Ünvandan-ünvana köçən
narahat ruh
Azərbaycan poeziyasında öz izini qoymuş, şeirləri
ilə əbədiyyət qazanmış mərhum şairimiz Əli
Kərim Sumqayıt şəhərinin ədəbi mühiti
ilə sıx təmasda olmuşdur. Bu təmasla
bağlı xatirələr sözügedən şəhərdə
hələ də yaşamaqdadır. Onun adına olan poeziya
klubunun isə Sumqayıt şəhərində gəzmədiyi
ünvan qalmayıb.
Şairin vəfatından
sonra Sumqayıt yazarları onun adını daşıyan
poeziya klubu yaratmaq təşəbbüsünü irəli
sürüblər. Beləliklə, 1980-ci ildə yerli ədəbi
mühitdə tanınmış imza sahibi Vaqif İbrahimin rəhbərliyi
alitında bu təşəbbüs həyata keçirilib:
ictimai əsaslarla fəaliyyət göstərən Əli Kərim
adına Poeziya Klubu yaradılıb. Yarandığı
dövrdən indiyə qədər klub Sumqayıt ədəbi
mühitini fəallaşdırmaq, istedadlı gəncləri
üzə çıxarıb, yazarların kitablarının
nəşr problemlərini həll etmək, ədəbi tədbirlər
vasitəsi ilə ədəbiyyat prinsiplərini təbliğ
etmək çərçivəsində xeyli işlər
görüb.
Sonralar rəsmi surətdə
mədəniyyət ocağı statusu qazanan klubun dəfələrlə
ünvandan-ünvana köçməsi onun sistemli fəaliyyətinə
mane olub. Yaranışında şəhərin «Şahmat
Evi»nin binasında xidməti otaqlar və geniş zalla təmin
olunaraq fəaliyyətə başlamış klub 1990-cı
ildə S.Vurğun və C.Cabbarlı küçələrinin
kəsişməsindəki bir binaya
köçürülür. 1992-ci ildə bu klubun təşkilatçılığı
ilə şair İbrahim İlyaslının və nasir Varisin
rəhbərliyi ilə «Gənclik» nəşriyyatında yerli
yazarların «Sahilsiz dəniz» ədəbi almanaxı nəşr
edilir və bu ədəbiyyatsevərlər arasında
geniş rezonans doğurur. Üç il yeni ünvanda fəaliyyət
göstərən klub yerli rəhbərliyin sərəncamı
ilə “Qarabağ” kinoteatrının binasına
köçürülür. 2002-ci ildə klubun yeni
köçhaköçü başlayır. Bu dəfə
Uşaq kitabxana klubunun binası ünvana çevrilir. Burada
bir neçə illik fəaliyyətdən sonra poeziya klubu bu dəfə
Şəhər Tarix Muzeyinə köçürülür. Muzey
yüksək səviyyədə təmir edilməyə
başlandıqda, klub yenidən geriyə - uşaq kitabxana
klubuna qaytarılır və burada bir otağa
sığınmağa məcbur olur.
Ünvandan-ünvana
köçən klub şəhər mədəniyyət
sisteminə daxildən çoxsaylı klublar arasında öz
xüsusi təyinatı ilə seçilir. O, sırf ədəbiyyat
missiyasını daşıyır. Poeziya klubunun rəhbəri
şair İbrahim İlyaslı hazırkı vəziyyətlə
bağlı suallarımıza cavab verərək, müəyyən
məsələlərə münasibət bildirdi. Əvvəlcə
qeyd etdi ki, Sumqayıt ədəbi mühiti respublikada öz
sözünü deyən və qəbul edilən bir
mühitdir. Bu işdə Əli Kərim adına Poeziya
klubunun da kifayət qədər payı var. Yaşlı nəsil
yazarlarından Tofiq Məmmədin, Məmməd Namazın, Əşrəf
Veysəllinin adlarını çəkən klub rəhbəri,
tanınmış şair Məmməd Aslanın bu gün də
klubun işində iştirak etdiyini bildirirək, estafeti davam
etdirmiş digər tanınmış imzaları da
xatırlatdı. «Ulduz» jurnalının baş redaktoru, nasir
Elçin Hüseynbəylinin ilk hekayəsinin məhz klubun nəşr
etdirdiyi «Sahilsiz dəniz» almanaxında çap olunduğunu
diqqətə çatdıran İ.İlyaslı, bu ədəbi
mühitin yetirmələri olan nasir Varisin, Əyyub Qiyasın,
Gülbala Mehdinin imzalarının yetərincə
tanındığını söylədi. Bu mühitdən həm
də iki Prezident təqaüdçüsü olan yazar
yetişib. İndi bu sıraya ən gənc nəsildən
olan və klubun işində fəal iştrak edən Feyziyyə,
İlham Çərkəz, Fərhad Mete kimi şairlərin də
imzaları qoşulub. Qeyd edək ki, adları çəkilən
hər üç yazar Mədəniyyət və Turizm
Nazirliyinin Gənc Ədiblər məktəbinin də ən fəal
üzvləridir. Klubun bugünkü ünvanının fəaliyyət
üçün nə qədər səmərəli
olub-olmaması sualına isə İ.İlyaslı, yerləşdikləri
müəssisənin yerini dar etməkdən əlavə,
onların ixtiyarına verilmiş bir otağın özləri
də çox darısqalığından gileylənərək
belə bir şəraitsizliyin ədəbi fəaliyyətə
tam imkan vermədiyini söylədi. Eyni zamanda müsahibimiz
klubun ənənələrini nəzərə alaraq tam
münasib məkanla təmin ediləcəklərinə
inandığını da bildirdi. Elə bir məkan ki, orada ədəbi
toplantılar, müzakirələr keçirilsin və bir
şəhərin ədəbiyyat aurasına olan ehtiyacı
ödənilə bilsin. Bu məqamda İbrahim müəllim
daha bir faktı vurğuladı. Klubun işində fəallıq
göstərmiş və hazırda Londonda yaşayan Rauf
Qaraişığın şeirləri ABŞ-da çap
edilmiş «Dünya poeziyasından seçmələr»
toplusuna daxil edilib. Klub rəhbəri əgər yeni
informasiyalar texnologiyası ilə təmin olunarlarsa,
istedadlı şairlərin Sumqayıt dairəsində
dünyaya pəncərə aça biləcəyini də
söylədi. Biz də ədəbiyyatımızın
dünyaya çıxmaq gücünə inanaraq, Əli Kərim
adına klubun timsalında Sumqayıt ədəbi mühitinin
nəzərdə saxlanılacağına ümid edirik. Ən
azı bu şəhərdə Əli Kərimin həmişəgənc
poeziyasının izləri qorunub saxlandığı
üçün.
Sabutay
Mədəniyyət.- 2009.- 25 fevral.- S. 7.