Süleyman Ələsgərovun
85 illiyi qeyd olundu
Fevralın 21-də G.Şaroyev adına 35 saylı Musiqi
Məktəbində xalq artisti, bəstəkar Süleyman Ələsgərovun
85 illik yubileyi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Alla Fyodorova görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə qısa məlumat verdi.
Musiqi məktəbinin
müəllimi Samirə Qocayeva (konsertmeyster) və şagirdləri
Müsəvi İbadov (tar), Şakir Süleymanov (tar), Pərvin
Baxışlı (tar), Sədəf Abdullayev (kanon) və
başqaları görkəmli bəstəkarın fortepiano və
xalq çalğı alətləri üçün
yazdığı musiqi əsərlərini və vokal
nümunələrini ifa etdilər.
Mərasimdə 35
saylı Musiqi Məktəbinin şagirdi Çinarə
Quliyevanın S. Ələsgərova həsr etdiyi “Elegiya”sı
da səsləndi.
Tədbirin sonunda
çıxış edən məktəbin direktoru, əməkdar
müəllim Yusif Vəliyev bəstəkarla bağlı xatirələrindən
bəhs etdi: “Mən müəllimim S.Ələsgərov barədə
həmişə fəxarət hissi ilə
danışıram. S.Ələsgərovu dahi Ü.Hacıbəyovun
ən layiqli davamçılarından hesab edirəm. O, həm
bəstəkarlıqda, həm insanlıqda, xeyirxahlıqda
Ü.Hacıbəyov çox yüksək keyfiyyətlərə
malik kimi idi. Hamı onu Vətəninə, torpağına,
elinə bağlı bir insan kimi tanıyırdı. Onda azərbaycançılıq
hissi güclü idi. Bəstəkarın Şuşaya həsr
etdiyi “Gözlə məni” romansını dinləyərkən
bu hisslər apaydın duyulur.
S.Ələsgərov Azərbaycan
bəstəkarlıq məktəbinin ünlü nümayəndəsi
olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. O,
istedadlı tələbəni xəzinə hesab edirdi.
Mərhum sənətkar
hazırda musiqi sahəsində fəaliyyət göstərən
yüzlərlə ifaçı və bəstəkarın
yetişməsində əhəmiyyətli işlər
görüb. Bu gün onun yetirmələri Azərbaycan
musiqisini dünyada tanıdırlar.”
S.Ələsgərov 22
fevral 1924-cü ildə Şuşada anadan olub. 1949-65-cı illərdə
A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Mədəniyyət
Nazirliyində İncəsənət şöbəsinin
müdiri, Dövlət Radio və Televiziya Xalq
Çağlı Alətləri Orkestrinin dirijoru, Musiqili
Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında
operetta janrı əsas yer tutur. “Ulduz” (1948), “Özümüz
bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964),
“Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan, ay
subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım”
(1971) operettalarının bir çoxu Musiqili Komediya
Teatrının səhnəsində bu gün də
oynanılır. Bundan başqa, onun “Bahadır və Sona”,
“Solğun çiçəklər” operaları, bir neçə
kantata, simfoniya, “Bayatı-Şiraz” simfonik muğamı,
simfonik poema və süitaları Azərbaycan musiqisinin incilərindəndir.
Xalq artisti, Üzeyir Hacıbəyov adına respublika
mükafatı laureatı Süleyman Ələsgərov 21
yanvar 1999-cu ildə dünyasını dəyişib.
Turan
Mədəniyyət.- 2009.- 25 fevral.- S. 8.