Günümüzün sevgi günü
“Məhəbbət o qədər güclüdür
ki, bizi yenidən yaradır”
F.M.Dostoyevski
Sevgi... Bu haqda o qədər
danışmaq olar ki... İlahi möcüzə,
duyğuların ən kövrəyi, ən təmizi, kədərin-sevincin
təcəssümü. Bilirəm, müasir zamanın böhranlı-qayğılı
dövründə nəinki belə gül-bülbül
cümlələr yazmaq, hətta sevgi haqqında
danışmaq gülünc görünə bilər. Lakin
dünən 30 iyun idi. Azərbaycanlıların “Sevgililər
günü” (baxmayaraq ki, ildə 2 dəfə “xaltura” edib 14
fevralı da qeyd edirik). Bu müqəddəs günün
üstündən sakitcə ötüb başqa mövzuda
yazmağa əlim gəlmədi, həm də günün səbəbkarı
olan İlham və Fərizə cütlüyünü yada
salmamaq günah olardı...
Hərdən onları
indiki gənclərimizlə müqayisə edərkən, nədənsə
o sevgi mənə nağıl kimi görünür. Bir sevgiyə
tac olacaq sədaqət, şəfqət hisslərini
bütünlüklə özündə birləşdirən
o sevgilər hanı?.. Deyəsən, elə doğrudan da
ötən əsrin nağıllarında, arzularında, bir də
tarixində qaldı...
Bir az sevgi... bir az da romantika...
Bəzən sevgini pilləkənə
bənzədirəm...Əvvəlində mehribanlıq, sadəlövhlük,
səmimilik, sədaqət...sonunda sevgi. Bir pilləkəndə
isə xəyanət gizlənir,
ayağın büdrədisə
yıxılırsan, nə
xilas edən tapılır, nə də bağışlayan.
Sevginin müqəddəslıyi də
elə bununla bağlıdır. Hər kəs
o sədaqəti sonadək
qoruyub saxlaya bilməz. Xüsusilə də müasir
zamanımızda, virtual dırnaqarası
sevgilərin dəb halını aldığı
vaxtda.
Nədir sevgi? Sevgi ifadəsi çətin,
gözlərə həkk
olmuş, ürəkdən
su içən, xoşbəxtliyi pıçıldayıb
kədəri qovan, bəzən isə tam əksini yaşadan, hamının arzu etdiyi incə duyğulu kövrək hisslərdi. Sevgi lazım
gəldikdə özünü
fəda etmək, həsrəti dadıb vüsala dözmək intizarıdır. Sevgi onsuz
belə onunla olmaq, ürəyinin bir küncündə ikinizə aid bir dünya qurub onunla yaşaya bilmək hissidir. Sevgi kordur. Görməz, hiss edər, həm
də laldır, duyğular danışar.
Bir az
da qəddardır...Həsrətdən ürəyinə
dağ çəkər,
külünü göyə
sovurar... Bəzən də küsdürər
hamıdan səni, yadlaşıb bu dünyaya təklənərsən.
Sevərsən ay işığını,
dənizi bir də yağışı...
Dərdinə həmdəm olarlar,
danışarsan sirlərini
gecələrdə onlara.
Bəzən kədərin
ay işığına zolaqlar
salar, bəzən dəniz kükrər, bəzən də yağış ağlar...
Sevginin var olduğu anlarda tənhalığı
seçmək xeyirxah
duyğulara üz çevirib getmək deməkdir. Onun olduğu xarabalıqlar
belə güllər açar, xoşbəxtliklər
addımlayar. Sevgini dadmayıb
ondan yan gəzmək xəyanətə
qucaq açmaq qədər yaxındır.
Sevginin yaşı yoxdur. Nə vaxt səni yaxalayacağı da heç bəlli olmaz. Sevgi qocalmaz, hər
gün daha gəncləşər. Sevgi tükənməz,
bitməz...Ətrafına
nur saçar. Yalana boyun əyməz...
Niyə indiki
sevgilər “beş günlük”dü?
Deyirlər, sevgi var. Onu yaşadanlar yoxdur, sadəcə. Həqiqətdən kənardır desəm, yalan olar. Nəzərə alsaq ki, əvvəlki dövrlərdən
fərqli olaraq bu günün sevgiləri real və virtual
sevgi cəbhəsinə
bölünüb, bu zaman həqiqət qaçılmaz olar.
Virtual sevgi nədir?
Elə gənclərin, yaşıdlarımın
dili ilə desəm, Çat sevgisi (çox axmaq sevgidir). Bircə dəfə bu “sevgilər”in şahidi olmaq üçün virtual aləmə
səyahət edib kompyuter monitorunda bar-bar bağıran “Aşkım,
səni çoooox sevirəm”, qarşı tərəfin də “mən də səni çooooox sevirəm, canım mənim” deyərək hələ “sevgilisi”nin rəngi-ruhundan xəbərsiz
olan, virtual dünyanın
dərinliklərində itib-batan
gənclərimizin yazdıqları
bu əttökən kəlmələri oxumaq kifayətdir. Bəli, əksər gənclərimizin
sevgini dərk etmək səviyyəsi hələ ki çox təəssüf,
bu səviyyədə
inkişaf edir.
Digər ikinci və deyərdim
ki, ən böyük səbəb isə xəyanətlə hər
addımda qarşılaşma qorxusudur. Sədaqətin varlığı elə o
nağıllar qədər
çox uzaqdadır.
Deyə bilərsiz ki, sevəndən sonra xəyanət niyə axı? Mən də deyə
bilərəm ki, daha doğrusu, Konfutsi demiş, sevgi qadının həyatında bir romandırsa, kişinin həyatında o romandan bir səhifə, bu zaman xəyanət
qaçılmazdır. Bu gün əksər
oğlanların “Xəyanəti
daha çox qızlar edir” və qızların da eyni ifadəni
oğlanların qarasına
söyləməsi fikriylə
tez-tez rastlaşırıq.
Amma onu da qeyd
edim ki, oğlanların özləri
bu xəyanətdə
onların daha çox payı olduğuna əmindirlər,
lakin neyləmək olar, kişilik qüruru bu etirafa sədd çəkir.
İstərdim sizlərə
bir dahinin elə məhz kişi “sədaqət”indən bəhs
edən hikmətli sözünü çatdırım. Elias Kanetti deyirdi
ki, “Qadın ərə getdi ki, onunla hər
zaman bir yerdə olsun. O isə qadına evləndi ki, onu unutsun”. Şərhə ehtiyac varmı?
Əbədi Sevginin işıqları altında...
Dünən təsadüfən
yolum Şəhidlər Xiyabanı tərəfdən
düşmüşdü. Gecə olduğundan ətraf
qaranlıq idi. Gecələr çil-çıraqlı işıqlara bürünmüş
Bakını seyr etmək də bir aləmdir. Uzaqdan şəhidlərimizin məzarları
görünürdü. Gözüm təsadüfən ən birinci məzara - Fərizə və İlhamın məşəl
işığında nurlanan
rəsmlərinə sataşdı.
Bu gün hamıya ibrət olacaq o sevgiyə gözlərim doldu... Allah rəhmət eləsin!
P.S. Görəsən, tənhalar
günü nə vaxt qeyd olunacaq?..
Yeganə CANSAİL
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 3.