Dilimiz zaman
tanımır
Professor İsmayıl Məmmədov: "Tariximizin
bütün dönəmlərində baş vermiş hadisələrlə
bağlı dilimiz zəngin faktlar verir"
Dil zaman, şərait həddini tanımır, daim
onlardan üstündür. Dilimizin dünyanın zəngin dillərindən
biri olduğu barədə müxtəlif qənaətlər
mövcuddur. Bəziləri deyirlər ki, bu, pafosdan başqa
bir şey deyil. Amma doğrudan da Azərbaycan türkcəsinin
zənginliyi haqda danışmağa tam haqqımız var.
Professor İsmayıl Məmmədov
deyir ki, dilimiz daha çox işləndikcə, tədqiq
edildikcə onun sanbalı, qiyməti daha artıq səviyyədə
görünür, bilinir: "Dilimizi ardıcıl şəkildə
tədqiq etdikcə onun zənginliyinin dönə-dönə
şahidi oluram. Dilimizin qrammatik quruluşu sabitdir. Dədə
Qorqud zamanındakı dilə nəzər salaq: "Əski
pambıq bez olmaz", "Kül təpəcik olmaz",
"Çıxan can geri dönməz" və s. Həmçinin
dilimizin o zamandan bəri leksik tərkibinin də aydın, sabit
olduğuna əminliyimiz daha da artır. İngilislər 4 əsr
o yana - Şekspir dövründəki dillərini yaxşı
başa düşmürlər. Amma Nəsiminin, Qazi Bürhanəddinin
və başqalarının dilinin aydınlığı bizə
məlumdur. Dilimiz tariximizin bütün dönəmlərində
baş vermiş hadisələrlə bağlı bizə zəngin
faktlar verir. Bəziləri belə deyirlər ki, XI əsrdə
oğuzlar gəliblər, o vaxtadək burada guya başqa dildə
danışanlar olub, türklər gələndən sonra
buradakıları türkləşdiriblər. Ümumiyyətlə,
həmişə hakim dövlətlər, xalqlar
çalışıblar ki, işğal etdikləri
xalqların tarixini müasirləşdirələr,
"sübut edələr" ki, siz qədim deyilsiniz, buralara
dünən gəlmisiniz. Tarixən dilimiz ən mübariz dillərdən
olub. Şah İsmayıl Xətainin vaxtında dilimiz sarayda,
orduda, ədəbiyyatda güclü mövqeyə malik idi. Xanlıqlar
dövründə də dilimizin mövqeyi pis olmayıb. Azərbaycanın
Rusiya və İran arasında parçalanmasından sonra
dilimizə zərbə dəydi, amma o, yenə də məhv
olmadı, dəyanətlə varlığını qoruyub
saxlaya bildi".
Dilimizin əlvanlığı
gözəldir, amma müəyyən hallarda çoxmənalılıq
dilə ziyan da verir. Çox zaman soydaşlarımız bu
çoxmənalılıqdan qurtulmaq məqsədilə
"türkün sözü" ifadəsindən istifadə
edirlər. Amma bu da aydınlıq, müəyyənlik
yaratmır. İ.Məmmədov deyir ki, çoxmənalılıq
dilin təbii cəhətidir: “Elə dil var ki, orada bizdəki
qədər çoxmənalılıq yoxdur. C.Cabbarlının
"Sevil" pyesində Babakişi ilə Atakişi həmişə
biri-biri ilə rastlaşanda "türkün sözü"
ifadəsini işlədirlər. Bizdə sözü müxtəlif
mənalarda yozmaq məsələsi var”.
Azərbaycan radiosu və
televiziyası ötən müddət ərzində
ardıcıl olaraq ana dilimizin keşiyində durub. Uzun
müddət Azərbaycan televiziyasında "Azərbaycan
dili" adlı populyar verilişin aparıcısı
olmuş İsmayıl Məmmədov bu barədə həmişə
ürəkdolusu danışır: “Azərbaycan radiosu və
televiziyası ötən müddət ərzində
publisistikamızın ənənələrini davam və
inkişaf etdirib, şifahi ədəbi dilimizi canlı
danışıq və ümumxalq dilinin təravəti ilə
- sintaksis və intonasiya vasitələri ilə
dolğunlaşdırıb. Televiziyada səslənən dil ədəbi
tələffüz normalarına əməl olunmaqla işlədilən
dildir. Lakin bu, nə tamamilə rəsmi dildir, nə də bir
o qədər bədii dil; bu dil canlı danışıqla,
ümumxalq dili ilə zənginləşmiş ədəbi
dilin dolğun bir formasıdır. Televiziya və radioda
sözün təsir qüvvəsi, estetik vəzifəsi
bütün təbliğat vasitələrindəkindən
seçilir. Burada yüksək estetik ölçü,
ağla, qəlbə son dərəcə həssaslıqla
nüfuzetmə məsələsi çox vacibdir. Televiziyanın
informasiya vermək imkanlarını, şüurlara təsiretmə
vəzifəsini nəzərə alsaq, bədii sözün
buradakı mövqeyi göz qabağında olar. Təsadüfi
deyil ki, Azərbaycan televiziyasında verilişlərin məzmunlu,
səlis bir dildə, üslubda xalqa çatdırılmasında
sözə hörmət hissinin saxlanması mühüm amil
sayılır. Bir cəhəti də qeyd etmək yerinə
düşər ki, peşəkar jurnalistlərimiz termin
yaradıcılığında xalq dili xəzinəsindən
daha çox faydalanır, hazırladıqları
materialları aydın şəkildə, çətin
anlaşılan sözləri, terminləri izahlarla,
aydınlaşdırıcı sözlərlə təqdim
edirlər”. Çox əfsuslar olsun ki, bu mənzərənin əksi
ilə də tez-tez qarşılaşırıq. Bu, başqa
bir mövzunun söhbətidir.
İ.Məmmədov daha
sonra deyir ki, şifahi ünsiyyətə xidmət edən
televiziya geniş xalq kütləsilə hər gün təmasda,
münasibətdə olur: "Televiziya milyonların
tribunasıdır. Şifahi ünsiyyətimizin ən fəal,
ədəbi forması televiziyadır. Ədəbi dilin
orfoepiya normalarına, ədəbi tələffüzə
televiziya qədər qayğı və tələbkarlıqla
yanaşan ikinci bir şifahi nitq tribunasını təsəvvür
etmək çətindir. Televiziya həm də təbliğedicidir,
yayıcıdır, öyrədicidir. Təsadüfi deyil ki,
Azərbaycan televiziyası ictimai-siyasi, hərbi-vətənpərvərlik,
təhsil-maarif, elmi-ədəbi mövzularda verilişlərlə
yanaşı milli-mənəvi, soy-kök və adət-ənənələrimiz,
mənəvi mədəniyyətimizlə bağlı
verilişlərə də böyük meydan verir. Bu isə
ana dilimizin yaşamasını şərtləndirən ən
gərəkli amildir".
Elçin
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 5.