Şəhid şəhər
- Xocalı
R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyi fevralın 25-də H.Əliyev adına Ali Hərbi Məktəbdə
Xocalı faciəsinin ildönümünə həsr
edilmiş tədbir keçirdi.
Mərasimi giriş
sözü ilə H.Əliyev adına Ali Hərbi Məktəbin
nümayəndəsi, kapitan İsmiyyət Kərimov
açdı. Azərbaycan Dövlət İncəsənət
Muzeyi direktorunun müavini Elmira Qasımova Xocalı
soyqırımını XX əsrin faciəsi adlandıraraq
bildirdi: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən
dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan
xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalmışdır. Azərbaycanlıların öz
tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də
davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150
min azərbaycanlı deportasiya olunmuş, ölkəmizin
Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci
ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı
bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə
çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında
başlayan hadisələr erməni ideoloqlarının "Dənizdən
dənizə - Ermənistan" adlı sərsəm bir
ideyasını reallaşdırmaq cəhdi kəndlərin,
şəhərlərin dağılması, minlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin düşməsi ilə
nəticələndi. Bütün beynəlxalq hüquq
normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq
Qarabağı özünə birləşdirmək istəyir,
bu yolda bütün cinəyət və vəhşiliyə
hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin
faciəsi olan Xocalı soyqırımı bu aqressiv və
cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin
sonunda baş vermiş bu faciə təkcə Azərbaycan
xalqına deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir.
Xocalıda istifadəsi
qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi
silahlardan istifadə edilmişdir. Xocalı sakini Səriyyə
Talıbova danışırdı ki, 4 Mesheti türkü və
3 azərbaycanlının erməni qəbrinin üzərində
başını kəsdilər. Sonra
daha 2 azərbaycanlının
gözlərini çıxartdılar».
Bakı Dövlət
Universitetinin dosenti, tarix elmlər namizədi Atamoğlan Məmmədli
tarixi faktlarla ermənilərin Qafqaza ümumiyyətlə gəlmə
olduğunu qeyd etdi: «Mən bu barədə “Gəlmələr”
adlı kitab hazırlamışam. Bu kitabda ermənilərin
öz tarixi mənbləri ilə ifşa etmişəm.
Xocalı faciəsi təsadüfi hadisə deyildir. Bu, iki
yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin
Azərbaycan xalqına qarşı yürütdüyü
soyqırım və etnik təmizləmə siyasətinin tərkib
hissəsi idi. Hələ XIX əsrdən başlayaraq,
Türkmənçay müqaviləsindən dərhal sonra Naxçıvan
və İrəvan xanlıqları hesabına
yaradılmış erməni vilayətinin ərazisi sonra
getdikcə Azərbaycan torpaqları hesabına genişləndirilmiş
və nəticədə bugünkü Ermənistan
Respublikası yaradılmışdır. XX əsrdə Azərbaycan
xalqına qarşı dəfələrlə kütləvi
deportasiya və soyqırımı aksiyaları törədilmiş
və bütün azərbaycanlılar Qərbi Azərbaycandan
- əzəli torpaqlarından zorla
çıxarılmışdır. Ermənilərin
Xocalı şəhərini hədəfə almaqda məqsədlərindən
biri də o idi ki, bu şəhər Azərbaycan tarixinin qədim
dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə
əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə
Xocalı-Gədəbəy mədəniyyəti kimi
düşmüşdür. Xocalının kromlexləri,
dolmenləri, siklopları, kurqanları və digər abidələri,
həmçinin müxtəlif növ məişət əşyaları
insan cəmiyyətinin inkişaf dinamikasını
özündə əks etdirən maddi-mədəniyyət
nümunələridir. Erməni işğalından sonra
bütün bu maddi mədəniyyət abidələrinin məhv
edilməsi və dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığının texnika
vasitəsiylə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır».
Xocalı
qaçqınlarının BMT, Avropa İttifaqı və
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
müraciətində deyilir: “Artıq 10 ildən artıqdır
ki, biz, qaçqın vəziyyətinə
düşmüş xocalılar, ürək ağrısı
və eyni zamanda böyük ümidlə bütün
dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara
müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi
təcavüzü nəticəsində bizim
başımıza gələn bəlaya laqeyd
qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT,
Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq
təşkilatları, sülhsevər ölkələri Ermənistan
kimi dövlətin belə təcavüzkarlığına və
özbaşınalığına qarşı tədbir
görəcəklər.
Dünyada qəbul
olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir,
yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı
1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq
edilməsi və cəzalandırılması"
konvensiyasını rəhbər tutaraq, Ermənistan
Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində
iddia qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilmişdir. Bu gün Ermənistanda
mühüm dövlət postları tutanlar - Seyran Ohanyan, Serj
Sarkisyan, eləcə də Robert Köçəryan və
başqaları baş vermiş soyqırımın
günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidir”.
Daha sonra AYB üzvü,
Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər”
poemasının müəllifi Ələmdar Quluzadə,
Xocalı mövzusunda silsilə əsərlər müəllifi
rəssam Vaqif Ucatay, “Sonsuz erməni vandalizminin iç
üzü” kitabının müəllifi, Qarabağ
müharibəsi əlili Məhərrəm Zamanlı öz
fikirlərini söylədilər.
Tədbirdə ulu öndər
H.Əliyevin Xocalı soyqırımı haqda sözləri
yazılmış lövhə və mövzuya müvafiq rəsm
əsərləri - Vaqif Ucatayın “Xocalı”, Kərim Cəlalın
“Zaman izi”, “Biçarə həmvətənlər”, Ceyhun
Qurbanzadənin “Ana fəryadı” və Cavid Əhədovun
“Qaçqın düşərgəsi” rəngkarlıq nümunələri
sərgiləndi.
Tədbirin sonunda
Şuşa Mədəni-Maarif Texnikumu tələbələrinin
ifasında ədəbi-musiqili kompozisiya təqdim olundu.
Turan
Mədəniyyət.- 2009.- 27 fevral.- S. 3.