Oğuz elinin Qaraca Çobanı
Elçin
Məmmədovun ölüm gününə
Ən əvvəl onu
sadəlövh, kor-kobud, iri çay daşları kimi saf qəhrəmanları
ilə xatırlayırıq. Yeddi oğuldan biri Mirpaşa ilə,
«Dədə Qorqud»dakı Qaraca Çoban ilə... Elçinin
bu iki qəhrəmanı öz sadə həqiqətlərinə
tapınan zəmanə giqantlarıdır ki, hər biri bir
orduya bərabər! Elə bu sözlər tək Qaraca
Çobanın sözləri deyil, həm də
Mirpaşanın sözləridi, həm də Elçin Məmmədovun
sözləridi: «Altındakı ağca atın nə öyərsən,
adə, itim kafir, alabaşlı keçimcə gəlməz mənə...»
Bu kobudluğun içində tamaşaçı hələ
bir onu sevir də. Elə bu sevimlilikdəndir ki,
tamaşaçılar məscidə it
bağlamağını da, qoyun-quzunu rəhmsizcəsinə
tolazlamağını da onun qara qaşına-gözünə
bağışlayacaq. Sevimli körpənin ərköyünlüyü
kimi...
Hə, bir də, hər
dəfə «Hamlet» tamaşası oynanılanda qəhrəmanların
sallaşdığı kəndirin bir ucundan da o
yapışacaq. «Hamlet» tamaşasındakı
yarımqaranlıq səhnədəki tərtibat isə hər
dəfə yarımçıq görünəcək.
* * *
Elçin Məmmədov
1946-cı il mayın 29-da Bakıda SSRİ xalq artisti Mehdi Məmmədov
və xalq artisti, ecazkar aktrisa Barat Şəkinskayanın ailəsində
dünyaya göz açıb. Kiçik yaşlarından sənətkarlar
əhatəsində tərbiyə alan Elçin Məmmədov
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində
təhsil alıb, lakin oranı bitirməyib. 1967-73-cü illərdə
M.Əliyev adına İncəsənət İnstitutunun rəssamlıq
fakültəsində təhsil alıb, yüngül sənaye
rəssamlığı ixtisasına yiyələnib. Müxtəlif
illərdə Rəssamlar İttifaqının Bədii
İstehsalat Kombinatında, «Vışka» qəzeti
redaksiyasında rəssam, Dövlət Musiqili Komediya, Opera və
Balet teatrlarında baş rəssam işləyib. 1989-cu ildən
ömrünün sonunadək Akademik Milli Dram Teatrında
baş rəssam vəzifəsində çalışıb. O,
Akademik Milli Dram Teatrında M.F.Axundovun «Xırs quldurbasan», C. Məmmədquluzadənin
«Dəli yığıncağı», S.Vurğunun «İnsan»,
M.Qorkinin «Meşşanlar», H. Cavidin «İblis», V.Şekspirin
«Hamlet», Musiqili Komediya Teatrında O.Kazımovun və C.Səlimovanın
«Danabaş kəndinin əhvalatları», R.Şəfəq və
A.Şaiqin «Tülkü həccə gedir», L.Vaynşteyn və
R.İbrahimbəyovun «Səhranın bəyaz günəşi»,
İ. Strausun «Yarasa», F. Əmirov və M.Əlizadənin
«Gözün aydın», Gənc Tamaşaçılar
Teatrında C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi»,
N.Nərimanovun «Şamdan bəy». Anarın «Ötən ilin son
gecəsi», Vaqnerin «Salam, Hotsi», S.Vurğun adına Rus Dram
Teatrında M.Qorkinin «Həyatın dibində», Vampilovun «Əyalət
lətifələri», H.Andersenin «Qar kraliçası», H.Cavidin
«Şeyx Sənan», M.Şatrovun «Amansız oyunlar», «Buta» Marionet
Teatrında «Arşın mal alan» tamaşaları onun uğurlu
quruluşlarındandır. O, həmçinin
Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir
teatrlarında da tamaşalara səhnə tərtibatları
vermişdir. 1984-cü ildə H.Cavidin «İblis»
tamaşasına verdiyi tərtibata görə Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülüb. Elçin Məmmədovun
yaradıcılığında kitablara verdiyi tərtibatlar da əhəmiyyətli
yer tutur. Onun «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Azərbaycan
nağılları», «Xəyyam» kitablarına verdiyi tərtibatlar
xüsusilə yaddaqalan olmuşdu.
Elçin Məmmədov
filmlərdə yaratdığı obrazlarla geniş
tamaşaçı yaddaşında daha dərin kök
salmışdır. Onun «Azərbaycanfilm» kinostudiyasında
çəkildiyi «Yeddi oğul istərəm» filmində
Mirpaşa, «Dədə Qorqud»da Qaraca Çoban, «Dantenin
yubileyi» filmində Səyavuş, «Çətirimiz
buludlardır» filmində isə Məlik obrazları
çoxşaxəli yaradıcılığının
ayrılmaz parçasıdır. 1991-ci ildə o, əməkdar
incəsənət xadimi fəxri adı ilə təltif
olunmuşdur. 1999 və 2001-ci illərdə «Qızıl Dərviş»
mükafatına layiq görülüb.
Elçin Məmmədov
2001-ci il fevralın 18-də 55 yaşında
dünyasını dəyişdi. Bu ay onun ölümündən
səkkiz il keçir.
Ruhu şad olsun!
Aişə
Mədəniyyət.- 2009.- 25 fevral.- S. 8.