Xocalı şəhidlərinə ehtiram

 

Fevralın 25-də Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası, Türkiyənın “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkil etdiyi Xocalı soyqırımının anım günü tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin baş məsləhətçisi Ahmet Tecim açdı və bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi.

Sonra çıxış edənlər - Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin 1-ci müavini Erkan Özoral, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ramiz Mirzəyev, Milli Məclisin deputatı Elman Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev Dağlıq Qarabağ münaqişəsi dövründə ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım barədə ürək ağrısı ilə söz açdılar.

Görüşün sonunda əvvəlcədən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocalı rayon şöbəsi tərəfindən Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə təqdim olunmuş siyahı əsasında 150-dən çox şəhid ailəsinə yardım sovqatı paylandı.

Bu bir yardım deyil, sadəcə Xocalı sakinlərinə göstərilən diqqətin nümunəsidir. 

 

 

Səbinə

 

Mədəniyyət.- 2009.- 27 fevral.- S. 2.