Sumqayıt rəssamlarının sərgisi
açıldı
Bu il ölkənin ikinci ən böyük şəhəri
sayılan Sumqayıtın salınmasının 60 ili tamam
olur. Şəhərin yubileyi münasibətilə həm
Sumqayıtda, həm də ondan kənarda bir çox mədəni
tədbirlər keçirilir. Sumqayıtin dünəninin, bu
gününün əks olunduğu tədbirlərdə şəhərin
mədəni həyatı da diqqətə
çatdırılır. Bu sıradan növbəti tədbirə
Muzey Mərkəzində start verildi.
Dünən mərkəzin
Sərgi Qalereyasında Sumqayıt şəhərinin
yaranmasının 60 illiyinə həsr olunmuş təsviri və
xalq tətbiqi sənət nümunələrindən ibarət
“ Xəzərin rəngləri” adlı sərginin
açılışı oldu. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Sumqayıt Şəhər İcra
Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə
əvvəlcə bu şəhərin dünəni və bu
günündən danışıldı. Sonra isə
sumqayıtlı sənətkarların əl işlərinə
tamaşa edildi.
Sərginin
açılışına dəvət olunmuş görkəmli
sənət adamlarının, mədəniyyət xadimlərinin
qarşısında çıxış edən Sumqayıt
Şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Əliyev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
uyğun olaraq şəhərin yubileyinin qeyd olunması istiqamətində
silsilə tədbirlərin keçirildiyini bildirdi. O
vurğuladı ki, Sumqayıtın bir şəhər kimi
inkişafı H.Əliyevin birbaşa nəzarətində
olub. Bu gün də şəhər digər regionlar kimi hər
bir sahədə dinamik inkişafdadır. Eləcə də mədəni
sferada şəhərin özünəməxsus ənənələri
davam etdirilir. V.Əliyev bu sərginin keçirilməsində
təşkilatçı olan Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsünün şəhər
sakinlərinə töhfə olduğunu vurğulayaraq sərginin
işinə uğurlar arzuladı.
Mədəniyyət və
Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov
Sumqayıtı həm də mədəniyyətimizin şəhəri
adlandıraraq bu şəhərdə tanınmış sənət
adamlarının yaşamasından, buradakı mədəni həyatdan
danışdı. O bildirdi ki, şəhərin inkişaf yolu
gözümüzün qarşısındadır.
Sumqayıtın incəsənətini əks etdirən bu tədbirdə
onun mədəniyyətinin bir hissəsi ilə
tanışlığın mümkün olduğunu bildirən
F.Qurbanov hər kəsi bu sərginin keçirilməsi
münasibətilə təbrik etdi.
Çıxışlardan
sonra Sumqayıt sənətkarlarının əsərləri
nümayiş etdirilən sərgi salonları sənətsevərlərin
ixtiyarına verildi. Ümumilikdə beş sərgi salonunda
müxtəlif mövzularda 132 sənət nümunəsi təqdim
edilirdi. Sərgidə nümayiş etdirilən şəhərin
tanınmış rəssamı Vaqif Nəzirovun “Ey Vətən”,
“Əlvida Bakı”, “Karvan”, tətbiqi sənət ustası
Habil Salmanovun milli musiqi alətləri, Vidadi Qafarzadənin
“Çağırılmış qonaq” tablosu, Xatirə
Tapdıqovanın düzəltdiyi suvenirlər və digər
rəssamların əsərləri xüsusi marağa səbəb
oldu.
Qeyd edək ki, sərgi 3 gün davam
edəcək.
SABUTAY
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 2.