Hər zaman kino ilə
Və
ya Düsseldorf gündəliyi
Svetlana Babarəhim qızı İsmayılova. ...Bu ad mətbuat
və kino dünyasında çoxlarına məlumdu. Xeyirxahlıq
və səmimilik onun varlığının təməlini təşkil
edir. Svetlana xanım dünyanı fərdi, maraqlı
baxışla müşahidə edir. Hadisələrin müsbət
tərəflərinə meyil edir, müsbət
emosiyalarını adamlarla bölüşməyi bacarır. Svetlana
xanım dünyaya işıqlı nəzərlərlə
baxdığındandır ki, yaxşı insanlarla
rastlaşır.
Svetlana Babarəhim
qızı Rəhimova 1939-cu ildə Bakı şəhərində
anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Tələbəlik
illərindən müntəzəm olaraq mətbuatda
çıxış edir. Yazılarının əsas
mövzusunu kino musiqisi təşkil edib.
1963-cü ildə Azərbaycan
Elmlər Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun kino sənəti üzrə dissertantı
olmuş, «Azərbaycan gəncləri» qəzetində ədəbi
işçi və şöbə müdiri, Azərbaycan Sovet
Ensiklopediyası baş redaksiyasının İncəsənət
şöbəsində elmi redaktor işləmişdir.
O, sanballı məqalələrlə
yanaşı, bir çox sənədli animasiya filmlərinin və
«Mozalan» satirik kinojurnalı süjetlərinin də müəllifi
olmuşdu. 70-ə qədər filmin rus dilindən Azərbaycan
dilinə tərcüməçisi, «İncəsənət əbədi
və ölməzdir», «Çinarım mənim», «Vaxt var
idi...» kimi kitabların müəllifidir.
Svetlana xanımın
ssenarisi əsasında Azərbaycanın görkəmli alim və
yazıçılarının həyatından bəhs edən
silsilə sənədli filmlər çəkilib. Görkəmli
yazıçımız Əzizə Cəfərzadənin həyatından
bəhs edən «Ağ saçların işığı»,
tarix elmləri doktoru Püstə xanım Əzizbəyova
haqqında «Dünyanı gözəllik xilas edəcək»
adlı sənədli filmlər xüsusilə diqqətə
layiqdir. O, Kür çayına həsr edilmiş «Anam Kür»
sənədli filminin ssenarisinə görə akademik Həsən
Əliyev mükafatına layiq görülüb.
Svetlana xanım «Həsən
bəy Zərdabi», «Qızıl qələm», «Xan qızı
Natəvan», «Vətən» «Azərbaycan bayrağı»
mükafatlarının sahibidir. Azərbaycan kino sənətində
xidmətlərinə görə rejissor Arif Babayev adına
diplomla da təltif olunmuşdur.
O, 1984-2001-ci illər ərzində
Svetlana xanım «Azərbaycanfilm» kinostudiyasında
aparıcı redaktor vəzifəsində işləyib. Həmçinin
Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin müəllim işləmişdi. Svetlana xanım
tələbələrin ən yaxın dostu olub. Onun evi tələbələrin
yaradıcılıq ocağına çevirilmişdi.
Svetlana xanım
2004-cü ildən Almaniyanın Düseldorf şəhərində
yaşayır. Kino sənətinə olan məhəbbət
onu burada da tərk etməmişdir. O, Düsseldorf kino sənəti
biliciləri klubunun rus dili bölməsinin üzvüdür. Azərbaycan
kinosunun təbliği ilə məşğul olur.
Svetlana xanım həm də
gözəl anadı. Qızları Samirə və Elnarə
Almaniyanın Köln və Essen Konservatoriyalarının
müəllimləridir. Almaniyanın və Avropanın bir
çox şəhərlərində konsert proqramı ilə
çıxış edirlər.
Baxmayaraq ki, Svetlana
xanım Azərbaycandan uzaqdadı, dostları hər zaman onu
böyük hörmətlə xatırlayır, səbirsizliklə
yolunu gözləyirlər.
Xədicə Qarayeva
Mədəniyyət.-
2009.- 25 fevral.- S. 8.