Qaranlıq dünyanın işıqlı Mirzə Cəlili

 

Sözün düzü, Mirzə Cəlilin 140 yaşı olduğunu eşidəndə diksindim, inanmadım. Ona görə ki, mənim kimi çoxlarının yaddaşında Mirzənin təvəllüd tarixi iki altı il ilə qalıb. Onun 1866-cı ildə anadan olduğunu unuda bilmərik. Sonra öz-özümə fikir-xəyal etdim ki, elə 140 olmağı yaxşıdır - 3 yaş da Mirzə qabağa düşdü - cavanlaşdı. Onsuz da Mirzə Cəlil həmişə cavandı, neçə yaşı olur-olsun. O hələ də bizimlə gələcəyə gedir, geri qalmır ki, qalmır. Geri qalmır deyəndə, Mirzəni özümüzə birgə aparırıq. Bəzilərimizin ürəyindən hey keçir ki, Mirzə Cəlil bizdən geridə qalsın, yeri gələndə yaddan çıxsın. Amma belə olmur. Mirzənin yazdıqlarından çox şey olduğu kimi günümüzün içindədir. Yenə qayıdaq Mirzənin 140 yaşının üstünə. Mirzə Cəlil yaşının artıq-əskik olmasına cavabdeh ola bilməz. Çünki «gözünü birinci dəfə açanda dünyanı qaranlıq görüb». Dünya da qaranlıq olduğundan yaş kağızı yazılmayıb. edək, Mirzə, biz müsəlmanların zəif zərif yerlərindən biri bu metrik kağızıdır. O şoğərib kağıza qələm əməl dostun Əbdürrəhim bəy mütrüb dəftəri demiş. Bu mütrüb dəftərini Qasım əmiyə verdilər ki, təzə doğulmuş uşaqların adını o dəftərə yazsınlar. Adları ilə bərabər təvəllüd tarixləri o dəftərə yazılsın ki, çox-çox sonralar yaşları məlum olsun. Qasım əmi dəftərdə bir siyasət gördüyündən cırıb atıb. Qasım əminin əhvalatı bəlli. Amma Mirzə Cəlilin iki yaş kağızının olması bir balaca qaranlıqdır. Qaranlıq içərisindən boylanmış Mirzə Cəlil özünün təvəllüd tarixinə öz əlləri ilə aydınlıq gətirmiş. Gətirsə , sonradan, nədənsə, qarışdırmışlar.

Mirzə Cəlilin təvəllüd tarixinin 1866-cı il olması beynimi zəbt etdiyindən hələ də ayrı rəqəmə özümü inandıra bilmirdim. Mirzənin kitablarına əl apardım. Onun məndə müxtəlif vaxtlarda nəşr olunmuş bir neçə kitabı (cildləri) var. Kitablarımın içərisində də ən yaşlı kitab ona məxsusdur. Mirzə Cəlilin 1951-ci ildə «Azərnəşr tərəfindən buraxılmış «Seçilmiş əsərləri»nin birinci cildini əlimə aldım. Kitabın üz qabığını çevirdim. Gözlərimə inanmadım. Kitabın forzasında (kitabın blokunu cildi ilə birləşdirən vərəq) iri şəkildə 1869-1932 tarixləri qeyd olunub. Şübhə mənə güc gəldiyindən Mirzə Cəlilin sağlığında öz əlləri ilə yazdığı tərcümeyi-halını yenidən oxumalı oldum. İndi vaxtilə Mirzənin yazdıqlarını mən yazım, siz də oxuyun, oxuyub qurtarandan sonra da qərarı özünüz verin.

Mirzə Cəlil yazır: «Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm. Xeyr, mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib; nə o vaxtlar metrik dəftərləri var idi, nə də o vaxtlar atalar övladlarının doğulmaq yadigarını yazıya götürməyi lazım bilirdilər.

... Bununla bərabər bir neçə işarələrlə duya bilirəm ki, indi, yəni hicrətin min doqquz yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola və ya əlli yeddi ola; ya bəlkə, əlli səkkiz ola...

Belə ki, yadıma rus ilə osmanlı davasını salıram.

...Amma həqiqət bu idi ki, o il, doğrudan da, rus - osmanlı müharibəsi ili idi ki, miladın min səkkiz yüz yetmiş səkkiz və yetmiş doqquzunda vaqe olmuşdu və haman günləri biz səkkiz və doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatımız ancaq o qədər ola bilərdi.

...Bundan savayı, yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə ikinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir - on iki yaşında uşaq olardım. Naxçıvanın şəhər məktəbinin ikinci sinfində oxuyurdum...».

Əslində, Mirzə Cəlilin təvəllüd tarixi uzağı bir il o tərəf, bu tərəf ola bilər, daha üç il yox. Mirzə Cəlilin tədqiqatçıları ilk dövrlərdə onun təvəllüd tarixini 1869 qəbul etmiş, nədənsə, sonradan 1866-cı ili gündəmə gətirmişlər.

Bir də Mirzə Cəlil üçün yaşın nə fərqi. Onun üçün rəqəmlərin təfavüt eləməz. «Ölülər»i yazan şəxs hər zaman diridi. Mirzə Cəlil müasirimizdi. Ustadlığını bu gün də davam etdirir. Yaşadığımız günlərdə aktuallaşmış köşə janrının təməlini də Mirzə Cəlil qoyub. Bizim günlərdə Mirzənin ilk yetirməsi və istedadlı davamçısı Məmməd Nazimoğlu oldu. Allah hər ikisinə rəhmət eləsin!

Amma Mirzənin təvəllüd tarixi-yaş kağızı bizə gərəkdir. Mirzə Cəlilin pasportunu Zəmanə özü yazıb. Mirzə də Zəmanənin tarixini yazıb. Yeni Zamanın - 140 yaşın mübarək olsun, Mirzə Cəlil!

 

 

Xeybər İsmayıl

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S. 12.