Ağdaşın ağ günləri
Maşınımız Ağdaşa
yaxınlaşırdı. Təqvimdə fevral
ayı olsa da, hava günəşli idi. Uzun illər tez-tez ezamiyyətdə
olduğum rayonlarla
Ağdaşı müqayisə edəndə, qəribə bir bənzətmə yadıma düşdü:
adətən kənddə sakit,
başıaşağı, üzüyola
bir adamdan söz düşəndə deyirlər: «Filankəs
quzu kimi bir adamdır». Bu yanaşma, bu
düşüncə bəlkə də, deyək ki, qonşu
Göyçayı və Yevlax
rayonları ilə müqayisədə, Ağdaşda
sənaye müəssisələrinin azlığı, bu qədim Ərəş torpağında
tarixən əkin-biçinin daha çox yayılması fikrindən
qaynaqlanırdı. Bəlkə də bu, ətrafdakı
rayonlardan fərqli olaraq,
Ağdaşda dini
ocaqların çoxluğu ilə
bağlıdır. Bilmirəm. Hər halda,
Ağdaşın obrazı beynimdə bu cür canlanırdı. Elə bu
düşüncələrlə də Ağdaşa
çatdım.
Rayon Mədəniyyət
və Turizm Şöbəsinə getməli
idim, Ağdaşın
mədəni həyatından
yazı hazırlamaq arzusu ilə gəlmişdim bura. Rayon mərkəzini təklikdə
gəzməyi qərarlaşdırdım. Bu
fikrə gəlməyim, düzünü
desəm, bəlkə də jurnalist
marağından daha çox,
havanın gözəl olması ilə bağlı idi. Bir də ki, küçə-meydan,
ətrafdakı binaların, rayon mərkəzindəki
nəhəng və yaşıl parkın abadlığı bir sözlə, ətrafdakı gözoxşayan, adama
rahatlıq və xoş ovqat
gətirən mənzərə, artıq Ağdaşdan
hazırlayacağım yazının əsas cizgilərini
beynimdə cızmışdı. Əlbəttə, elə
böyük iqtisadi
potensialı olmayan bir
rayonda bu
abadlığı görmək ürək sevindirir.
Daş plitələr döşənmiş,
səliqəli səkilərdən tutmuş,
fasadları zövqlə rənglənmiş binalar,
yol boyu
yaşıllıqlara kimi, burada
hər qarış, Ağdaşdakı işgüzar,
sağlam mühitdən xəbər verir. Mübaliğəsiz deyirəm: bu rayon regionların sosial-iqtisadi inkişafının əyani
nümunəsidi. Oxucularımı arxayın edirəm: Ağdaşa gələn hər kəs burda gördüklərinin, mənim
yazdıqlarımdan qat-qat yuxarı olduğunu elə ilk
baxışdaca təsdiqləyər...
Təxminən 10-12 əvvəlin söhbətidir. Ağdaş rayon mərkəzində ölməz şairmiz M.Füzulinin
heykəlinin açılış mərasimi idi.
Şair, yazıçılar, millət vəkilləri,
incəsənət xadimləri və rayon
ziyalılarının iştirak etdiyi o tədbirdə akademik Bəkir Nəbiyev də
çıxış etdi. Füzuli
dühasından heyranlıqla danışan alim,
müstəqil dövlətin millət üçün
ən böyük, əvəzedilməz sərvət
olduğunu, böyük
işlərə imza atmağın, tərəqqi
yolunun müstəqillikdən,
azadlıqdan keçdiyini dilə gətirdi.
O tədbiri mən söz xatirinə
xatırlamadım. Onda ulu
öndərimiz Heydər Əliyevin böyük
siyasi iradəsi və səyi ilə
dövlətçiliyimizin təməl sütunları qoyulurdu. Böyük sosial-iqtisadi islahatlar həyata
keçirilirdi. Dağılmış iqtisadi strukturlar bərpa olunur, yeniləri qurulurdu. Onda, o çətin illərdə
büdcəmizin kasadlığı bir çox sosial, mədəni
proqramların, geniş tikinti
- quruculuq işlərinin gerçəkləşdirilməsinə
imkan vermirdi. Lakin ümumi istiqamətin,
siyasi kursun düzgünlüyü Azərbaycanın həyatında
başlanacaq firavan mərhələnin
uzaqda olmadığına sarsılmaz bir inam yaradırdı. Tarix, doğrudan da, yanılmadığımızı sübut etdi. Elə təkcə
Ağdaşın 10-12 il əvvəli ilə
bu gününü
müqayisə edəndə, bu həqiqət
bir daha təsdiqlənir.
Oxucularımıza onu da xatırladım ki, adamda Ağdaş rayon mərkəzinə girişdən başlayan xoş təəssürat,
şəhərin bütün
küçə və meydanlarında davam
edir. Heç yerdə
şəhərin abad, işıqlı
palitrasında sönük, soyuq rəngə rast gəlmək
mümkün deyil.
Ağdaş Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Tahir Əliyevlə iş
otağında görüşdüm:
- Bir həftədir xəstələnmişdim,
- müsahibimin bildirir,
- ancaq evdə qala
bilmirəm, işsiz darıxıram.
Təzəcə tanış olduğum
Tahir müəllimin bu
sözləri məndə onun haqqında ilk təsəvvür yaradır: o, bu sahədə
çoxdandı işləyir və işinin
fanatikidir. Sonradan
öyrənəcəyəm ki, Tahir Əliyev 30 ilə yaxındır ki, Mədəniyyət və Turizm
Şöbəsinə rəhbərlik edir.
Arada yuxarı vəzifəyə irəli
çəkilsə də, orada çox qərar tuta bilməyib,
yenə də əvvəlki iş yerinə
qayıdıb. Açığını desək, maliyyə,
səhiyyə, təhsil və digər strukturlardan
fərqli olaraq, Mədəniyyət və
Turizm Şöbəsinin maddi
imkanları çox
aşağıdır. Təbii ki, bu sahədə işləmək üçün gərək işini
sevəsən. Tahir müəllim çay gətizdirir, mən isə onun sözə başlamasını gözləyirəm:
- Bilirsiniz, iqtisadi
inkişaf olmasa, mədəniyyətin
inkişafından danışmaq artıqdır. Bir də ki, mədəniyyətə
mütləq dövlət qayğısı olmalıdır.
Dövlət bizə dəstək verməsə, heç nə edə bilmərik. Allaha şükür ki, son illər mədəniyyətimizin
inkişafı üçün böyük işlər görülür.
Millətin inkişafının göstəricisi olan bu vacib
sahəyə heç vaxt
bu qədər diqqət və
qayğı olmayıb, bu qədər çox maliyyə vəsaiti ayrılmayıb.
Təbii ki, ölkə rəhbərliyinin
mədəniyyətə göstərdiyi bu
yüksək münasibət bizi çox sevindirir. Həmçinin
H.Əliyev Fondunun bu
istiqamətdəki fəaliyyətini də yada
salmasam, insafsızlıq olar.
Elə təkcə bir fakt deyim. Ötən il böyük sənətkarımız
Habil Əliyevin 80 illiyi
ilə əlaqədar H.Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Ağdaş
rayon mərkəzində üçmərtəbəli
uşaq musiqi məktəbinin tikintisinə
başlanıldı. Binanın inşası yaxın aylarda başa çatacaq. Bu məktəb
Habil Əliyevin adını
daşıyacaq. Bu ilin
mayında, ulu öndərimizin ad günü ərəfəsində
məktəbin açılışı olacaq.
Sənətə, sənətkara bundan da böyük hörmət,
bundan da böyük qiymət olarmı?
Tahir müəllimin dediklərini
başımın işarəsi ilə təsdiq etməklə,
dəftərçəmdə bəzi faktları da qeyd etməyi unutmurdum. Qeyd dəftərçəmdən:
Ağdaşda 149 mədəni-maarif müəssisəsi
var. Burada çalışan 516 nəfərin 426-sı
qadındır. Ötən il rayon Mədəniyyət evi,
Ləki qəsəbə Uşaq Musiqi Məktəbi, rayon
Tarix-diyarşünaslıq Muzeyi, Mərkəziləşdirilmiş
Kitabxana Sistemi, Heydər
Əliyev Muzeyi, Mədəniyyət və
Turizm Şöbəsinin inzibati
binası, Aşağı Ləki, Pirəzə,
Şəmsabad kənd Mədəniyyət evlərində, Qarağan - Şıxlar, Aşağı Zeynəddin
kənd klublarında əsaslı və cari
təmir işləri aparılıb. İl
ərzində tarixi hadisələr və bayramlar, habelə yubileylərlə
bağlı tədbirlər keçirilib.
Şəhər və kənd mədəniyyət
müəssisələrində 20 Yanvar - Milli Matəm Gününə həsr olunmuş anım mərasimləri, rayon Mədəniyyət evində ədəbi-bədii
kompozisiya, Mərkəzi Kitabxana
Sistemində «Müdhiş gecə»,
Tarix-diyarşünaslıq muzeyində «Şəhidlər unudulmur», şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində «Qara Yanvar», Gənclər
Kitabxanasında «Vətən uğrunda
canından keçdilər», şəhər 65 saylı filial kitabxanasında «Ağla,
qərənfil, ağla», Hüşün,
Yenikənd, Pirkəkə kənd kitabxanalarında «Əbədiyyət
zirvəsi» mövzusunda mühazirə və
sərgilər təşkil olunub.
Keçən ilin fevralında
dünyaşöhrətli bəstəkarımız Q.Qarayevin anadan
olmasının 90 illiyi münasibətilə
şəhər və Ləki uşaq musiqi məktəblərində tədbirlər
keçirilib.
Xocalı faciəsi ilə bağlı bütün
mədəniyyət müəssisələrində anım mərasimləri,
sərgilər təşkil olunub.
Novruz bayramı günlərində
şəhərin müxtəlif yerlərində konsert və tamaşalardan
ibarət rəngarəng proqramlar nümayiş etdirilib.
31 Mart - Azərbaycanlıların
Soyqırım Günü ilə əlaqədar
çoxsaylı mərasimlər keçirilib.
Müstəqil Azərbaycanın qurucusu,
xalqımızın ümummilli lideri H.Əliyevin anadan
olmasının 85 illik yubileyi
rayonun bütün mədəniyyət
müəssisələrində geniş qeyd olunub.
Ötən il mayın
7-də rayon Mədəniyyət evində
ulu öndərin 85 illiyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan
mədəniyyəti» mövzusunda elmi-praktik konfransda mədəniyyətimizin
hamisi H.Əliyevin hakimiyyəti
dövründə mədəniyyət və incəsənətimizə
verilən yüksək qiymətdən söz
açılıb, ümummilli liderin layiqli
davamçısı, prezident İlham Əliyevin yürütdüyü
məqsədyönlü siyasət nəticəsində bütün sferalarda olduğu kimi, mədəniyyət
sahəsində də olan dinamik
inkişafdan danışılıb.
2008-ci ilin mayın 10-da Heydər
Əliyev adına Mədəniyyət və İstirahət
parkında ümummilli liderimizin
abidəsi önünə gül-çiçək dəstləri
qoyulmuş, ulu öndərin
xatirəsi yad edilib. Həmin
gün parkda təntənəli
konsert və el şənlikləri
təşkil olunub.
Keçən il
mayın 16-da Ağdaş
torpağının yetirməsi, “Şöhrət” və «İstiqlal» ordenli, Prezident təqaüdçüsü,
respublikanın xalq artisti,
əvəzsiz kaman ustası Habil Əliyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub. İyunun
27-də Ağdaş Rayon
Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
yazıçı-publisist, ədəbiyyatşünas,
istedadlı alim və pedaqoq
Mir Cəlal Paşayevin
anadan olmasının 100 illik
yubileyi münasibətilə rayon İcra Hakimiyyətinin
məsul işçiləri ilə oxucu
konfransı keçirilib...
Təbii ki, yuxarıda
sadaladıqlarım Ağdaş rayon Mədəniyyət və Turizm
şöbəsinin il ərzində gördüyü işlərin bir qismidir. Bu
şöbənin tabeliyindəki mədəni-maarif müəssisələrinin
fəaliyyəti, əlbəttə, bir qəzet
səhifəsinə sığan deyil. Bir də ki, məsəl var, deyərlər: Duzun
tamını bilmək üçün ondan bircə çimdik dadmaq bəs eləyir. Ağdaşın mədəni
həyatı ilə bağlı qeydlərimə də elə
bu məsəllə nöqtə qoymaq istəyirəm.
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət. - 2009.- 27 fevral.- S.7.