Bağ əhvalatı
Gəncədə dəfələrlə olsam da, şəhəri
gözü dolusu gəzmək imkanım olmamışdı. Bu dəfə
isə ənənə
pozuldu. Bir tərəfdən şəhərlə
tanışlığıma sevindim, digər tərəfdən isə...Təsəvvür edin, bu şəhərin küçələrində hətta
siqaret kötüyünün
atılmaması kimi təmizliyin elə nümunəsi ilə qarşılaşırsan ki,
sevinməyə bilmirsən.
Bax, onda zibilqabılarından zibili
daşıb küçələrinə
səpələnən Bakının
“xiffətini” çəkməyəsən,
neyləyəsən. Mətləbdən
yayınmayaq, burası
Gəncə. Küçələrdə
təmizlik, zibilqabıları
tez-tez təmizlənir,
parklarda səliqə-sahman. Ən başlıcası, burda yaşayan hər bir kəs bu
mədəni göstəricinin
təminatçısıdır. Sənin burada hansısa zibili yerə atmağın kəskin narazılıqla
qarşılana bilər.
Səhər tezdən
Gəncənin məşhur
Xan bağını gəzməyə çıxanda
burada təmizliklə
məşğul olan şəxs təsadüfi
müsahibimə çevrildi.
Mənim
parkın təmizliklə
məşğul olan işçisi zənn etdiyim şəxs, sən demə, elə buranın direktoru imiş. Bax, burada Gəncənin
təmizliyinin bir sirri məlum oldu- vəzifəsindən
asılı olmayaraq, təmizliklə məşğul
olmağı hər kəs vətəndaş borcu sayır. Müsahibim 3 ildir ki, Xan bağının
direktoru təyin olunmuş Məzahir Həsənov məmnuniyyətlə
bağla tanışlığımızın
bələdçisinə çevrilir.
Xanların saldığı bağ
Onu işdən
ayırdıq. Bağda
Nigar Rəfibəylinin
heykəlini və onun ətrafını təmizləyən parkın
direktoru əvvəlcə
bu bağın salınma tarixindən məlumat verdi. Gəncəli Ziyad xan tərəfindən salınan
bağ sonradan,
1804-cü ildən Gəncə
hökmdarı Cavad xanın adına "Xan bağı" adlanıb. 1840-1847-ci illərdə
isə ona "Sərdar bağı" deyilib. 1932-ci ildə bu yeri xanın-sərdarın ”acığına”
Lenin parkı adlandırıblar. Ölkəmiz
müstəqilliyini elan
etdikdən sonra isə bağın dəbdəbəli
«Xan» adı özünə qaytarılıb.
Xan bağında ilk ağac 1700-ci ildə əkilib. 1860-cı ilədək yalnız meyvə ağaclarının
olduğu bu bağda sonradan dekorativ ağac, kol və bitkilər
də əkilib Hazırda bağda müxtəlif qitələrdə
bitən ağac və dekorativ bitkilər də var. Xan bağı öz fauna və flora
örtüyü ilə
Gəncəyə gələnlərin
diqqətini çəkən
məkandır, həmçinin
gəncəlilərin də
sevimli istirahət yeridir.
Mədəniyyət məkanı
Sahəsi ümumilikdə
6 ha olan bağın bir tərəfində açıq səma
altında yaşıl teatr yerləşir ki, burada təbiətə
üz tutanlar üçün tez-tez mədəni tədbirlər
keçirilir. Son tədbir isə gənc nəsil üçün təşkil
edilən kitab bayramı olub. Həftənin hər altıncı günü isə teatr musiqiçilərin və
musiqisevərlərin ixtiyarına
verilir. Bakı parklarında olduğu kimi, saysız fotoqrafların müştəri
çağırması və
çığırmasına rast gəlmədik. Amma şəkil çəkdirmək istəsəniz,
qədim faytonun yanında lövbər atmış fotoqraf istəyinizə əməl
edə bilər. Bağda olan zaman rənglərlə silahlanmış gənc rəssamlar təbiətin
qoynunda sənətkarlıq
dərsi alır, canlı şəkillər
çəkirdilər. Müsahibim
deyir ki, bura onların daimi üz tutduqları
məkandır. Az qala hər ağacın
rəsmini əbədiləşdiriblər,
elə buradaca da sərgiləri təşkil olunur. Ağacların və təmizliyin oyatdığı
xoş hisslərimizə
zərifliyin nümunəsi
olan ceyranları-cüyürləri seyr etməyi də əlavə edirik.
Nə gözəl yaraşır bu bağa ceyran
Onlar üçün bağın bir hissəsində çəpərlənmiş yer ayrılıb. Bağa gələn hər kəs ceyranların tamaşasına dura və hətta onları yemləyə bilər. Xatirə üçün şəkil çəkdirmək də mümkündür. Müsahibim deyir ki, bağın bu altı zərif sakinləri onun görkəmini tamamilə dəyişib. Bir növ qoruğu xatırladan Xan bağına gətirilən ceyranlar tez bir zamanda öz yeni ünvanlarına öyrəşib. Kənardan baxarkən adama elə gəlir ki, onlarla bağ arasında bir bağlılıq mövcuddur. Bağın gözəlliyini zənginləşdirən bu ansambldan daha çox zövq alanlar isə bura istirahətə gələnlərdir. Xüsusən də yeni sakinlər olan ceyranların başına toplaşanlar çoxdur. Onların yaxınlığında isə iki marala məskən ayrılıb. Marallardan biri Hacıkənd meşəsində ölümcül halda tapılıb və mütəxəssislərin məsləhəti ilə Xan bağına gətirilib. İndi, deyəsən, bu maral yeni məskənindən heç də narazı deyil. Təbiət gözəl, yem bol, xüsusi qulluqçu...
Uşaqların əyləncəsi
Daha bir maraq oyadan obyekt
isə heyvanların qaldığı ərazinin
yaxınlığında çox xırda bir
"Venesiya»nın olmasıdır. Balaca körpülər,
rəngli oturacaqlar, yelləncəklər, hovuzlar,
uşaqlar üçün
əyləncə mərkəzi...Burada həm də müxtəlif növ quşlar saxlanılır. Beləliklə,
Xan bağının ərazisində yaradılan
bu fauna aləmi çoxlarının
xoşuna gəlir, xüsusən də balacaların. Parkdan keçən zaman ya quşları, ya da heyvanları
yemləyən uşaqların
sevincindən zövq almamaq mümkün deyil. Deyəsən, burdakı tovuz quşundan da təkcə uşaqlardan xoşu gəlir. Bayaqdan rəngli quyruğunu onlar üçün geniş açıb, gözəlliyini
nümayiş etdirən
quş fotoaparatımın
ona tuşlandığını
görüb elə həmən gözəlliyini
gizlədir.
Bağa girdim...
istirahətə
Gəncənin
yaşlı sakini Xeyrəddin Məmmədova parkın dünəni
və bu günü barədə sual verirəm. Deyir ki, əvvəllər baxımsızlıqdan
bağın ağaclarından
kəsənlər də
olub, oturacaqları sındıranlar da. İndi isə bağda belə xoşagəlməz hadisələr
olmur. Kim istəyir, gəzişir, kim istəyir əylənir... Deyir ki, onun özünün
əyləncəsi burada
yaşlı tanışları
ilə söhbətləşməkdən
və şahmat azarını öldürməkdən
ibarətdir. Gənc Samir Əliyev də buranı dostlarla görüş yeri seçib. Bağın verdiyi istirahət imkanından istifadə edən həmsöhbətim bir gəncəli kimi bura ilə fəxr
etdiyini də gizlətmir. Bu isə balaca Nərmindir, atası deyir ki, dünəndən
onu bura gətirməyimi istəyirdi.
Əvvəlcə quşlara
baxacaq, sonra isə özü ilə gətirdiyi velosipedlə bağ gəzintisini davam etdirəcək.
Xana olan
borc
Bağda daha çox
diqqəti cəlb edən adamın təbiətlə
ünsiyyətinə maneəyə çevrilmiş
çayxanaların sıralanmamasıdır. Amma burdakı iki çayxananın hər birisində ətirli çaya qonaq olmaq mümkündür.
Müsahibimlə - Məzahir
müəllimlə əyləşib
çayın dadına
baxırıq. Elə
burdaca o, bağla bağlı bir faktı da nəzərə çatdırır. Bildirir ki,
xan dövründə
ticarət yolu Gəncədən keçirmiş.
Xan isə ticarətçilərdən «torpaqbasdı»
vergisi, indiki dillə desək, gömrük haqqı əvəzinə getdikləri
uzaq ölkədən
ağaclar gətirməyi
istəyirmiş. Gətirilən
ağaclardan isə bax, bəhs etdiyim gözəl bağ salınıb.
Müsahibim deyir ki, yerə
siqaret kötüyü, kağız parçası atan da
olur: “Amma bu kütləvi deyil, artıq hamı
çalışır ki, təmizliyə riayət etsin. Əks halda, biz zibili yerə
atana yanaşıb onu başa salırıq.
Məncə, hər kəs bu təmizliyin
onlar üçün
olduğunu yaxşı
anlayır”. Məzahir
müəllim onu da əlavə edir ki, parkın
əvvəlki rəhbəri
də bağa mümkün qədər can yandırıb və onun da
borcu bu estafeti davam etdirməkdir. Bu isə bir gəncəli
kimi onun bağı salanların ruhuna hörmətidir.
Sabutay
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 8.