Rasim İsmayılovun
gündəliyindən
13 iyul
kinooperator və kinorejissor Rasim İsmayılovun (1936-2004) doğum
günüdür. Rasim İsmayılovla
bağlı materiallarımızı
(gündəliyindən sətirlər,
həyatı və yaradıcılığı barədə
məqalələr, digər
materiallar və s.) bu sayımızdan
etibarən ardıcıl
olaraq təqdim edirik. İlk olaraq rejissorun gündəliyində «Şir
evdən getdi» və «Mən sizi dünyalar qədər
sevirdim» filmləri barədə etdiyi qeydləri çap edirik. Xatırladaq ki, R.İsmayılov bir çox məşhur filmlərimizin
operatoru və əsasən də uşaq filmləri çəkən rejissorlarımızdan
olub.
«Şir evdən getdi»
“Məncə,
studiyamızın bütün kinematoqrafçılarından ən
çox mən «dördayaqlı artistlərlə» işləmişəm.
Mənim qəhrəmanlarım
- ayılar, atlar, öküzlər, uzunqulaqlar,
itlər, meymunlar, tutuquşular, leyləklər,
ilanlar olub. İlk rejissor işim olan «Şir evdən getdi» filmində şirlər və fillərlə işləmişəm.
Lev Bərbərov öz
şirinin xaltasından tutaraq kinostudiyada peyda olanda dəhlizlər
o dəqiqə boşalırdı. II Kinq əsl şah idi. Qüvvətli pəncələr, qıvraq,
əzələli bədən,
iti baxışlar... Bir dəfə mürəkkəb
çəkiliş gününün
sonunda biz Kinqlə eyni stol arxasında oturduq: aramızdakı məsafə o qədər az idi ki, pəncəsini
uzatsa, mənə çatardı. Bizim boşqablarımızdakı bifştekslər
Kinqin bifşteksindən
iyirmi dəfə balaca idi. Biz zəhmli qonşumuzun diqqətini cəlb etməmək üçün öz payımızı tələsə-tələsə yeyib qurtardıq.
…Mərkəzi
televiziyada ümumittifaq
premyerası. Həyəcandan
dişlərim bir-birinə dəyir. Kinematoqrafçıların ancaq
yuxularında gördükləri
auditoriya - yüz əlli milyon tamaşaçı. Evdə
dostlarım televizorun qarşısına yığışıblar.
Başlanğıc melodiya
səslənir. Filmin adı peyda olur: «Şir evdən getdi». Qırılır. Filmin yaradıcılarının adı
yazılmış titrlər
itir. Nə baş verir? Gecə Moskvaya zəng edirəm. Sən demə, filmi efirə buraxan redaktoru titrlər təşvişə
salıb - «Begemot - Məmmədov». Həmin vaxt SSRİ televiziyasına
Begemot ayamalı Ənvər Məmmədov
başçılıq edirdi.
Redaktor güman edir ki, rəhbərlik
bu filmin onun haqqında olduğunu fikirləşər.
Bir sözlə, ay zəmanə!
«Mən sizi dünyalar qədər sevirdim»
1986-cı ildə
Novorossiysk sularında «Admiral Naximov» gəmisi
batmışdı. Axşam imiş.
Heç nədən şübhələnməyən sərnişinlər əylənirmişlər:
gecə çimməyin
həvəskarları hovuzun
başına toplaşıblarmış,
musiqi salonunda diskoteka qızışıbmış.
Ağzına qədər
dolu kinozalda isə ekranlara yenicə çıxmış
optimist başlıqlı
«Mən sizi dünyalar qədər sevirdim» filmi gedirmiş. Adətən bizim ziyafətlərdə bütün
əsas sağlıqlar
sağlamlıqla bağlı
olur. Amma Çörçil hesab edirdi ki, əsas
olan sağlamlıq yox, bəxtdir. Çünki «Titanik»də hamı sağlam idi. «Admiral Naximov»da da hamı
sağlam idi. Elə Həzi Aslanovun özü də həyatdan gedəndə sağlamlığının,
istedadının, gücünün
zirvəsində idi. «Mən sizi dünyalar qədər sevirdim» - şanlı general bu sözləri
həlak olduğu döyüşdən iki saat əvvəl həyat yoldaşına yazmışdı. «Admiral
Naximov» gəmisi batan vaxt bu
sözləri indi o, film vasitəsilə
sanki sərnişinlər
üçün təkrarlayırdı.
Görəsən,
həmin dəhşətli
anlarda onlar öz yaxınları haqqında fikirləşirdilərmi?
Bu situasiyada mistik nə isə var.
İntiqam Hacılı
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 10.