Güldürərək
düşündürən sənətkar
Xeyli vaxtdır ki,
«Mədəniyyət» qəzeti ilə Azərbaycan Radiosu «Sözdən səsə» adlı birgə
layihə ilə çıxış edir.
Müştərək layihəmizin budəfəki
qonağı xalq artisti
İlham Namiq
Kamaldır.
- İlham bəy, öncə Sizi 60 illik yubileyiniz
münasibətilə təbrik edirik.
- Təşəkkür edirəm. Və çox
xoşdur ki, “Mədəniyyət”
qəzetinə və Azərbaycan Radiosuna
müsahibə verirəm. Gənclik, tələbəlik illərimdən
Azərbaycan Radiosunun mənə böyük köməyi olub.
Mən həmin illəri fikirləşəndə, baş rejissor Ziyafət Abbasovu, baş redaktor Mailə Muradxanlını, “Gülüş axşamı”,
“Sabahınız xeyir” və bu kimi neçə-neçə
verilişləri, tamaşaları xatırlayıram.
Düşünürəm ki, bizim o verilişlər bu gün də fondda saxlanılır və bütün
bunlara görə mən bizim
doğma, yaradıcı evimiz
olan Azərbaycan Radiosuna
öz təşəkkürümü
bildirirəm.
- Sizi tamaşaçılar daim gülümsəyən görüblər,
bu gün isə... yorğunluq, ya əsəbilik...
- Yox, ola bilər
ki, siz mənimlə birinci dəfədir ki, görüşürsünüz. İnsan həyatda tam başqa olmalıdır. Bizim
sənətimizin əsas qayəsi nədir? Cilddən-cildə
girə bilmək məharəti. Bütün
bunlar səhnədədir. Həyatda isə
insanın gərək bir sifəti, bir siması olsun.
Uşaqlıqdan da belə tərbiyə
veriblər ki, həyatda sadə, normal və adi bir insan olmalıyıq. Mən
bilavasitə dram teatrında
yetişmişəm. Orada mən həm dramatik, həm də faciə rolları
oynamışam.
- İlham Namiq Kamal tamaşada hər
hansı bir rolu
oynadıqdan sonra yenidən İlham Namiq Kamal «rol»una
qayıtmaqda çətinlik çəkmir ki?
- İnsan rol oynayanda nəsə
itirir. İstənilən obrazı 2 saat
ərzində normal şəkildə
ifa eləmisənsə,
o zaman əsəblərin
pozula, təzyiqin qalxa, hətta ürəyin ağrıya
bilər. Aktyorluq insanın
əsəb və gərginliklərindən hörülən
bir sənətdir.
Digər
tərəfdən XXI əsrdir,
əsəbi olmayan sənət adamının
tamaşaçı ilə
təmasda olmasına ixtiyarı yoxdur.
- Sənətçi
əsəbi sırf sənətlə bağlıdır,
yoxsa həyati çətinliklərə?
- Səhnədə olan istənilən epizodları ifa etmək üçün
aktyor ona təklif olunan məkana daxil
olmalıdır və təklif olunan vəziyyəti
yaşamalıdır. Əgər orada gülüş doğuracaq
nə isə varsa, tamaşaçı gülür, amma həmin
vəziyyəti yaratmaq sənin üzərinə düşür.
Sən isə bütün bunları öz əsəblərinin hesabına eləyirsən.
Əgər sən də elə tamaşaçı kimi gülsən, o zaman tamaşaya kim baxar? Sənətin
çətinliyi, aktyor sənətinin
qüdrəti də elə budur. Ona görə də aktyorluq
peşəsi çox çətin bir peşədir.
- Gəlin gülüşün fəlsəfəsindən
danışaq, gülüş barədə
ciddi söhbət eləyək.
- Gülüşü qəbul eləmək
üçün gərək
qarşında olan tamaşaçının
yumor hissiyyatı ola. Bir də görürsünüz
ki, hər hansı tamaşada
hamı gülür, amma
bir nəfər sakit oturub. Bütün
insanların içində yumor hissi var, sadəcə, onu oyatmaq gərəkdir. Aktyor səhnədəykən istər yumoristik, istərsə də fəci obrazda - ülgüc üstündə
gəzən, kəndirbaz timsalındadır - vəziyyətlərdən
elə qaça bilməlidir ki, dabanı heç vaxt qanamasın. Aktyor sənətinin
qayəsi budur. Sənət adamları,
peşəkarlar bunu çox
gözəl bilir.
- Sizcə, müasir
tamaşaçı nəyə gülmək istəyir, onun yumor hissi
nəyə hesablanıb?
- Hər dövr
tamaşaçısının onu
maraqlandıran, ürəyindən tikan
çıxaran kəlmələr, hadisələr var ki, onları oynamaq, göstərmək lazımdır. Təbii,
bugünkü gündə 30-40- cı illərin
əsərlərini təqdim etmək olmaz.
Bu gün sənət
adamının seçdiyi mövzular,
ifa etdiyi tamaşalar, monoloqlar
sabahkı günə hesablanmalıdır.
Tamaşaçı isə fikirləşməlidir: “Bax bunu mən demək istəyirdim,
bax bu mənim ürəyimdə
qalmışdı”. Bugünkü, əslində,
bütün dövrlərin gülüş fəlsəfəsi budur.
- İlham Miniatür
Teatrının fəaliyyəti barədə: Son
zamanlar sözügedən teatrda
tamaşaların oynanılmamasının səbəbi nədir?
- İlham Miniatür Teatrı Azərbaycanda olan azsaylı özəl teatrlardan biridir.
Bilirsiniz
ki, özəl teatrlar qayğı ilə yaranır. O vaxt, yəni 1993-cü ildə Mədəniyyət
Nazirliyinin bilavasitə
köməyi ilə Gənc Tamaşaçılar
Teatrının binasında
bizə yer verildi. Biz ara-sıra
öz tamaşalarımızı
nümayiş etdirirdik.
İlham
Miniatür Teatrının
38-ə yaxın tamaşası
olub. Həmin teatrın əmlakı
(paltarlar, işıq effektləri, tüstü effekti və s.) çoxdur. Bildiyiniz kimi, hazırda
möhtərəm prezidentimizin
göstərişi ilə
Azərbaycanda olan teatrların əksəriyyəti
təmirə saxlanıldı;
indi onların çoxu yenidən istifadəyə verilib, bir neçəsində isə təmir-bərpa işləri gedir. Gənc Tamaşaçılar Teatrı
da bu saat
təmirdədir. İnşaallah,o işlər bitdikdən sonra biz də fəaliyyətimizi davam etdirmək əzmindəyik. Bununla bərabər, biz öz istismarımızda olan tamaşaları Yevlaxda, Zaqatalada, Ağsuda, Şamaxıda, Balakəndə, Xırdalanda,
Sumqayıtda tamaşaçılara
təqdim edirik.
- İlham bəy,
ən intellektual, sətiraltı mənanı,
düşündürən gülüş hədəfini
Azərbaycan tamaşaçısı
duya bilirmi, o, bu cür gülüşə
hazırdırmı?
- Mənə belə gəlir ki, Azərbaycan tamaşaçısı həmişə
yüksək səviyyəli
tamaşaçı olub.
Bu gün də
yaxşı tamaşa,
yaxşı mövzu,
yaxşı dramaturq məhsulu olarsa, tamaşaçı gəlir.
Hazırda mən Musiqili
Komediya Teatrında çalışıram. Tamaşaçılar maraqlı tamaşalara daim gəlirlər. Heç vaxt yaxşı tamaşanın kresloları
boş olmayıb.
- Bir az da yeni obrazlarınızdan danışaq...
- “Qısqanc
ürəklər”də ifa
etdiyim polkovnik Mikayıl son illər oynadığım ən maraqlı obrazlardandır.
Mən heç vaxt sistem adamı rolunu oynamamışam.
Bu polkovnik isə
ürəyi məhəbbətlə
dolu bir insandır. Lap axırıncı
tamaşam Faiq Sücəddinovla, Tamara xanım
Vəliyevanın “Mən
dəyərəm min cavana”,
yəni Üzeyir bəy Hacıbəyovun “O
olmasın, bu olsun” tamaşasının
müasir variantında
İbad İbadoviçdir.
Onda o tacir, indi İbadoviç
kimi biznesmendir, elmi-tədqiqat institutunun rektorudur. O vaxt Gülnazı Məşədi
İbad almaq istəyirdi, indi isə Gülnaz İbad İbadoviçə
ərə getmək istəyir və axırda gedir də... (gülür)
- Tamaşa və tamaşaçı...
Maraqların azalmasında əsas
günah kimdədir - onlarda, ya sizlərdə?
- Mən arzulayardım ki, yeni yazarlar yetişsin,
yeni əsərlər
qələmə alsınlar.
Əlbəttə, mövzu başlıca
rol oynayır. Teatr əvvəlcə öz mövzusu ilə tanınır, daha sonra gəlir rejissorun və aktyorların işi.
Əgər Azərbaycan tamaşaçısının
bir manatı olarsa, onun bir
qəpiyini teatra xərcləyəcək. Bunu da yaddan çıxarmayaq.
- Biz sizin rejissorluq fəaliyyətinizdən
də xəbərdarıq.
Ümumiyyətlə, Azərbaycan
rejissorluğu haqda qənaətiniz...
- Mənim müəllimlərim böyük
rejissorlar olublar. Məni instituta qəbul eləyən xalq artisti Adil İsgəndərovun,
Rza Təhmasibin adlarını çəkə
bilərəm. 16 il fasiləsiz, çoxlarının və
bilavasitə mənim yetişməyimdə böyük
əməyi və zəhməti olan rejissorumuz, xalq artisti Tofiq Kazımovun
adını xüsusi
qeyd eləmək istəyirəm. Mənə
elə gəlir ki, Azərbaycanda rejissorlara qayğı bir az artırılmalıdır, rejissor
teatrları inkişaf
eləməlidir, onlara
daha çox səlahiyyət verilməlidir.
Mənə belə gəlir
ki, bu məsələ
indi qlobal məsələlərdən biridir.
O ki qaldı mənim rejissorluq fəaliyyətimə, hər
bir insanın ürəyində elə bir teatr olur.
Bu da mənim
ürəyimdə olan
Miniatür Teatrıdır.
Sovetlər dövründə
yeni teatr açmaq mümkün olan iş deyildi.
Azərbaycana miniatür teatrlar
gəlirdi və mənim ürəyimdə
arzu yarandı ki, bizim ölkəmizdə
də belə bir teatr olsun.
- Dövlətin
mədəniyyətə göstərdiyi
qayğıdan razısınızmı?
- Bilirsiniz, mən istər dövlət, istərsə
də ulu öndər tərəfindən
daim böyük qiymət almışam: Əməkdar artist, xalq artisti, həm də uzun illərdir
ki, Mədəniyyət
və İncəsənət
Universitetində estrada sənəti kafedrasının müdiriyəm,
oranın professoruyam, Prezident təqaüdçüsüyəm.
Yəni bizlər müəyyən
mənada o yolu keçmişik. Gənclər barədə nə deyə bilərəm.
İnstitutu bitirdikdən sonra
onlara müəyyən
vəsaitlər lazım
olur. Mənə elə gəlir
ki, dövlət də bu barədə
artıq düşünür,
onların alacağı
maaşların artırılması
ilə bağlı işlər gedir. Düşünürəm ki, onsuz da hörmətli prezidentimizin gənclərə
münasibəti çox
yaxşıdır.
- Özünüz
dediyiniz kimi, Mədəniyyət və
İncəsənət Universitetinin
estrada kafedrasının
müdirisiniz. Sizcə, gələcəyin
əsl rejissorları,
əsl aktyorları çıxacaqmı oradan?
Ümumiyyətlə, məzunlar arasında
istedadına ümid bəslədiyiniz gənclər
varmı?
- İstedadı
Allah verir. Biz yalnız həmin istedadlı gəncləri
istiqamətləndirə bilərik.
Onları ən dolğun
sistemlərlə bəhrələndirmək,
savadlı və peşəkar aktyora çevirmək bizim borcumuzdur.
Ə.Əlioğlu
Mədəniyyət. - 2009.- 25 fevral.- S.9.