Əziz xatirə
Mirbəhram
Əziz
xatirə
Girdim qəbiristanlığa,
Dinlədim səssizliyi və cəsarəti.
Torpağı çəkib
başına, məzar daşında söndürüb
zamanı,
Oynayırdılar səssizcə
Ölü rolunu ölü cildindəki
ölülər.
Bu ölülər çox cəsurdu
Ölməkdən qorxmurlar.
Girdim qəbiristanlığa,
Dinlədim xoşbəxtliyi.
Xoşbəxtliyin sərhədini
pozan qaçaq tabutları gördüm
Tabutun çölü xoşbəxtlik,
tabutun içi xoşbəxtlik həsrəti.
Budur insanların ümidi, ya da nifrəti.
Girdim qəbiristanlığa,
Dinlədim ölümün anasının çaldığı laylanı.
Baxdım ölümün beşiyinə,
Gördüm beşik ölü, ölüm ölü.
Baxdım torpaqda ilanların açdığı yarıqlara.
Gördüm deşik ölü, insan ölü...
Girdim qəbiristanlığa,
Dinlədim bədənlərlə birlikdə çürüyən bakirəliyi,
Dinlədim tabutların açar deşiklərində
Boğazı kəsilən qızılgüllərin xırıltısını
Torpağın üstü cəllad, torpağın altı cəllad
Torpaq
Dinlədim ölümə hamilə dirilərin duasını
Allaha sığındım, dinlədim özümü.
Girdim qəbiristanlığa,
Ayağımın altında xışıldadı xəzan.
Ayağımın üstündə dığırlandı zaman, məkan.
Dinlədim özümü
Söylədim son sözümü.
Girdim qəbiristanlığa
Bütün şəhər buradaydı,
Əbədi kədər buradaydı.
Hər məzar bir dəniz
Məzar daşları torpaqla toqquşan gəmi.
Susdum, dinlədim dənizin dalğalarını,
Gəminin içində ölümdən qorxan ölümsüzlük,
Torpağın alnında qara bir tale.
Dinlədim qaranlığı.
Girdim qəbiristanlığa
Bir qadın gördüm soyunmuşdu bədənini,
Alıb əlinə tikiş iynəsi kimi ruhunu
Tikirdi ağlaya-ağlaya daş kəfəni.
Soruşdum mehriban anamdan:
“Kimə tikirsən bunu”
Dedi: “Sənə tikirəm, bala, üşüməyəsən,
Daşdan tikirəm ki, dirilib bir daha ölməyəsən”.
Uşaq bağçası
Uşaq bağçası və qaçqın uşaqlar...
Bu bağça uşaqlarındır.
Bu bağçanın torpağı
Yorulmuş, dərisi soyulmuş duyğuların bədənidir.
Bu torpaqda uşaqlar əkdiklərini biçmirlər.
Bu torpağa təcavüz olunmuş,
Ümidləri sinəsindən iti caynaqlarla qoparılmış
Uşaqların gələcəkləri basdırılıb
Torpaqdan daha tox tabutların içərisində.
Bu bağçanın qaçqın uşaqları taxta qurdlarına çevriliblər,
Xoşbəxtliyin dəfni zamanı
Torpaqla müharibədə şəhid olmuş sevginin qanı qurumuş
Süd dişləriylə taxta oyurlar.
Oyduqca da doyurlar
Kimsəsizliyə, qaranlığa.
Torpağı yeyirlər soxulcan uşaqlar...
Uşaq bağçası və qaçqın uşaqlar...
Qaçqın uşaqlar bu bağçanın varlığıyla oynayırlar
Bu uşaq bağçasında hər şey uşaq kimidir.
Hava da, su da, zaman da...
Uşaq kimi sadəlövh, inanclı, kövrək, unutqan.
Burada qaçqın uşaqların bədənlərindən ruh qaçqındı,
Gözlərindən nur qaçqındı,
Qaçqındı duasından iman,
Dilindən söz, əlindən pul.
Qaçqın uşaqların qara saçlarına qar adamlar qaçır,
Şeytanı tanımayan günahsız günahlar qaçır
Uşaqların ruhlarındakı yağmalanmış çadır şəhərciyinə.
Cəhənnəmdə kül olmuş hisslər qaçır
Uşaqların damarlarındakı soyuq küləyin nəfəsinə.
Adamın yazığı gəlir bu uşaqlara
Xaraba şəhərin xaraba divarında qurulmuş
Hörümçək toruna düşüblər.
Bəlkə də bu uşaqlar balıqdılar, içdikləri su dəniz.
Dalğaların arasında inci damlaların tikdiyi
kəfənə bürünüblər.
Həyatın gözəlliyinə şirnikləşib dünyaya gəliblər.
Deyəsən, xəstələniblər, yenə seviblər.
Bu bağçanın qaçqın uşaqları nə Qarabağı tanıyırlar,
Nə də ki, Bakını.
Onlar ancaq doğma bağçalarını tanıyırlar.
Amma inanırlar, gözləyirlər
Bəlkə bir gün Tanrı Qarabağı göndərər deyə.
Göndərər buraya yağmurun nur damlalarıyla.
Göndərər Qarabağı şəhid olandan sonra onların qanlarıyla.
Qara bağa Qarabağ yağar.
Günəş qaranlığı boğar,
Dün gecə qazi olmuş QARABAĞI
Doğar...
Mədəniyyət.- 2009.-
3 iyul.- S. 13.