Səslə yanan ocaq
30 iyun 1934-cü il. Məhz bu gün musiqi
tariximizə Azərbaycan Bəstəkarlar
İttifaqının yaranma günü kimi daxil olmuşdur.
Ölkə başçısının sərəncamı
ilə Azərbaycan musiqi mədəniyyətinin
inkişafında müstəsna əhəmiyyətə malik Bəstəkarlar
İttifaqının 75 illik yubileyinin yüksək səviyyədə
qeyd olunması qərara alınmışdır.
İnkaredilməz həqiqətdir
ki, XX əsrdə milli musiqi mədəniyyəti
özünün yeni inkişaf mərhələsini,
sözün əsl mənasında intibah dövrünü
yaşadı. Bu intibah Azərbaycan musiqisinə bəşəri janr və
formaları, parlaq əsərləri, yeni təfəkkür tərzini
və ilk növbədə bütün bu sadalananları
reallığa çevirən böyük, güclü,
istedadlı və peşəkar bəstəkar ordusunu bəxş
etdi. Azərbaycan bəstəkarlıq məktəbi tarix
baxımından çox qısa zamanda yaranma, təşəkkül
və inkişaf mərhələlərini keçməyə
müvəffəq oldu. Əgər bunun əsas səbəblərindən
biri bəstəkarlarımızın qarşısında
çoxəsrlik Avropa musiqi mədəniyyətinin
zəngin təcrübəsi idisə, digər müstəsna
səbəb - Azərbaycanda bəstəkar
yaradıcılığı üçün XX əsrdə
münbit, əlverişli şəraitin əmələ gəlməsi
olmuşdur. Əsrin əvvəllərində Üzeyir
Hacıbəyov kimi yenilikçi millət təəssübkeşlərinin
şəxsi təşəbbüsləri çərçivəsindən
kənara çıxmayan bəstəkar
yaradıcılığı, 20-ci illərdən etibarən
sovet dövlətinin mədəni siyasətinin mühüm,
aparıcı sahəsi kimi diqqət mərkəzinə
çəkildi.
Sirr deyil ki, Azərbaycan
bəstəkarlarının bir çox dahiyanə əsərləri
bilavasitə Bəstəkarlar İttifaqının qurultay,
plenum, festival, baxış, konqres, simpozium, müşavirə
və digər irimiqyaslı yaradıcılıq və elmi tədbirləri
üçün yazılmış və təbii ki, ilk dəfə
məhz bu tədbirlərdə ifa olunaraq, cəmiyyətdə,
mədəni həyatda geniş əks-səda
doğurmuşdur. Bu əsərlərin yaranmasında Bəstəkarlar
İttifaqının məsləhət komissiyaları, tənzimlədiyi
dövlət sifarişləri və maddi yardımlar, habelə
SSRİ-nin ən müxtəlif dilbər guşələrində
yerləşən yaradıcılıq evlərində
yaşayıb-işləmək imkanı böyük dəstək olmuş, onların
xarici ölkələrdə tanınmasında isə Bəstəkarlar
İttifaqının genişmiqyaslı beynəlxalq əlaqələri,
təşkil etdiyi çoxsaylı xarici ezamiyyətlər,
yaradıcılıq görüşləri ümdə rol
oynamışdır. Məhz buna görə də
XX əsr Azərbaycan musiqi mədəniyyətinin
inkişafını, təşəkkülü və təkamülünü
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət
dairəsindən kənarda təsəvvür etmək qeyri-mümkündür.
Bəstəkarlar
İttifaqı öz tarixində böyük və
şanlı bir yol keçmişdir. Lakin bu yol həm də kifayət
qədər keşməkeşli və çətin olub.
İndi inanmaq belə çətindir ki, cəmi 17 nəfərlik
tərkiblə fəaliyyətə başlayan ittifaqın
yalnız bir neçə azərbaycanlı üzvü
vardı. 1930-cu illərin gərgin repressiya durumu şəraitində
milli musiqinin lazımi məcrada inkişafını təmin etmək
son dərəcə müşkülə çevrilmişdi. Yalnız dahi Üzeyir bəy Hacıbəyovun
uzaqgörənliyi, həm bəstəkar, həm təşkilatçı
və həm də pedaqoq kimi apardığı nəhəng
işin sayəsində, təşəkkül
dövrünü yaşayan təşkilatı Kommunist
Partiyası diktatının ifrat formalarından qorumaq
mümkün olmuşdur. Tez bir zamanda Azərbaycan
Bəstəkarlar İttifaqı özünün
çoxşaxəli və çoxcəhətli fəaliyyəti
ilə respublikada müasir bəstəkar
yaradıcılığının vüsətli tərəqqisini
təmin edən bir təşkilata çevrildi və
Üzeyir Hacıbəyovun xeyir-duası ilə sənətə
adlamış, Azərbaycanı uzaqlarda tanıtmağa
qadir güclü bəstəkar nəsli ilə zənginləşdi.
Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov,
Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev, Soltan Hacıbəyov,
Cahangir Cahangirov, Süleyman Ələsgərov, Hacı Xanməmmədovun
ölməz musiqisi artıq çoxdandır ki, mənəviyyatımızın,
iç dünyamızın ayrılmaz tərkib hissəsinə
çevrilmişdir. Beləliklə, keçən əsrin
ortalarına kimi musiqinin bütün əsas irihəcmli
janrlarında çox sanballı və əhəmiyyətli əsərlər
yaradılır; opera, balet, simfoniya, konsert kimi
irihəcmli janrlar, caz və estrada musiqi üslubu Azərbaycan
bəstəkarları tərəfindən üzvi şəkildə
mənimsənilir. Üzeyir Hacıbəyov Bəstəkarlar
İttifaqına 11 il rəhbərlik etdi. 1948-ci ildə onun vəfatı
ilə Bəstəkarlar İttifaqının tarixində
bütöv bir mərhələ - Hacıbəyov mərhələsi
başa çatdı. Bu dövr milli bəstəkar və
musiqişünas kadrların formalaşması və təşkilatlanması
baxımından sözün əsl mənasında
taleyüklü oldu. Yarandığı ilk illərdə cəmi
5 nəfər milli kadrın təmsil olunduğu İttifaqda
1948-ci ilin əvvəllərində artıq 55 nəfər
üzv var idi.
Ü.Hacıbəyovdan
sonra həm bəstəkar, həm pedaqoq, həm də Bəstəkarlar
İttifaqının lideri kimi estafeti qətiyyətlə
üzərinə götürmüş Qara Qarayev Azərbaycan
musiqisini yeni inkişaf səviyyəsinə qaldırmaq və
bunun üçün təşkilatın bütün
imkanlarını və resurslarını məksimum səfərbər
etmək taktikasını seçdi və uğurla həyata
keçirdi. 40-cı illərin sonu və bütövlükdə
50-ci illərdə ittifaqın iş rejimi böyük gərginliyi
və xüsusi intensivliyi ilə diqqəti cəlb etdi.
Azərbaycan musiqisinin
demək olar ki, bütün janrlarında bu illər
böyük nailiyyətlər və əsl çiçəklənmə
dövrü kimi səciyyələnir. 1949-cu ildə keçirilmiş
möhtəşəm tədbir - Azərbaycan bəstəkarlarının
yaradıcılığına baxış və onun məntiqi
davamı kimi hər il keçirilən plenum və
baxışlar, nəhayət, Azərbaycan Bəstəkarlar
İttifaqının 1956-cı ildə baş tutmuş I
qurultay bütün bu nailiyyətləri şərtləndirən,
stimullaşdıran, surətləndirən başlıca amillər
olmuşdur.
30 ilə yaxın Azərbaycan
Bəstəkarlar İttifaqının sədri olmuş
(1953-1982) Q.Qarayev Ü.Hacıbəyovun ənənələrini
davam etdirərək böyük bəstəkarın təşkilatın
bünövrəsinə qoyduğu əsas prinsipləri mahir təşkilatçı
və qüdrətli musiqi xadimi kimi qorumuş və inkişaf
etdirmişdir. Yüksək
səviyyəli peşəkar təhsilin əsas meyar kimi bərqərar
edilməsi ilə ittifaqın sıraları xeyli möhkəmlənir.
Moskva Konservatoriyasında XX əsrin dahi bəstəkarı
D.Şestakoviçin sinfində təhsil almış Qara
Qarayev və Cövdət Hacıyev milli bəstəkarlıq
məktəbinin inkişafında əvəzsiz rol
oynadılar. Onların sinfindən Rauf
Hacıyev, Oqtay Zülfüqarov, Tofiq Bakıxanov, Oqtay
Kazımi, Arif Məlikov, Musa Mirzəyev, Aqşin Əlizadə,
Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Emin
Sabitoğlu, Məmməd Quliyev, Elza İbrahimova, Sevda
İbrahimova, Firəngiz Əlizadə, Polad
Bülbüloğlu, Cavanşir Quliyev, Fərəc Qarayev, Oqtay Rəcəbov, İsmayıl Hacıbəyov,
Azər Dadaşov, Eldar Mansurov, Fərhəng Hüseynov, Rəhilə
Həsənova, Elnarə Dadaşova, Faiq Nağıyev, Rauf Əliyev,
Cəlal Abbasov kimi Azərbaycan musiqisinin müasir
simasını müəyyənləşdirən bəstəkarlar
yetişdi. Avropa musiqisinin aparıcı təmayülləri
- neoklassisizm, neofolklorizm, dodekafoniya, minimalizmin milli zəmində
işlənməsi çox maraqlı sənət
tapıntıları ilə nəticələndi. Q.Qarayev zamanın yeniləşən bədii-estetik,
üslub axtarışları fövqündə duran,
konservativ-ideoloji çərçivədə qapanmayan Azərbaycan
Bəstəkarlar İttifaqının SSRİ Bəstəkarlar
İttifaqının ən qabaqcıl və mütərəqqi
tərkib hissəsi kimi təsdiqlənməsində əvəzsiz
rol oynadı. Q.Qarayevin ittifaqın I, II, III, IV
qurultaylarındakı hesabat məruzələri ənənəvi
icmal xarakteri daşımamış, əhatə etdiyi illərin
əsl peşəkar tənqidi və təhlilini verən
tarixi sənədlər olmuşdur.
1960-cı illərin sonu
- 70-ci illərdə Azərbaycan Bəstəkarlar
İttifaqının təşəbbüsü ilə
maarifçilik və hamilik işlərinin yeni formaları
yaradılır. Azərbaycanın müxtəlif şəhər və
rayonlarında ilk dəfə səyyar plenumlar keçirilir, mədəniyyət
universitetləri, "Məktəblinin Filarmoniyası",
musiqi lektoriyaları, uşaq və gənclər
üçün musiqi həftələri, radio və
televiziyada çoxsaylı verilişlər təşkil edilir,
1978-ci ildə isə ittifaqın nəzdində təbliğat
bürosunun yaradılması ilə bu iş daha da intensiv və
daimi xarakter alır. 1979-cu il ittifaqın tarixində çox
mühüm hadisə - Naxçıvanda, Dağlıq
Qarabağda və Gəncədə bölgə təşkilatlarının
açılması ilə əlamətdar oldu. Xüsusi
qeyd etmək lazımdır ki, 70-ci illərin əvvəllərində
respublikada yeni simfonik orkestrin - Azərbaycan Dövlət
Televiziya və Radio Komitəsinin Simfonik Orkestrinin
yaradılmasında Azərbaycan Bəstəkarlar
İttifaqının müstəsna rolu olmuşdur.
80-ci illərin II
yarısından etibarən ölkənin ictimai-siyasi həyatında
baş qaldırmış yenidənqurma prosesləri,
güclü aşkarlıq və demokratiya meylləri
ittifaqın işində və ümumiyyətlə,
respublikanın musiqi həyatında xüsusi bir canlanma
yaratdı. Bu dövr
irimiqyaslı tədbirlərin, festival hərəkatının
geniş vüsət alması ilə səciyyələnmişdir.
Bu isə Azərbaycan musiqisinə xas ümdə
keyfiyyəti - növ, üslub, janr müxtəlifliyini parlaq əks
etdirməyə şərait yaratdı. Azərbaycan xalqı
dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin
həyatında baş verən dəyişikliklər, yeni
ictimai-siyasi, mədəni şərait ictimai təşkilatların
da işinə güclü təsir göstərmişdir.
Yarandığı gündən SSRİ Bəstəkarlar
İttifaqının tərkib hissəsi kimi səlahiyyətləri,
imkanları, təşəbbüslərini tabeli qurum səviyyəsində
qərarlaşdıran Azərbaycan Bəstəkarlar
İttifaqı 90-cı illərdə fəaliyyətini
artıq müstəqil dövlətin müstəqil ictimai təşkilatı
kimi davam etdirməyə başladı. Məlumdur ki, Azərbaycan
Bəstəkarlar İttifaqının keçirdiyi 8 qurultaydan
hər biri respublikanın mədəni və ictimai həyatında
böyük bir hadisə olmuşdur. Onların
işi dövrün, zamanın ab-havasını, şəraitini
özündə bariz əks etdirirdi. 1956-cı ildə
keçirilmiş I qurultay əgər bəstəkarlıq və
ifaçılıq məktəbinin yarıməsrlik təşəkkül
dövrünün parlaq nəticəsi, əldə edilmiş
uğurların baxışı idisə, 1990-cı ildə keçirilmiş
VII qurultay "Qara yanvar" günlərinin ağır psixoloji
durumunu bulavasitə əks etdirdi: bu, Azərbaycan Bəstəkarlar
İttifaqının tarixində musiqi proqramı olmayan,
yalnız təşkilati məsələləri gündəmə
çıxaran geyanə qurultay oldu. Nəhayət,
2007-ci ildə baş tutmuş sonuncu, VIII qurultay təxminən
musiqimizin 20 illik bir tarixinə, əldə etdiyi nailiyyətlərə
nəzər salmağa imkan yaratdı. Qurultayın 6
günlük konsert proqramında 65 bəstəkarın 100-dən
çox əsəri səsləndi. Dinləyicilərin
mühakiməsinə simfoniya, balet, musiqili komediya, xor musiqisi
nümunələrindən tutmuş, kamera əsərlərinə,
mahnı və romanslara kimi ən müxtəlif janrlarda və
üslublarda yazılmış rəngarəng əsərlər
təqdim edildi.
Hazırda Azərbaycan Bəstəkarlar
İttifaqı öz sıralarında 200 nəfər yüksək
ixtisaslı peşəkar bəstəkar və
musiqişünaslar ordusunu birləşdirir. Təşkilatın
başında Q.Qarayev məktəbinin ən parlaq nümayəndələrindən
biri olan və beynəlxalq aləmdə öz
sözünü demiş, yüksək nüfuz
qazanmış bir şəxsiyyət - respublikanın xalq
artisti, professor, YUNESKO-nun "Dünya artisti" fəxri
titulunu şərəflə daşıyan Firəngiz xanım
Əlizadə
durur. O, milli musiqinin geniş təbliği istiqamətində
dövlət tərəfindən həyata keçirilən
böyük layihələrin gerçəkləşməsində
fəal rol oynayır. Bu baxımdan son dövrdə onun bədii
rəhbərliyilə hazırlanmış möhtəşəm
Beynəlxalq Muğam Festivalını xatırlatmaq yerinə
düşür. Firəngiz Əlizadənin böyük
nüfuzunun nəticəsidir ki, Respublika Prezidentinin sərəncamı
ilə Bəstəkarlar İttifaqı uzun illərdən sonra
yenidən öz tarixi binasına - Xaqani 27 ünvanına
qayıtmışdır. Bu, ittifaqın 75 illik yubileyinə
dövlət tərəfindən edilən ən böyük
töhfədir. Vurğulamaq lazımdır ki, bina əsaslı
şəkildə təmir olunmuş və ən yeni müasir
avadanlıqla təchiz edilmişdir. Bu isə öz növbəsində
Bəstəkarlar İttifaqının çoxşaxəli
işinin yeni səviyyəyə yüksəlməsinə güclü
təkan verəcəkdir.
Lalə Hüseynova
Azərbaycan Bəstəkarlar İttifaqının
məsul katibi, sənətşünaslıq namizədi
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 4.