Ədəbi-bədii gecə

 

Bugünlərdə M.Seyidzadə adına Uşaq Kitabxanasında C.Məmmədquluzadəyə həsr olunan ədəbi-bədii gecə keçirildi.

Tədbiri açıq elan edən kitabxananın direktoru Rəhilə Rzayeva böyük sənətkarın həyat və yaradıcılığı barədə danışmaq üçün sözü şair Qəşəm Nəcəfzadəyə verdi. O dedi ki, öz dövrünün uzaqgörən mütəfəkkiri C.Məmmədquluzadə yaradıcılığında ictimai eybəcərliyə, zülm və əsarətə qarşı mübarizə aparmış, avamlığı, qadın hüquqsuzluğunu, dini fanatizmə və mövhumatı qüdrətli qələmi ilə satira atəşinə tutmuşdur. Mirzə Cəlil "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ bacib əməllərə. Çünki hükəmalar buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər" deyərək, xalqına neçə-neçə həyat həqiqətlərini çatdırmışdır.

C.Məmmədquluzadənin maarifçilik və ədəbi fəaliyyəti barədə geniş söhbətdən sonra, 1 saylı məktəbin şagirdləri ədibin “Poçt qutusu” adlı hekayəsinin motivləri əsasında hazırladıqları səhnəciyi tədbir iştirakçılarına təqdim etdilər.

Daha sonra məktəblilərin hazırladıqları “Saqqallı uşaq” ədəbi-bədii kompozisiyası (rus dilində) nümayiş olundu.

Tədbirdə 6 saylı Musiqi Məktəbinin şagirdi Mehdi Mehdiyevin musiqi nömrəsi də maraqla qarşılandı.

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S.9.