Keçmiş və gələcək...
Sumqayıt
teatrının yozumunda
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət
Musiqili Dram Teatrı ictimai-siyasi döngələrdə, uzun
illər «olum, ya ölüm» dilemmasının gərdişlərində
zillətlər çəksə də, bu gün
yaradıcı heyəti çox optimist əhvaldadır.
Teatrın baş
rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmov
dünya dramaturgiyasına müraciət edib. Nobel
mükafatı laureatı Yudcin O Nilin «Qaraağaclar altında
məhəbbət» psixoloji dramı rejissorun yozumunda öz yeni
səhnə həyatını yaşadı.
Bəri başdan deyək
ki, monumentlal süjet xəttinə malik pyes rejissorun
traktovkasında kamera teatrı prinsiplərinə
uyğunlaşdırılıb. Qəddar atanın yalnız
bir oğlu ilə ünsiyyəti saxlanılıb, digər
övladlarının iştirakı rejissor tərəfindən
ixtisara düşüb. Amma mövcud ixtisar ali məqsəd və
ideyaya xələl gətirmir, əksinə, qoyulan mövzunun,
ümumbəşəri düşüncənin daha tez və
rahat qavranılmasına imkan verir. Lirik-psixoloji ovqatda ərsəyə
gələn tamaşa atalar və oğullar problemini gundəmə
gətirir.
Efroim Kebot ferma sahibi,
mal-mülk yiyəsi, üç oğul atasıdır. Fəqət,
evdə hökmranlığı əldən vermək istəmir,
övladlarını adam yerinə saymır. Arvadlarını
çərlədib öldürdükdən sonra gənc
xanıma aşiq olur. Onu evinə gətirir.
Efroim - əməkdar
artist Məzahir Süleymanovun təqdimatında ləyaqəti
qəddarlıqda görən, bütün hallarda
üstünlüyü ağla, təmkinə yox, zora və
qışqırtıya verən hegemon ailə
başçısıdır. O, arvadı və oğlu tərəfindən
aldadılıb maymaq yerinə qoyulanda da, qonaqlıqdakı gənclərin
ironiya oxlarına tuş gələndə də
özünü güclü və qalib kimi aparır. Fəqət,
fakt zalımdır. Nəticədə tamaşaçı
yalnız mənasız, məzmunsuz şərə xidmət
üçün yararlı olan gücün faciəsini
görür. Özünü hamıdan üstün,
qoçaq, söz yiyəsi sayan despotun ikrah və
gülüş doğuran acı taleyini Məzahir Süleymaov
ən incə detallar, xüsusi mizanlar və səhnə
texnikası ilə ortaya qoya bilir.
Elbin - anasının
ruhunu hiss etməklə toxtaqlıq tapan, atasının əndazədən
çıxmış özbaşınalığından
bezmiş, zəhmətkeş, qəlbi təmiz bir gəncdir.
Atasının yeni arvad
gətirməyi onu təbdən çıxarır, qaysaq
bağlamış yarasını qoparır.
Amma... düşmən
kimi, anasının ruhuna hörmətsizlik rəmzi kimi
qarşılanan Abbi isə elə ilk baxışda onun qəlbini
əsir edir.
Saatyarımlıq zaman
içində gənc istedadlı aktyor Rauf Ağakişiyev
Ebbinin böyük, saf məhəbbət qarşısında əriməsini,
dəyişməsini, ikiləşməsini zərrə-zərrə,
xarakterik cizgilərlə verir. Sadəlövhlük və təmizlik,
cəsarət və xəyanət, ana sevgisi və ehtiras, ata
qorxusu və məhəbbət təşnəsi -
bütövlükdə Elbinin qəlbini təbəddülatlar
girincliyində karıxdıran bu məqamları aktyor parlaq rənglərlə
təqdim edir. Bütün bu çalpaşıq,
dolaşıq duyğular Elbini sıxır, incidir, haldan-hala
salır. Rauf Ağakişiyevin lirik-psixoloji üsluba uyğun
oyun tərzi obrazı tamamlamağa imkan verir.
Abbi - kimsəsiz,
kasıb, zavallı, qulluqçu olsa da, Efroimə rast gələndə
əbədi səadətə qovuşduğunu zənn edir. O,
hiyləgərdir, məkrlidir. Amma bu məkr xislətdən
doğmur, qorxudan, güc-bəla ilə
çatdığı rahatlığı itirmək xofundan
formalaşır. Efroimə uşaq doğacağı halda
mülkə yiyə çıxmaq sevdası onu yüz cür
hiyləyə sövq edir. Elbindən oğul doğmaq naminə
istifadə etsə də, finalda məqsədli məhəbbətinin
əsl sevgiyə çevrildiyini görür və iztirab
çəkir. Aktrisa Xatirə Süleymanova məkrdən məhəbbətə
gələn yolun səhnə trayektoriyasını apaydın
cıza bilib.
Quruluşçu rejissor
müəllif ideyası ilə əməkdar rəssam
Mübariz Gəncəlinin bədii tərtibatını öz
yozumu ilə daha aydın spektrdə gerçəkləşdirə
bilib.
Elbinin mübarizə
taktikası düzgün seçilməyib, sevgi nəğməsini
əxlaqsızlıq üstündə
pıçıldayıb. Abbi onu həyatın dibindən
çəkib işıqlığa çıxaran ərinə
xəyanət edib. Ona görə də bu sevgi məhvə məhkumdur.
Səhnə-zal
münasibəti, tamaşaçı ilə ünsiyyət,
xüsusilə finaldakı müraciətlər rejissor tərəfindən
elə qurulub ki, sanki hadisələri izləyib mənəviyyatsızlığa
«yox» deyən tamaşaçı özü hökm
çıxardır, qəhrəmanları cəzalandırır.
Ümumiyyətlə,
qaraağaclar altında yaranan məhəbbət
barsızlığın rəmzini ehtiva edir. Elbinin
anasının ruhu dolaşan otaq keçmişdirsə,
oğru sevgidən bic doğulan uşaq gələcəkdir. Fəqət,
uşaq ölür - bu məhəbbətin sabahı yoxdur, bu
sevgi yaşamaq haqqından məhrumdur.
Müəllifin və
ona həmfikir çıxan rejissorun cəzası sərtdir. Həyatının
mənasını hegemonluqda görən ata işgəncə
tabutunda çabalayır, tənhalıq hücrəsinə
çəkilir.
Xəyanətkar Abbi əxlaqsızlığının
acısını dadır, zindan həyatına doğru
addımlayır.
Keçmişinin
nostalgiyası ilə yaşayan Elbin gələcəyindən
də əl üzür.
Kütləvi səhnələrdə
sezilən karnaval estetikası da əsərə xüsusi
gözəllik verir.
Zənnimizcə, Səxavət
Məmmədovun tərcümə etdiyi bu əsərin səhnə
həlli də çox aktual alınıb.
Hafiz
İmamnəzərli
Mədəniyyət.-
2009.- 25 fevral.- S. 14.