Balacaların qan yaddaşı
Erməni hərbi qüvvələrinin Dağlıq
Qarabağdakı kiçik bir Azərbaycan şəhərini yerlə yeksan etdikləri və dinc
sakinlərə qarşı soyqırım törtədikləri
o dəhşətli gecədən 17 il keçir. Bu vandalizm aktı Ermənistanın
Azərbaycana hərbi təcavüzünün ən qanlı
səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə ermənilər yüzlərlə azərbaycanlını
- Xocalı sakinini amansızcasına qətlə
yetirərək, hər kəsə erməni millətçiliyinin
əsl mənfur simasını göstərdi. Bu
qanlı cinayətin icrasında Ermənistan
Respublikasının ordusu və Dağlıq
Qarabağ separatçıları ilə
yanaşı, Xankəndində yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da iştirak edirdi. Bu alayn
tərkibinin böyük hissəsi erməni
hərbçilərindən ibarət idi.
Erməni faşistlərinin Azərbaycan
xalqına qarşı XX əsrdən başladıqları məqsədyönlü
soyqırım, terror, demoqrafiya
və etnik təmizləmə siyasətinin
ardı olmaqla, daha bir qanlı səhifəsi oldu.
Qətliam nəticəsində ən
ağlasığmaz təcavüzlərə məruz qalan minlərlə soydaşımız
arasında hələ dünyanın keşməkeşlərindən
xəbərsiz, ağzı süd qoxulu körpələr, məsum uşaqlar da var idi.
Elə Bakı Xoreoqrafiya Məktəbində
düzənlənən «Qan
yaddaşımız» adlı tədbir də
xalqımızın 17 ildə qaysaq bağlamayan Xocalı yarasına həsr olunmuşdu. Məktəbin III və
IV sinif şagirdlərinin təqdimatında
səslənən şeirlər, deyilən bayatılar, oxunan mahnılar xalqımızın məruz
qaldığı bu qanlı aktı tam təsvir edir, faciənin
miqyasını bir daha
göz önünə gətirirdi. Məktəb şagirdlərinin məsum
çöhrəsindən, təmiz gözlərindən,
ilıq nəfəslərindən bu an sanki od,
alov yağırdı. Hər dəfə
«Vətən», «Azərbaycan», «Xocalı», «Millət», «Faciə»,
«Sönən ocaqlar», «Qırılan
körpələr»… sözlərini dərin kədər,
qəhər və hiddətlə təkrarlayan balacalar
sanki bir sipərə,
oda, atəşə
dönmüşdülər. «Biz
Xocalı qurbanlarının, şəhid olan
analarımızın, atalarımızın, bacı və
qardaşlarımızın, dağıdılan şəhərimizin,
sönən ocaqlarımızın intiqamını
alacağıq, mütləq alacağıq», - deyib
yumruqlarını sıxan və baxışlarını bir nöqtəyə zilləyən balacalar tədbir
iştirakçılarını heyrətə gətirmişdi.
Məktəbin II sinif (rus bölməsi) şagirdlərinin
Xocalıda öldürülən körpələrə həsr
etdikləri kompozisiya onların vətən
sevgisindən, yurd həsrətindən xəbər
verirdi.
Məktəblilərin xorla
ifa etdikləri «Əsgər
marşı»nın sədaları altında əllərində
dalğalandırdıqları üçrəngli
bayrağımız, əyinlərinə geyindikləri hərbi
paltar və dillərindən qopan «vətən», «millət» kəlmələri
onların sırf bu ruhda
tərbiyəsi işinin yüksək
səviyyədə aparıldığını, onların vətənə
sevgi ruhunda tərbiyələndiyinin
göstəricisi idi.
Təhsil ocağının direktoru
Neylufər Kərimova belə tədbirlərin daim
keçirildiyini və hər zaman şagirdlərin təqdimatında maraqla qarşılandığını dedi: «Aşağı sinif
şagirdlərinin bu tədbiri qeyd etməsi heç də
təsadüfi deyil. Çünki
uşaqlar əlifbanı öyrənəndən
sonra tariximizi də
bilməlidirlər. Ona görə də ibtidai siniflərdə bu tədbiri
geniş formada keçiririk. Bakı Xoreoqrafiya Məktəbində oxuyan
bütün tələbələr əlbəttə
ki, bu mərasimlərdə
iştirak edir və
ağrılı tarixi günümüzdə
xalqımızın bütün nümayəndələrinə
qoşulub faciə qurbanlarını ehtiramla yad edirlər.
Axı bu dərd, bu kədər
yaşından asılı olmayaraq,
bütünlükdə Azərbaycan xalqının
ağrısı, acısı, kədəridir».
Həmidə
Mədəniyyət. - 2009.- 27 fevral.- S.2.