50 ilin «Halay»ı
Doğma yurdumuz Azərbaycan dinlərarası,
mədəniyyətlərarası tolerantlıq,
dözümlülük ocağı olaraq bütün
dünyada tanınır. Azərbaycanda yaşayan bütün
xalqlar tarixən birgə yaşayış şəraitində
özlərinə məxsus milli-mədəni, folklor ənənələrini
qoruyub saxlamışdır. Azsaylı xalqların əlvan
folkloru Azərbaycanın mənəvi mədəniyyətinin
ayrılmaz tərkib hissəsini təşkil edir. Ölkədə
milli azlıqların dil, təhsil, mədəniyyət
hüquqları ən yüksək səviyyədə qorunur. Burada
yaşayan tat, udin, kürd, talış, ləzgi, avar və b.
xalqlar öz adət-ənənələrini qorumaq
imkanına, folklorunu yaşatmaq hüququna malikdir.
«Halay» -
folklorun qoruyucusu
Belə etnik qruplardan
olan - əsasən Azərbaycan Respublikasının cənub-şərq
hissəsində yerləşən Lənkəran, Astara,
Masallı və Lerik rayonlarında yaşayan
talışların özünəməxsus musiqisi ənənələri
çoxlarına məlumdur. Regionun folklor xəzinəsi, demək
olar ki, bütün XX əsrdə bir sıra tədqiqatçıların
diqqətini özünə cəlb etmişdir. Dahi bəstəkar
Üzeyir bəy Lənkəran və ətraf rayonlarda
yayılmış xor oxumalarına diqqət vermiş, məsləkdaşı
Müslüm Maqomayev ömrünün burada keçən
çağlarında məhəlli folklor nümunələri
ilə yaxından tanış olmuşdur. Qeyd edək ki,
bölgənin folklor nümunələrini Azərbaycan milli
musiqisindən ayırmaq asan deyil. Talış folklor musiqisi Azərbaycan
xalq musiqisi ilə üzvü şəkildə
qaynayıb-qarışmışdır və onları
bir-birindən ayırmaq bəzən heç mümkün
olmur.
Astara və Lənkəranda
əhalinin böyük hissəsini talışlar təşkil
edirsə, Masallı və Lerikdə həm talış, həm
azərbaycanlı kəndləri vardır. Üz tutduğumuz
məkanda - Masallı rayonunda biz yerli folklorun qorunub
saxlanıldığının da şahidi olduq. Bölgənin
folklorunu yaşadan qızlardan ibarət «Halay» ansamblı fəaliyyətdə
olduğu 50 il ərzində dünyanın bir çox ölkələrində
musiqi dəyərlərimizi ləyaqətlə təmsil və
təbliğ etmişdir. Hər çıxışı, hər
səfəri «Halay»a uğur gətirmişdir.
Yarım əsrin
«Halay»ı
Ansamblla yaxından
tanışlığımız onların Masallı rayon Mədəniyyət
evindəki çıxışları zamanı baş tutur. Əvvəlcə,
ansambla hərtərəfli qayğı göstərən, səhnə
paltarlarını zövqlə hazırlatdıran, yeri gələndə
özü də belinə şal bağlayıb, başına
örpək atıb qızlara qoşulan Masallı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Lətifə
Mövsümova ilə «Halay»ın yaranma tarixi barədə
söhbətləşdik. Məlum olur ki, bu adlı-sanlı
kollektiv 1957-ci ildə vaxtilə rayonun Mahmudavar kənd klubunda
işləmiş Ümbülbanu Cəbiyeva tərəfindən
yaradılıb. İlk vaxtlar «Halay»da cəmi 2-3 qız olub. Elə
o zaman Bakıda keçirilən folklor festivalında uğurla
çıxış edən «Halay» ilk mükafatını
qazanıb. Bu təltif gənc «Halay»ı daha da həvəsləndirib.
Zəngin xalq bayatılarını, zəhmət dolu nəğmələri,
gözəlliyi əks etdirən rəqslərini ansambl daha
böyük səhnələrdə nümayiş etdirib. Unudulmaz
Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev və
digər korifey incəsənət ustaları ilə eyni səhnədə
uğurla çıxış edən «Halay», 1959-cu ildə rəsmi
ansambl kimi təsdiq edilib, status qazanıb.
Meksikayadək...
“Halay” 30-a yaxın xarici ölkədə olmuş, qədim xalq adət-ənənələrini məharətlə nümayiş etdirmişdir. Kollektivin hər bir çıxışı müxtəlif festivallarda yüksək qiymətləndirilmişdir. Vətənə isə «Halay» hər səfərindən yüksək mükafatlarla qayıtmışdır. Bu təltifləri bir yerə yığanda böyük bir kolleksiya yaranır. Qızlar xarici ölkələrə səfərləri zamanı bölgə adət-ənənələrini özündə əks etdirən müxtəlif əşyaları da götürməyi unutmurlar. Masallıda ənənəvi üsulla hazırlanan həsir, palaz, həsir zənbil, habelə digər sənət məmulatları geniş tamaşaçı kütləsinə tanıtdırılır. Türkiyə, İraq, Macarıstan, Rusiya, Belarus, Moldova və bir çox ölkələr «Halay»ın səfər trayektoriyasına daxildir. Ansambl ötən il Dağıstanın paytaxtı Mahaçqala şəhərində keçirilən folklor kollektivlərinin 3-cü beynəlxalq festivalında da uğurla çıxış edərək mükafatlandırılıb. Həmin tədbir çərçivəsində təşkil olunan «Xalq kostyumu poeziyası» adlı 3-cü milli libas festivalında «Halay» ənənəvi yaradıcılığına görə xüsusi diploma layiq görülüb. Tədbirdə iştirak edən Meksikanın nümayəndə heyəti isə «Halay»ın çıxışını Cənubi Amerikada görmək istədiyini bildirib. Məhz həmin festivalda Meksika nümayəndə heyətinin başçısı «Halay»ın ifasından heyrətlənir və milli rəqslərdən birini ona öyrətməyi xahiş edib. Hədiyyə olaraq isə ansambla Meksika tərəfi öz milli papaqlarını bağışlayıblar. İndi bu papaq «Halay»ın kolleksiyasında saxlanılır.
Ansambl ümumilikdə Türkiyənin 15 şəhərində
qastrol səfərində
olub. Baharın gəldiyi, Novruzun
qeyd edildiyi bir vaxtda Türkiyə
səfərində olan
ansambl üzvləri bu bayramın atributu olan səməni,
şəkərbura, paxlava
və başqa sovqatlar götürüblərmiş.
Konsertlərin birində
Türkiyənin baş
naziri Rəcəb Tayyib Ərdoğan «Halay» üzvləri ilə görüşüb
onları təbrik edib. Onlar da öz
növbələrində baş
nazirə baharın gəlişinin simvolu olan yaşıl səməni veriblər.
“Halay” bizim
yaşantımızdır!” Bunu ansamblın qızları deyir
Hazırda isə 50
yaşlı «Halay»ın 20 üzvü var. Ansambl üzvləri
oxumaqla bərabər, rəqs edir. Bu, folklor ənənəsindən
irəli gəlir. Ansambl Azərbaycan folklorunun bir çox
şedevrlərini ifa edir. «Lolo», «A yordu-yordu», «Ay ləli, yar…»,
«Masallı toyu», «Talışo mey», «Kinəli», «Yallı», «Səməni»
və sairə folklor musiqiləri «Halay»ın
repertuarının əsasını təşkil edir. «Lolo» gəlin
köçürməmişdən qabaq ifa edilən
mahnıdır. «Sonalar» da bu qəbildəndir!
«Ay yordu,
yordu» musiqili bir səhnəcikdir. Bu səhnəcikdə
tərəflər üzbəüz dayanıb deyişir. Özü
də bu deyişmə son dərəcə təbii qurulur. Kim
yoruldusa, o da uduzur.
Sabutay
Mədəniyyət.- 2009.-27 fevral.- S. 14.