Etiraf
Söhbət
“Space” telekanalının yüksək reytinqli verilişindən
gedir
Mədəniyyətimizin, ədəbiyyat, incəsənət
və musiqimizin, ümumiyyətlə, cəmiyyətimizin
tanınmışlarını verilişinə dəvət
edib, bəzən onları tamam «tanınmaz» aspektdən təqdim
edən, onları «etiraf prezentasiyası»na «məhkum» edən
İlham Mirzəyevə ilk sualımız o qədər də
ürəkaçan (oxu: ürəyiniaçan) olmadı.
- Özünüz necə, tez-tezmi etiraflar edirsiz?
- Əlbəttə.
Hər bir insan etiraf etməyi bacarmalıdır. Əgər
bunu edə bilmirsə, o insan özü-özünə qarşı
məsuliyyətsizdir. Sən özündə
olanı, yaşantılarını etiraf etməsən də,
cəmiyyət kənardan görür, eşidir, duyur.
- Məsələn?
- Məsələn?..
«Açması» üçün siz məni buna
hazırlamalısınız.
- Sizin kimi psixoloq, jurnalist, televizionçu və nəhayət,
«Etiraf» etdirənçi ilə sıfırdan başlamağa
nə ehtiyac?
- Əvvəla, təşəkkür edirəm. İkincisi, deyim ki, kimsə özündə nəyisə görür və onu etiraf edirsə, bu, insanın ucalığıdır, aliliyidir. Hər insan da ali dərəcəyə çata bilmir. Yalnız etirafı bacaran insanlar o mərtəbəyə yetişir. Bəli, mən elə bu yaxınlarda etiraf etdim. Şərqiyyə Hüseynova aparıcı oldu və mən də etiraf etdim. İnanın ki, həmin söhbət çox yüksək reytinq qazandı; verilişdən sonra mənə telefon zəngləri oldu, telekanala məktublar gəldi. Bu da onu göstərir ki, səmimi etiraflar tamaşaçıların ürəyincədir. Səmimi etiraf etməyəndə alınmır. Tamaşaçı ürəkdən gələn etirafla, boğazdan gələni dərhal duyur. Artıq Azərbaycan tamaşaçısı sadəcə seyrci deyil, həm də jüridir. Ekranın o tayı ilə bu tayı arasında fərq azalıb.
- Qonaqlarınızın etiraf həddinə gəlməsi,
hisslərini səmimi olaraq bölüşməsi, bəzən
çox ağır başa gəlir, yəni onun o məqama
yetməsi üçün çox
çalışırsınız. Verilişiniz birbaşa
yayımlanmadığı üçün, təbii, siz daha
çox hiss edirsiniz ki, o səmimidir, yoxsa əksinə...
- Yox, elələri olur
ki, etiraf etmir, hətta veriliş qurtaranadək mənim
sualımı dağa-daşa salırlar. Amma elələri də
olur ki, gəlir, oturur və tam səmimi etiraflar edir. Əlbəttə,
tamaşaçı-çıxışçı «məhrəmliyi»
çərçivəsində. Bu əndazədən kənar
nüanslar şəxsin özünə, onun iç
dünyasına aiddir və mən də o qəbil «qoruqlara»
müdaxilə etməyin əleyhinəyəm. Elələri də
var ki, gəlir, sual-cavab əsnasında özü də bilmədən
açır sandığı və sonradan zəng vurur ki, o
pambığı ağartma. Ay orasını sil,
burasını kəs, daha nə bilim, nə elə. Mən isə,
təbii ki, necə var, elə də verirəm efirə.
- Siz adətən, ictimaiyyətin tanıdığı,
üzdə olan insanların etiraflarını «çəkib»
təqdim edirsiz. Bəs efirdənkənar - adi insanların
etirafları sizdə nə kimi təəssüratlar, hisslər
oyadır?
- Hər bir insan öz dərdini
onu başa düşən insana deyir. Yəni, əgər sən
qarşındakının dərd-sərini müəyyən
qədər özününkü kimi qəbul edirsənsə
və onu dinləmək bacarığına qadirsənsə,
ona düzgün yol göstərirsənsə, bunun özü
xeyirxah bir işdir. Çünki qarşındakı yüngülləşir:
dərd paylandıqca azalır, axı. Mənə -
tanınmış insanlardan əlavə - efirdən kənarda
da müraciət edirlər və mən onların - minimum
halda - ən munis dinləyicisi olur, bacardığım qədər
yol göstərirəm. Yox, demirəm ki, mən ümid yeriyəm,
«təskinlik ofisi»yəm, yox, əstəğfürullah! Sadəcə,
mən «özündən bəri bax» kimi deyimlərə biət
edən adamam. Yəni, hərdən mənim özümün
də kiməsə ürəyimi boşaltmaq ehtiyacım olur. Mən
də insanam və Allahdan başqa bizə ən doğru yol
göstərən yoxdur. Amma həyatda hər bir insanın -
«gündəlik tələbat»vari mənəvi dayağa
ehtiyacı var. Bu o demək deyil ki, kimsə sənə maddi
yardım etsin. Xeyr, mənəvi yardım anı, məqamı
var ki, «həftəloxma»dan da ötədir...
- «Etiraf» proqramı Sizin insanları etiraf etdirmə
ehtiyacınızdan yarandı, yoxsa, bütün TV-lər
üçün təbii olan tamaşaçı kapitalı gərəyindən?
- Məni daha bir etirafa
sövq etdiniz. Artıq 3 ildir ki,
apardığım «Etiraf» verilişinin ilk adı «Tale
yolları» idi. Şirkətin prezidenti dəyişdi
və hörmətli Vaqif Mustafayevin bir sıra yenilik, təşəbbüs
və təkliflərindən biri də bu oldu ki, bu
verilişin adını dəyişək.
- Üç ildə etdirdiyiniz 150 etirafdan neçəsi
yadınızda qalıb?
- Bu sualı gözləmirdim...
Çox olsa, çox olsa, barmaq hesabı qədər.
Üzgörənlik olmasın, sizin qəzetin
baş redaktoru Nigar xanım qonağım olan vaxtı etdiyi
etiraflar böyük marağa səbəb oldu. Açığı, bunu gözləmirdim.
Amma veriliş efirə gedəndən sonra tamaşaçı
zəngləri, sonsuz maraq, fikirlər... Kimsəsizlərə
mənəvi ana olan bir xanımın etiraflarında
tamaşaçı özüyçün çox maraqlı
bir «teledost» kəşf etdi. Bir neçə
belə yaddaqalan verilişimiz olub.
- İlham müəllim, bəllidir ki, verilişə
yalnız maraqlı adamları dəvət edirsiz. Sizə elə
gəlmirmi ki, onsuz da maraqlı olan o kəsləri bir az da
maraqlı etmək üçün onları mütləq
kövrəltməyə çalışırsınız?..
- Bilirsiniz, mən
psixoloqam, psixologiya elmləri namizədiyəm, illərdir ki,
bu sahə ilə məşğulam. Bilirəm ki, hansı
insanın hansı «sarı simi»nə toxunmaq lazımdır. Ən
qəddar insanın da kövrəlmə məqamı olur və
mən də məhz onu tutmağa cəhd edirəm. Çalışıram
ki, müsahibimin «yaralı yerinə» toxunub, onu kövrəldim.
İnsanın gizlinc «qapağını» açmaq
üçün kövrəltmədən incə «iksir»
yoxdur.
- Amma bu qəbil təqdimat nəticəsində, kobud səslənsə
də deyim ki, qonaqlarınızda bir «inkubasion» hal yaranır. Yəni
hamı ağlamalıdır ki... Niyə 8 milyonun içərisində
elə bir adam da olmasın ki, kövrəldilmədən etiraf
etsin?..
- Əlbəttə,
elə insanlar da var. Gəlir, oturur və elə bir mənfi
aura yaradır ki, inanırsız məni özünə
yaxın buraxmır. Nə qədər
çalışıram ki, daxili aləminə varım,
bacarmıram. Çünki həmin insanda saxtakarlıq
var, yalan geyinib palan deyinmək var.
Bəzən o insanlara
yaxınlaşmağı bacarmıram. Elə adam da var ki,
cikini də bilirsən, bikini də, amma o insan efirdə etiraf
etməməyi də bacarır və bəzən də
xahiş edir ki, keçmişimə, «filan-filana» toxunma.
- Onda bəs, elələri adı ilə hər şeyi
çığıran bu «Etiraf»a niyə gəlir?
- Elə mənim
üçün də maraqlıdır. Gəlir ki, bəs, məndən
bunu soruş, onu soruşma. Və nə gizlədim, hərdən
yol verdiyim bu sayaq xəta-veriliş efirə gedəndə
şəxsən mən baxmıram, eşidib-öyrənirəm
ki, tamaşaçılar da bir-iki kadrdan sonra baxmayıb və
belə çıxır ki, bu «veriliş»ə yalnız o «qəhrəmanın»
özü baxıb, vəssalam.
- Bəs onda biz tamaşaçıları niyə
incidirsiz?
- (Gülür) Elə
vaxt olur ki, siz yazarlar da məcbur qalıb nəsə yazır,
kimisə tərifləyirsiniz. Nəyinsə, kimlərinsə
xatirinə olur, bəzən.
- İlham müəllim, sovet mətbuatı və
televiziyası ancaq sağıcını, kolxozçunu,
pambıqçını qəzet-jurnala, efir-ekrana gətirirdi.
İndi isə onların heç biri KİV-ə yaxın
düşə bilmir. Siz bu bəlli və anormal kontrastın
acığına nə vaxtsa tanınmamış bir
adamın, qabar-qübarlı bir əməkçinin də
etirafını vermək xəyalına
düşmüsünüzmü?
- Bəli, olacaq. Bu barədə
tamaşaçılara müraciət də etmişəm ki,
maraqlı etirafları olanlara, daxili aləmləri zəngin
insanlara qapı açıqdır. Amma bir məsələni
də deyim ki, tamaşaçıların zövqü bir
balaca korlanıb. Mən istəyirəm, tutaq ki,
ömrünü elmə, sənətə həsr edən bir
akademiki gətirim studiyamıza, söhbətlərini,
etiraflarını eşidək, inanırsınız, verilişin
reytinqi o dəqiqə aşağı düşür. Amma
şou aləmindən bir nəfər cavan müğənnini
gətirim danışsın, reytinq dərhal qalxır. Deməli,
tamaşaçının zövqü korlanıb.
Özümüz də bilmədən həyatımızı
şoulaşdırmışıq.
- Bu məsələdə telekanallar günahkardı, ya
tamaşaçılar?
- Əlbəttə,
telekanallar. Çünki onlar hər şeyi reytinqə qurban
verirlər. Telekanallarda guya ki, reytinq cədvəlləri
tutulur. Amma bir də görürsünüz ki, heçə
beş verirlər, beşə heç. Deməli, bəzən mənasız verilişlər
daha çox sevilir. Açıq etiraf edirəm
ki, bəzi kanallar reytinq cədvəllərini pulla alırlar.
Yəni, ola bilməz ki, ciddi, milli,
maarifçi, tərbiyəvi veriliş sevilməsin. Amma elə bir verilişin reytinqi qalxır ki,
heç onu cəngəllik tamaşaçısına da
sırıya bilməzsən.
Gəlin etiraf
edək ki, səviyyə çox ciddi məsələdir. Bizim kanal elit
təbəqə üçündür, biz o bayağı
verilişlərdən uzağıq. Yavaş-yavaş
xırda-para qüsurlarımız da düzəlir.
- Etiraf edərsinizmi, kanalınız reytinqcə neçəncidir?
- Mən birincinin
adını çəkməyəcəyəm. Amma
xalqarası söhbət-qiymətlərdən hiss edirəm
ki, «Space» 1-dən aşağı, 2-dən yuxarıdır. Bizdə olan o saflıq, paklıq, yaradıcı
ab-hava sayəsində tezliklə baş yerə də
çatılacaq, inanıram ki, çox yaxında birinci
olacaq. Amma təkrar edirəm, hər kanalın öz
auditoriyası var; kanal var elit təbəqəyə
hesablanıb, kanal var - dükan-bazara...
- Bayaqdan elit təbəqə məsələsini
qabardırsınız. Bu məsələ son vaxtlar mediada
problemə, təhlükəli mövzuya, öcəşməyə
çevrilib. Elit təbəqənin kanalı olmaq
iddia-israrı başqa məsələdir, olmaq özü
başqa. Yəni, verilişləri kütləyə
ünvanlanan kanallar da sizin danışdığınız mərtəbədən
aşağı danışmır və aparıcısı
olduğunuz verilişin adı da Sizi daha
ölçü-biçili etirafda bulunmağa səsləyir.
- Bu dəqiqə elə
kanallar var ki, verilişlərinin böyük əksəriyyəti
mətbəx qoxuyur. Bizim kanal isə tamaşaçılarda mənəvi,
mədəni iştahlar açır. Şəxsən mənim
verilişimə baxılmasa, ya onu həmən bağlayar, ya
başqa proqramla çıxış edər, yaxud
çıxıb gedərəm.
- Dağlıq Qarabağ ermənilərindən,
torpağımızı işğal edənlərdən birini
gətirib studiyada həmsöhbətiniz etdirsəydilər,
ona bütün günahlarını etiraf etdirə bilərdinizmi?
- Onun canını da
alardım!
- Adətən, həmsöhbətlərinizi təsir
altına salırsınız. Maraqlıdır,
özünüz necə, belə vəziyyətə
düşdüyünüz olubmu?
- (Gülür) Ee, o qədər!
- Sizcə, bu söhbətdə kim kimin təsiri
altına düşdü?
- Siz məni elə təklədiz
ki, mən sizin təsiriniz altına düşdüm. «Yad» yer, 5 nəfər
jurnalistin mühasirəsi! (gülür).
- İndi, İlham müəllim səmimi etiraf etsin
görək, bu davakar müsahibəyə görə ürəyində
bizi öydü, yoxsa...
- Yox. Düzdü, mən
həmişə, necə deyərlər, başı
sığallanmış uşaq olmuşam və elə
bilirdim burada da hamı mənə xoş sözlər deyəcək.
Amma bunu da bilirəm ki, jurnalistlərin ipinin üstünə
odun yığmaq mümkün deyil. Bütün bunlara baxmayaraq,
mən sizə təşəkkür edir və uğurlar
arzulayıram. Məni də az-çox etiraf etdirdiniz və mənən
rahatlaşdım.
A.Tahir
Mədəniyyət.- 2009.- 25 fevral.- S. 13.