Əbülfəs Qarayev Kubada səfərdədir
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Kuba Respublikasının mədəniyyət və turizm
nazirlərinin dəvətinə əsasən 2009-cu il
fevralın 24-dən Kuba Respublikasında səfərdədir. Nazirliyin
mətbuat xidmətindən verilən məlumata görə, səfər
müddətində iki ölkə arasında mədəniyyət
və turizm sahələrində əməkdaşlığın
inkişafı, eləcə də müxtəlif istiqamətlərdə
əlaqələrin genişləndirilməsi məsələləri
müzakirə ediləcək. Mart ayının 3-dək
planlaşdırılan səfər müddətində turizm
sahəsində əməkdaşlığa dair saziş
imzalanması nəzərdə da tutulur. Bu barədə
razılıq 2007-ci il noyabrın 30-da Havana şəhərində
keçirilən Azərbaycanla Kuba arasında Hökumətlərarası
Komissiyanın I iclasında əldə edilib. Nazirin səfər
proqramına Hökumətlərarası Komissiyanın Kuba tərəfindən
həmsədri ilə görüş və komissiyanın
ikinci iclasının konkret tarixinin müəyyənləşdirilməsi
də daxildir.
Xatırladaq ki, nazir Ə.
Qarayev Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2009-cu il
tarixli sərəncamına əsasən Azərbaycan
Respublikası və Kuba Respublikası arasında əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən həmsədri təyin
olunub.
Mədəniyyət.- 2009.- 25 fevral.- S.1.