Şəkinin geniş turizm imkanları var
Kulinariya günündə bölgəyə
toplaşan insanlar bunun bir daha şahidi oldular
Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin
birgə təşkilatçılığı ilə iyunun 27-də
Şəki şəhərində “Milli kulinariya günü”
bayramı keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət
göstərən 25-ə yaxın xarici ölkə səfirliyi
və beynəlxalq təşkilatların təmsilçiləri,
Milli Məclisin deputatları, elm, incəsənət və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər rəhbərliyi
və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin
adını daşıyan parkda ulu öndərin abidəsi
önünə tər çiçəklər düzərək
xatirəsini ehtiramla yad ediblər.
Sonra bayramın
rəsmi açılışı
olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Nazim İbrahimov bildirib ki, ölkəmizdə
mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin mədəniyyətin
təbliğinə böyük
diqqət göstərilir. Prezident İlham Əliyevin
mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman
və sərəncamlar
buna bariz nümunədir. İcra başçısının sözlərinə
görə, Şəkidə
çeşidli bayramların
keçirilməsi ənənə
halını alıb:
«2006-cı ildə “İpək bayramı”,
2007-ci ildə “Sənətkarlar
günü”,
2008-ci ildə isə
“Şəki- qədim
sivilizasiyalar diyarı”
adlı bayram tədbirləri məhz Şəkidə baş tutub. Bu bayramların təşkilində
əsas məqsəd tarixi mədəni irsimizi qoruyub saxlamaq, təbliğ etmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə
nail olmaqdır. Şəkinin məşhur
aşbaz və qənnadıçılarının əldə etdikləri vərdiş, bilik və bacarıq daim zənginləşərək,
bu günümüzə
qədər gəlib çatıb».
AMEA Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir tədbirin
Şəkidə keçirilməsinin təsadüfi
olmadığını, bu şəhərin qədim
yaşayış məskənlərindən olduğunu
söyləyib.
Sonra
çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin
direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri,
professor Tahir Əmiraslanov bildirib ki, son tədqiqatlar onu
göstərir ki, Azərbaycan dünya mətbəx mədəniyyətinin
beşiyidir: «Qobustan qayalarının üzərində
çəkilmiş rəsmlər 37 min il bundan öncə Azərbaycanda
çox böyük və gözəl kulinariya məktəbinin
olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə Qobustan qayalarında və Naxçıvandakı “Gəmiqaya”
rəsmlərində öz
əksini tapıb. Gildən hazırlanmış
və 4 min ilə yaxın yaşı olan ən qədim samovar da məhz
Şəkidə tapılıb».
Hər bir ölkənin özünün
kulinariya imici olduğunu vurğulayan T. Əmiraslanov onu da qeyd edib
ki, Azərbaycanda 200-dən çox plov növü var. Şəki aşbazları isə 100-dən artıq plov hazırlaya bilir.
Daha sonra parkda meyvə və
giləmeyvələrdən hazırlanmış 30-a yaxın
şərbət və sərinləşdirici içkinin təqdimatı
olub.
Bayram
iştirakçıları Şəki Xan sarayının həyətində
çay süfrəsi arxasında müxtəlif növ
mürəbbə, qənnadı məmulatları və Şəki
şirniyyatını dadıblar. Eyni zamanda musiqi və rəqs
kollektivlərinin çıxışlarını izləyən
iştirakçılara F.Əmirov adına Dövlət
Mahnı və Rəqs Ansamblının rəqsləri,
İraqdan gəlmiş kərküklü bəstəkar,
folklorşünas və müğənni Seyfəddin
Çaxmaqçıoğlunun ruh oxşayan mahnıları,
yerli musiqiçilərin çıxışları xoş
ovqat bəxş edib.
Bayram tədbiri Kiş kəndindəki
qədim Alban məbədinin həyətində davam etdirilib. Burada
qonaqlara salat və soyuq qəlyanaltılar təqdim olunub.
“Cənnət
bağı” istirahət mərkəzində qonaqlar ət, toyuq
və tərəvəzlərdən hazırlanmış isti
xörəklərdən dadıblar.
“Yuxarı Karvansara”da isə
tədbir iştirakçılarına müxtəlif bitki və
quru meyvələrdən hazırlanmış çay dəstgahı,
habelə 30-a yaxın kabab və 30-dan artıq plov novü təqdim
olunub.
Qonaqlar yeməklərin
hazırlanması prosesini də izləyə biliblər.
Səfirlər, beynəlxalq
qurumların nümayəndələri belə bir bayramda
iştirak etməkdən məmnun qaldıqlarını bildirərək,
yüksək qonaqpərvərliyə görə Şəki
şəhər rəhbərliyinə minnətdarlıq ediblər.
Sonra ayrı-ayrı sahələr
üzrə fərqlənmiş aşbazlara Milli Kulinariya Mərkəzinin
fəxri diplomları təqdim olunub.
Bayram tədbiri atəşfəşanlıqla
başa çatıb.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 7.