çağaların qundaqda öldürülüb, körpələrin
oda atılanda. Qolu bağlı, qəlbi dağlı qız-gəlinin
əsir aparılanda arxalarınca yana-yana baxıb qan
ağladım, Xocalım!
Səkkiz milyon
övladlı anan Azərbaycandan imdad dilədin, ancaq səsinə,
harayına səksənən olmadı - beş-on qeyrətlidən
savayı. Qan gölündə
çırpına-çırpına, dərddən
udquna-udquna, tüstülənə-tüstülənə
qaldın. Qoca tarix belə dəhşət, belə qəddarlıq,
belə qırğın görməmişdi. Dost, qardaş
deyib, süfrə başında oturtduğumuz düşmənlərimizin
qəlbində bizə qarşı nə qədər nifrət,
kin-küdurət varmış, ilahi? O müdhiş gündə
qeyrətsizlərə qeyrət dərsi verib, mərdanəliyinlə
heyrətə saldın, məəttəl qoydun məlunları,
unudulmaz tarix, yeni salnamə yazdın Azərbaycana. Qan
yaddaşımıza daha bir qanlı-qadalı gün
yazıldı o gün. Dağda-daşda, qapqaranlıq meşələrdə,
soyuq-sazaq düzəngahlarda nicat yolu axtardı günahsız
kimsənələr. Sızım-sızım sızlayan,
göyüm-göyüm göynəyən,
çaşqın elin yaralarına məlhəm qoyub
sarıdıqca odsuz-alovsuz yandım, Xocalım.
«Xilaskar səhra
qatarı»mıza dağlardan, daşlardan, meşə
cığırlarından tapılıb gətirilən
anasız, atasız qan ləkəli qundaqlardakı süd
qoxulu körpələrə yardım edəndə əllərim
əsir, dizlərim bükülürdü. Bu nə
çovğun, nə boran, nə fəlakət idi, Xocalım,
insan ürəyi necə tab gətirirdi bunlara?! Ağbirçəyini
saç yolan, dərddən xəyala dalmış
ağsaqqalını beli bükülən,
arvad-uşağını şüvən qoparıb
ağlayan gördüm. Bu bəla, bu soyqırımı yerdənmi
gəlib tapdı səni, göydənmi yağdı
başına? Torpağa toxum əvəzi ölüm əkən
qəlpələrdən torpağını xilas edə bilmədik.
Neçə-neçə igid oğlun düşmənlə
vuruşub şəhid oldu. Eşim-eşim eşildin öz
tarixi yurdunda. Oyum-oyum oylandın - dədə-baba
oylağında. Yana-yana boylandın dərd - ələmlər
içində, Xocalım! Hər cür ağrıya, hər
cür yaraya tuş qəlbin. Bir şəhər, bir el-elat
kimi Şəhid oldu. Əlidolu düşmən
qarşısında əliyalın qaldın. Azdan-çoxdan
eşitdiyinə görə, sakinlərin düşmən
qarşısında polad kimi oldular: əyilmədilər,
sındılar - yəni kişilərin «Qarabağ bizimdir!»- deyə
öldürüldülər, qadınların
namuslarını huşdan və candan olana qədər
qorudular. Bu qeyrət, bu səbr, bu təmkin sənin
bugünkü sakinlərinə ulu babalarımızdan miras
qalıb, Xocalım! Səmasının durna səfi pozulan, dərdinə
dərman tapılmayıb hələ də min yerə yozulan,
bəşər tarixində misli görünməyən bir
faciə şəhəri kimi tanınan şəhid
Xocalım! Azərbaycanın əsir gəlini, səndən
bir xahişim var: sıxılma, darılma, itirmə
özünü düşmən önündə. Dözün,
el qızları, zaman gələr xilas edər Azərbaycan əsgəri
sizləri.
Bəlkə də sənin
başına gələn bu faciə bizi imtahana çəkir.
Bizi daha dəyanətli, daha mətin, daha mübariz olmağa səsləyir.
Ünvanı bəlli,
qaçqın elli Xocalım! Sənin tarixi yaddaşın ilə
qovuşub, o qanlı günlərinin ağrı-acısı,
qovğası ilə yaşadım. Xəyalınla dərdləşdiyim
üçün daxilən özümdə bir
yüngüllük hiss edir və deyirəm:
Ulu Tanrım!
Xalqımızın dizinə təpər, yaddaşına
qayım-qaltanlıq ver. «İbrət dərsi» imtahanlarına
yaxşı hazırlaşmaq üçün bəsirət
gözümüzə nur ver!..
Səbinə
KƏRİMLİ
Mədəniyyət.-
2009.- 25 fevral.- S. 4.