Əjdər İbrahimov anıldı
Onun haqqında çəkilmiş «Narahat adam» sənədli
filmi nümayiş olundu
İyulun 1-də Muzey Mərkəzində Azərbaycanın
tanınmış, istedadlı kinorejissoru Əjdər
İbrahimovun 90 illiyi ilə bağlı tədbir
keçirildi.
Tədbirdə mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev də
iştirak edirdi. Mərasimi giriş sözü ilə Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev açaraq, Əjdər
İbrahimovun yaradıcılığından, onunla
bağlı xatirələrindən danışdı.
Əjdər
İbrahimovla birgə işləmiş rəssam Rafis
İsmayılov, operator Rafiq Qəmbərov, Nizami Abbas və
Aydın Kazımov onunla bağlı xatirələrini
bölüşdülər. Onlar da öz növbəsində
mərhum sənətkarla işlədikləri filmlərdən,
Ə.İbrahimovun onlara qarşı insani münasibətindən,
böyük redjissorun iş prosesindən söhbət
açdılar.
Çıxış edənlər
qeyd etdilər ki, Əjdər İbrahimov öz xalqını
sevən, vətənpərvər rejissor olub. Doğrudan da,
onun yaradıcılığına
diqqət yetirsək, görərik ki, Ə.İbrahimovun çəkdiyi
"Bir məhəlləli
iki oğlan, "26 Bakı komissarı",
"Ulduzlar sönmür"
və başqa filmlərdə Azərbaycan
tarixinin müəyyən
hissəsi öz əksini tapıb. Çıxış edənlər
arasında mərhum sənətkarın xanımı Marqarita Maleyeva da var idi.
O, istedadlı rejissora yüksək səviyyədə diqqət
yetirdikləri üçün
Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkür etdi.
Əjdər İbrahimovla
bağlı xatirələrindən
söz açan Marqarita xanım həyat yoldaşının
yüksək insani hisslərə malik rejissor olduğunu da vurğuladı.
Tədbirin sonunda Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Nizami Abbasın
rejissoru və operatoru olduğu «Narahat adam» sənədli filmi
nümayiş olundu.
Filmdə Əjdər
İbrahimovun keçmiş sovetlər birliyinin müxtəlif
kinostudiyalarında çalışması, Vyetnam kinosunun
yaranmasındakı xidmətləri də öz əksini
tapmışdı.
Cabir
Mədəniyyət.- 2009.- 3 iyul.- S. 10.