İçərişəhər təhlükəli abidələr siyahısından çıxarıldı

 

Qədim şəhərin sakinləri qayıdır

 

Zəngin tarixə mədəniyyətə malik Azərbaycan xalqının İçərişəhər, onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar saray kompleksi, məscidlər, karvansara, bazar meydanı s. kimi abidələr öz unikallığı ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Təəssüflər olsun ki, illər uzunu İçərişəhəri daş-daş, pillə-pillə sökərək xalqımızı tariximizin ən gizli qatlarını özündə yaşadan bu qiymətli abidədən məhrum etməyə çalışıblar. Lakin son dövrlər dövlət səviyyəsində görülən tədbirlər, belə demək mümkünsə, qədim abidəni xilas etdi.

 

3 il əvvəl respublika prezidenti İlham Əliyevin sərəncamı ilə İçərişəhər Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Turizm Nazirliyinin tabeliyindən çıxarıldı Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi yaradıldı. Bundan sonra ilk olaraq ərazidə aparılan tikinti işləri dayandırıldı. Qeyd edək ki, İçərişəhərdə aparılan bərpa işlərinin prioritet məqsədlərindən biri bu qədim məkanı beynəlxalq səviyyəli turizm obyektinə çevirməkdir.

 

Təhlükə sovuşdu

 

İki il əvvəlkindən fərqli olaraq bu gün İçərişəhər öz qonaqlarını tamamilə başqa görkəmdə qarşılayır. Qədim şəhərin küçələri ilə irəlilədikcə yeni salınmış yaşıllıqlar, insanların istirahət etmələri üçün bərpa olunmuş ya yeni qoyulmuş skamyalar, asma, məşəl formalı çıraqlar ya qədim üslubda olan fanarlar diqqəti cəlb edir

Uçub-tökülmüş yerlərin bərpası, yaşayış evlərinin divarlarına vurulmuş ornamentli şəbəkələrin İçərişəhərin memarlıq üslubuna uyğun formada qurulması bu qədim şəhərdə yeni mənzərə yaradıb. Şirvanşahlar sarayının qarşısında əvvəllər bərbad vəziyyətdə olan bağların yerində yaşıllıqlarla əhatə olunmuş, yol boyu qədim formada çıraqlar düzülmüş xiyabanları olan park salınıb. Parkın qurulmasında yenə İçərişəhərin memarlıq üslubu nəzərə alınıb. Məsələn, giriş qapılarının kənarlarındakı kiçik daş şalbanların başlıqları Şirvanşahların papağı üslubunda yonulub. Skamyaların kənarlarında dəmirdən tökülmüş şir başı isə Şirvanşahların gerbini simvolizə edir. Bağ dəmir ornamentli alçaq hasarlarla əhatəyə alınıb. Həmin bağın yanında salınmış digər bağın dizaynı isə bir qədər fərqlidir. Məsələn, burada daş çıraqlar əvəzinə mis çıraqlar qoyulub ki, bu da müxtəliflik yaratmaq məqsədi daşıyır. Yəni hər bir bağ tarixin müəyyən dövrünə uyğun formada qurulub. Hazırda bərpa işləri davam etdirilir.

Məlum olduğu kimi, xalqımızın milli sərvəti olan İçərişəhər Tarix Memarlıq Qoruğu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Bu isə İçərişəhərin onun ərazisindəki maddi-mədəniyyət abidələrinin təkcə Azərbaycan tarixi mədəniyyəti üçün deyil, eləcə dünya sivilizasiyası üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin sözçüsü Rahib Azərinin sözlərinə görə, bir neçə gün əvvəl YUNESKO-nun Dünya İrsi Komitəsinin qərarı ilə İçərişəhər təhlükədə olan abidələr siyahısından çıxarılıb: «İyunun 22-dən etibarən İspaniyanın Sevilya şəhərində YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyası öz işinə başlayıb. Sessiyada digər məsələlərlə yanaşı, dünya şəhərsalma sənətinin nadir nümunəsi olan İçərişəhərin qorunub-saxlanması istiqamətində görülən tədbirlərin müzakirəsi aparılıb. Əslində YUNESKO-nun Dünya İrsi Komitəsi İçərişəhərlə bağlı məsələyə 2010-cu ildən tez baxmamalı idi.

Lakin master-planın təqdimatından sonra beynəlxalq ekspertlər qrupunun verdiyi rəsmi məlumat bir Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun çıxışından sonra 21 komitə üzvünün səsverməsindən sonra İçərişəhər təhlükədə olan mədəniyyət abidələri siyahısından çıxarılıb. Bildiyimiz kimi, digər ölkələrdə təhlükədə olan mədəniyyət obyektləri var. Fərəhləndirici haldır ki, İçərişəhərdə aparılan işlər komitənin 21 üzvü tərəfindən digər ölkələrə tövsiyə olunub.

 

Problemlərin qarşısı necə alınır?

 

Bu yerdə onu da qeyd edək ki, bu yaxınlarda təqdimat mərasimi keçirilən İçərişəhərin konservasiyası ilə bağlı «Master Plan»ın məqsədi təkcə İçərişəhərin görkəmində dəyişiklik həyata keçirmək deyil. Planın məqsədi Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası gələcək inkişafının beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsindən ibarətdir.

R.Azərinin sözlərinə görə, ötən həftə həm 2 il ərzində görülən işlərin təqdimatı keçirilib beynəlxalq ekspert qrupunun üzvləri İçərişəhərdə gördüklərindən xeyli məmnun olublar: «Son dövrlərdə İçərişəhərdə görülən işlər, tarixi abidələrin konservasiyası beynəlxalq ekspertləri valeh etdi».

Bəli, son iki ildə istər dövlət tərəfindən, istərsə ölkənin birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan şəhər mədəniyyətinin başlanğıcına - İçərişəhərə göstərilən diqqət, nəhayət, öz bəhrəsini verdi. Amma görüləcək işlər hələ qabaqdadır. Çünki əldə edilən nailiyyətlərlə yanaşı, nöqsanlar da yox deyil. Məsələn, qadağaların qoyulmasına baxmayaraq qədim şəhərin görkəminə xələl gətirən avtomobillərin giriş-çıxışı, eləcə qədim tikililərlə təzad təşkil edən müasir peyk antenaların mövcudluğu gözlərimizdən yayınmadı. Söhbət əsnasında R.Azəri etiraf etdi ki, avtomobillərin sıxlığı onları narahat edən məqamlardan biridir: «Problemi aradan qaldırmaq üçün bu istiqamətdə bir sıra tədbirlər görülməkdədir. Avtomobillərin İçərişəhərə daxil olması üçün yeni elektron buraxlış sistemləri quraşdırılır ki, hazırda onlar üzərində gedir. Qədim binaların fasadlarında qurulmuş peyk antenalara gəlincə, vətəndaşlara ya idarə sahiblərinə təklif etmişik ki, onların yerlərini dəyişsinlər görünməyən yerlərdə quraşdırsınlar».

 

Bəy, xan, qoçu, xanım, qulluqçu, mirzə görmək istəyən İçərişəhərə gəlsin...

 

Qədim şəhərimizdə baş verəcək yeniliklər isə daha maraqlıdır. Belə ki, tezliklə insanlar İçərişəhəri simvolizə edən sakinlərə - bəy, xan, qoçu, xanım, qulluqçu, mirzə, giridovoy, tacir, su satan, arşın malçı başqalarına rast gələcəklər. Əlbəttə, tarixi tipajların seçilməsi ictimaiyyətin istəyindən asılı olacaq. Belə ki, day.az İnternet saytında «Qədim şəhəri simvollaşdıran sakinlər» adında bir aksiya keçirilir həmin aksiyada 23 personaj təqdim olunub. Day.az oxucuları İçərişəhərdə görmək istədikləri 12 personaja səs verə bilərlər. Maraqlıdır, qədim şəhərin köhnə sakinləri bu günə necə qayıdacaqlar? İdarənin mətbuat katibinin bildirdiyinə görə, seçilən 12 personaj canlı ya gəlincik formasında ola bilər: «Hər bir tarixi tipaj özünəməxsus geyimdə öz funksiyasını yerinə yetirəcək. Məsələn, mirzənin «fəaliyyəti» üçün xüsusi yer ayrılacaq insanlar istəsələr ona yaxınlaşıb məktub yazdıra bilərlər».

İçərişəhərin canlı şəhər kimi fəaliyyət göstərməsi, insanların marağının cəlb olunması üçün həyata keçiriləcək layihələrdən biri «Meydan bazarı»dır. Layihəyə əsasən qurulacaq bu məkan insanların əsl alış-veriş, istirahət mərkəzinə çevriləcək. Layihə barədə daha ətraflı məlumat verən R.Azəri dedi ki, Meydan bazarında nəinki suvenirlər, hədiyyələr, hətta yerli şirkətlərin istehsalı olan sərinləşdirici içkilər satılacaq: «Burada uşaqları əyləndirmək üçün müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bir sözlə, məqsədimiz insanların İçərişəhərdə öz ailələri üçün yaxşı istirahət etmələrinə şərait yaratmaqdır. Çünki hər bir şəhərin ən vacib faktoru onun insanlarıdır. İçərişəhəri muzey kimi deyil, canlı orqanizm kimi yaşatmağa nail olmaq istəyirik. Digər tərəfdən, bu qədim şəhər uşaqlar üçün Azərbaycan tarixinin əyani vəsaitidir».

 

 

MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 1 iyul.- S. 6.