«Bir avtoqrafın sirri»

 

Nə vaxtsa, haradasa bu əsər səslənib. Nə vaxtsa, haradasa bu əsər səslənəcək. Və nə qədər səslənsə də, bu əsər öz təravətini itirməyəcək. Çünki bu əsər bəşəri bir bəstəkarın qələminin məhsuludur. O, Fridrıx Şopendir. Fa minar balladasını, dördüncü skretso, neçə-neçə prelüdləri, noktürüləri və başqa əsərləri ilə dünya klassik musiqisinə zənginlik gətirən bu ölməz bəstəkarın gələn il anadan olmasının 200 illiyi bütün dünyada qeyd ediləcək.

Fevralın 24-də L. və M.Rostropoviçlərin ev-muzeyinə gələnlər Şopen musiqisinin işığına toplaşmışdılar. Burada ilk dəfə onun Leopold Rostropoviçin şəxsi kitabxanasından tapılmış və onun öz əli ilə yazılmış avtoqrafı olan «Şopenin avtoqrafı» əsəri ifa olunacaqdı. Eyni zamanda L.Rostropoviçin anadan olmasının 117-ci ildönümü qeyd ediləcəkdi.

Bəs bu iki şəxsiyyəti bir-birinə bağlayan nə idi? L.Rostropoviçin polyak musiqisinə marağı haradan yaranmışdı? Onun polyak musiqisinə maraq göstərməsi təsadüfi deyildi. Bu nəslin kökü XVII əsrdə Polşa ilə əlaqəli olmuşdur. İndi də onun qohumları orada yaşayırlar. Ulu babası İosif Rostropoviç Polşada yaşamış, dünyasını dəyişdikdən sonra Şopenin valideynləri dəfn olunan qəbiristanlıqda basdırılmışdır. Hətta o, 1851-ci ildə Varşavada zadəgan tituluna layiq görülmüşdür.

Klassik musiqinin nəhənglərindən olan F.Şopenin yazdığı «Şopenin avtoqrafı» adlanan əsərin maraqlı tarixçəsi var. Böyük bəstəkar bu əsəri 1843-cü ildə rus qrafinyası Anna Şeremetiyevanın şərəfinə yazmışdır. Şopenin yaradıcılığına böyük maraq göstərən görkəmli bəstəkar, violonçel və fortepiano ustası L.Rostropoviç bu məşhur əsərin notlarını öz kitabxanasına gətirir və dönə-dönə ifa edir.

M.L.Rostropoviç öz xatirələrində yazmışdı: «Mənim atam çox talantlı bir ifaçı idi. O, Şopenin əsərlərini əvvəlcə royalda, sonra isə eyni həvəslə violonçeldə səsləndirirdi. Mən atam kimi çala bilmirdim. Çünki mənim atam böyük musiqiçi idi».

Tədbirin gedişində bütün bunlar barədə qonaqlara muzeyin direktoru Şeyla Heydərova və elmi işçi Arzu Əkbərova məlumat verdilər.

Sonra Bakı Musiqi Akademiyasının tələbələri «Şopenin avtoqrafı» əsərini ilk dəfə olaraq ifa etdilər.  

 

 

Fərahim Şükürov

 

Mədəniyyət.- 2009.- 27 fevral.- S. 6.