Nəşriyyat işi yeni mərhələdə
M.F.Axundov adına Milli Kitabxanada ölkədə fəaliyyət
göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin
rəhbərlərinin ümumrespublika müşavirəsi
keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilat
etdiyi toplantının keçirilməsində məqsəd
ölkədə fəaliyyət göstərən nəşriyyat
və poliqrafiya müəssisələrinin işi ilə
tanışlıq, onların üzləşdiyi problemləri
müzakirə predmetinə çevirmək, həmçinin
kitab yaradıcılığı sahəsində geniş əməkdaşlığa
nail olmaq idi. 30-dan artıq nəşriyyat və poliqrafiya
müəssisəsi nümayəndələrinin, Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat şöbəsinin rəhbərlərinin
iştirak etdiyi tədbirdə Azərbaycan nəşriyyat
işinin ənənələri, idarə olunması prinsipləri
və bu sahədə fəaliyyət göstərən
dövlət qurumları, nəşriyyatlarla kitabxanalar və
kitab mağazaları arasındakı əlaqələr və
bu sahədəki problemlər, nəşriyyat işində
üzə çıxan neqativ hallar ətraflı müzakirə
edildi.
Müşavirədə
nəşriyyat və çap evlərinin rəhbərləri
çıxış edərək öz mülahizələrini
bölüşdülər, üzləşdikləri problemlərin
həlli istiqamətində təkliflərini irəli
sürdülər. Onların çıxışlarında həmçinin
nəşriyyat işi sahəsində fəaliyyət göstərən
subyektlərin əlaqələndirilməsinin zəruriliyi
mövcud problemlərin həlli yollarından biri kimi göstərildi.
Həmçinin mərkəzləşdirilmiş formada
naşirlərin birliyinin yaradılması müzakirə
predmetinə çevrildi. Toplantıda Milli Kitabxanada Mədəniyyət
və Turizm Nazirliyinin 2006-2009-cu illərdə nəşr
etdirdiyi kitabların sərgisi də müşavirə
iştirakçıları tərəfindən maraqla izlənildi.
Yığıncağa
sədrlik edən mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev tədbiri ölkədə nəşriyyat
və kitab çapı ilə əlaqədar keçirilən
ilk böyük toplantı kimi dəyərləndirdi.
Ədalər Vəliyev: “Kitab nəşri subyektləri
geniş tərkiblidir və qarşılıqlı əlaqələr
heç də sıx deyil”
Nazir müavini giriş
nitqində əvvəlcə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin təbriklərini
müşavirə iştirakçılarına
çatdırdı. Sonra isə diqqəti nəşriyyat təsərrüfatının
üzləşdiyi problemlərə yönəltdi: “Müstəqilliyin
ilk dövrlərində sovetlər dönəmində
mövcud nəşriyyat sistemi, kitabxana və kitab
satış şəbəkələri dağıntılara
məruz qaldı. Bu sahəyə nəzarət edən
keçmiş Mətbuat və İnformasiya Nazirliyinin səlahiyyətləri
2001-ci ildə Mədəniyyət Nazirliyinə veriləndə
biz əyani surətdə həmin sahənin nə qədər
acınacaqlı vəziyyətdə olduğunu gördük. Həmin
dövrdə kitab işi ilə əlaqədar Mədəniyyət
Nazirliyinin tərkibində 3 nəfərin daxil edildiyi nəşriyyat
sektoru fəaliyyətə başladı. 2006-cı ildə isə
yenidən təşkil edilən Mədəniyyət və
Turizm Nazirliyinin tərkibində nəşriyyat sahəsinin də
işi genişləndirilərək 8 nəfərlik bir
şöbə və 3 ayrıca sektor yaradıldı. Eyni
zamanda qeyd etməliyəm ki, həmin dövrdə ümummilli
lider Heydər Əliyevin, sonra prezident İlham Əliyevin kitabxana,
kitab işi ilə bağlı qəbul etdikləri qərarlar,
bu sahənin inkişafında böyük rol oynadı. Bilirsiniz
ki, müstəqilliyin ilk illərində tənzimləyici
qanunlarla nəşriyyat işi idarə olunurdu və bu qanunlar
çox sərt idi. 2000-ci ildə “Nəşriyyat işi
haqqında” mütərəqqi qanunun qəbulu ilə isə
sözügedən sahədə fəaliyyətə tam mənada
sərbəstlik verildi və beləliklə geniş imkanlar
yarandı, çoxsaylı problemlər həll edilmiş
oldu”.
Nazir müavini onu da
vurğuladı ki, bəzən qanunun verdiyi imkanlardan neqativ və
zərərli fəaliyyət üçün bəhrələnənlər
də olur. O bildirdi ki, bu tip fəaliyyət dövlətə
və cəmiyyətə mənfi təsir etməklə bərabər,
kitabxana, kitab fondu, ümumilikdə nəşriyyat-kitab
işinin perspektivlərinə mənfi təsir edir. Ə.Vəliyev
toplantı iştirakçılarının nəzərinə
çatdırdı ki, bu gün kitab işi sahəsinin
subyektləri geniş tərkibli olsa da
qarşılıqlı əlaqələr heç də
sıx deyil. Bu isə problemlərin həlli baxımından
ümumi işə ziyan gətirir.
Ə.Vəliyev
çıxışını davam etdirərək bildirdi: “Əslində
Azərbaycanda kitab çapı texnologiya olaraq XIX əsrdən
başlayıb və XX əsrin əvvəllərindən
sürətli inkişaf götürüb. 1920-ci ildə isə
Kitab Palatası yaradılıb. Həmin palata 2002-ci ildə
Milli Kitabxananın şöbəsi olaraq yenidən qurulub. Dövlətin
özəlləşdirmə proqramı ilə əlaqədar
bir çox nəşriyyatlar, poliqrafiya müəssisələri
fəaliyyətə başlayıblar. Hal-hazırda ümumi
sayı 12 mini keçən kitabxana, mərkəzləşdirilmiş
kitabxana sistemi, nəşriyyat və nəşriyyat işi sahəsində
çoxsaylı fiziki və hüquqi şəxslər, kitab
satışı mərkəzləri mövcuddur. Mədəniyyət
və Turizm Nazirliyi olaraq biz təxminən 10-12 nəşriyyatla
əməkdaşlıq edirik. Hər il nazirlik xarici ölkələrdə
keçirilən kitab sərgilərində Azərbaycan
kitabını nümayiş etdirir. Lakin bir çox müəssisələr
nəşr etdikləri nəşrləri çatdırmadıqları
üçün onların işi sərgilərdən kənarda
qalır. Halbuki “Nəşriyyat və kitabxana işi
haqqında” qanuna müvafiq olaraq nəşriyyatlar öz məhsullarını
müəyyən sayda həm Milli Kitabxanaya, həm də Kitab
Palatasına çadırmalıdır. Eyni zamanda təbliğat-təşviqat
məqsədləri üçün Mədəniyyət və
Turizm Nazirliyinin kitabxanasına da yeni nəşrləri verməlidirlər”.
Yaranmış vəziyyətdə
əlaqələrin zəifliyini əsas səbəb kimi
vurğulayan Ə.Vəliyev bildirdi ki, bu halda nəşrlərin
keyfiyyətindən, ad göstəricilərindən, məzmunundan
xəbər tutmaq mümkün olmur. Nəşr məhsulunun
sonda satışa çıxarıldığını,
kitabların sonrakı taleyinin kitabxanalarla
bağlandığını, kitab tariximizin qorunmalı
olduğunu bildirən natiq bu baxımdan nazirliyin nəşriyyat-kitab
işini gündəmə gətirdiyini bir daha diqqətə
çatdırdı. Gözəl nəşrlərlə
yanaşı, texniki və dil qüsurlarına malik, ziyanlı
fəaliyyəti olan dini cəryanlara dair nəşrlər,
ictimai həyatımıza uyğun gəlməyən keyfiyyətsiz
məhsulların olduğunu da bəyan etdi.
Yığıncağa
sədrlik edən nazir müavini ciddi bir problemi də gündəmə
gətirdi:
“Bəzən müəssisələr
sponsor hesabına zəif mətnli, aşağı keyfiyyətli
kitablar çap etdirir. Nəşriyyatlar yaşamaq uğrunda
mübarizə aparırlar, lakin bu yolla heç də uğur
qazanmaq, inkişaf etmək mümkün deyil. Mədəniyyət
və Turizm Nazirliyi isə bu sahənin işini sivil səviyyəyə
qaldırmaq, problemlərin həlli yolunda sizinlə əməkdaşlığa
hazırdır“.
Ə.Vəliyev bu
gün maddi-texniki, bədii tərtibat, avadanlıq imkanları
baxımından xarici təcrübənin öyrənilməsini
də önə çəkdi.
Natiq həmçinin nəşriyyat
rəhbərləri tərəfindən səslənən
naşirlər birliyinin yaradılması təklifini də bəyəndiyini,
respublikamızda nəşriyyat və poliqrafiya işinə
töhfə verə biləcəyini diqətə
çatdırdı.
Naşirləri birləşdirən quruma ehtiyac var
- Bu təklifin müsbət
tərəfləri kifayət qədərdir - deyə məsələyə
münasibət bildirən Ədalət Vəliyev öz fikirlərini
toplantı iştirakçıları ilə
bölüşdü. Əlaqələndirici qurumun olması
ümumi işə yalnız fayda gətirər. Məsələn,
təkrar nəşrlərə yol verilməz, bədii və
estetik zövqdən məhrum, xalqın mənafeyinə zidd
sap məhsulları bazara çıxarılmaz. Kitab
satış şəbəkəsinin yenilənməsi problem
kimi həll edilər, mexanizm ortaya qoyular. Yaxud nəyə
görə nəşrlər bizim kitabxanalar vasitəsilə
oxuculara satış üçün təklif edilməsin,
halbuki bölgələrə bu nəşrləriniz
çatmır. Nəyə görə nəşrləriniz sərgilərə
çıxmasın və sizlər xarici təcrübədən
yararlanmaq üçün sərgilərdə iştirak etməyəsiniz?
Kitab reklamı işinin qaydaya salınmasına, nəşriyyat
işinin elmi yönlərinin tədqiq edilməsinə ehtiyac
var. Bu işlər əlaqələrin möhkəmləndirilməsindən
keçir və nazirlik olaraq biz əməkdaşlığa
hazırıq».
Bu fikirlərin
ardınca Ə.Vəliyev vurğuladı ki, müşavirədən
sonra nazirlik müəssisə rəhbərləri ilə
müxtəlif tərkiblərdə əlaqələrini davam
etdirəcək və onların təkliflərini diqqətdə
saxlayacaq. Bunun, təmsil etdiyi nazirliyin mövqeyi olduğunu
bildirən natiq nəşriyyat sahəsinin təmsilçilərinin
təkliflərinin dinləniləcəyini söylədi.
Sonra söz
müşavirə iştirakçılarına verildi.
Ənənə var:
Çapçılar Birliyi
Yığıncağı
aktual problemlərə diqqət yetirmə baxımından əhəmiyyətli
hesab edən çıxışçı, ”Həmkarlar” nəşriyyatının
nümayəndəsi Asif Rüstəmli naşirlər
birliyinin yaradılması ideyasını müsbət
addım kimi dəyərləndirdi: «Hələ ADR
dövründə nəşriyyat işinin qaydaya
salınması üçün “Çapçılar Birliyi»
yaradılmışdı.
Mən
təklif edərdim ki, elektron kitabxana üçün nəşrlərin
yazılı forması hədiyyə olaraq Milli Kitabxanaya
verilsin. Burada nəşriyyatların işindəki
nöqsanlardan danışıldı. Konkret olaraq nəşrlərin
redaktə məsələsinə münasibətimi bildirərək
deyim ki, bu işə yüksək səviyyəli mütəxəssislərin
cəlb olunması nəşriyyatların maddi imkanlarından
asılıdır.
Əks
təqdirdə, kitabın çapı baha başa gəlir. Nəşriyyatlarımız
etibarlı əllərdə olmalıdır. Biz isə
çox vaxt sifarişçidən asılı oluruq. Hesab
edirəm ki, bu müşavirədən sonra nəşriyyatlarımız
yeni inkişaf yoluna qədəm qoyacaq”.
“Beşik” nəşriyyatının
direktoru Nərgiz Cabbarlı isə dövlətin nəşriyyat
işinə yardımının vacibliyini vurğulayaraq, bu
gün bədii tərtibat və redaktəsi yerində olan
keyfiyyətli çap məhsulları hazırlayan naşirlərin
olduğunu dedi: «Sırf naşirlərin zövqündən
asılı olanda gözəl iş üzə
çıxır. Lakin kommersiya nəşrlərində
çatışmazlıqlar daha çox olur. Məncə,
kitabların satış məsələləri, kitab
bazarının formalaşmasına dair tədbirlər
hazırlanmalıdır ki, müəssisələr maddi cəhətdən
asılı vəziyyətə düşməsinlər. Sözügedən
birliyin təsisi isə üzləşdiyimiz problemlərin həllinə
böyük imkanlar yaradardı. Eyni zamanda müəssisələrin
işinə stimul verilməsində bu birlik üzərinə
funksiya götürə bilər”.
Kitab satışı və
kitab reklamı
Bakı Kitab Klubunun direktoru Elxan
Rzayev problemin həllinin kitab bazarı və onun
satışı ilə bağlı olduğunu
vurğuladı: “Belə bir vəziyyətdə, tirajın cəmi
300-500 ədəd olduğunu nəzərə alanda nə
yaxşı redaktədən, nə də poliqrafik keyfiyyətdən
söhbət açmaq olmur. Onda kitabın maya dəyəri
çox yüksəlir. Mən konkret olaraq iki təklif edirəm.
Bazara ucuz, lakin keyfiyyətli nəşrlər
çıxarılması üçün dövlət
dotasiyasi verilə bilər. Yaxud nəşriyyatlar maliyyələrinin
bir qismini birləşdirməklə ucuz kitablar nəşr
edib, geniş oxucu kütləsini alıcıya çevirə
bilər və nəticədə tədricən kitab bazarı
genişlənər. Bu yolla həm də naşirlərin əməkdaşlıq
imkanlarını öyrənmək olardı. Birliyin
yaradılması aktualdır. Amma nəşriyyatlar özlərini
bu birliyi yaratmağa hazırlamalıdırlar”.
Elxan Rzayev həmçinin bildirdi ki,
təmsil etdiyi qurumun keçirdiyi sorğu nəticəsində
məlum olub ki, potensial oxuculardan cəmi 10 faizi yeni nəşrlərdən
məlumatlıdır. O, bunu əsas tutaraq telekanallarda və mətbuatda
kitab reklamına güzəştlər edilməsini vacib amil
kimi önə çəkdi.
“Nağıl Evi» nəşriyyatının
direktoru Ə.Əsədzadə müşavirənin aktual məsələni
müzakirə etdiyini bildirdi. O qeyd etdi ki, Naşirlər
birliyinin yaradılması ilə nəşriyyat işinin maddi
imkanları kifayət qədər genişləndirilə bilər.
Naşir həmçinin kitab reklamı işinin vacibliyindən
də söz açdı: “Nə televiziyalarda, nə də mətbuatda
kitab reklamına rast gəlinmir. Onlarda reklam verilməsi işi
tənzimlənməli, eləcə də kitab sərgiləri
tez-tez keçirilməlidir”.
“Azərnəşr”in direktoru Azər
Mustafazadə dövlət səviyyəsində nəşriyyat
işi ilə əlaqədar görülmüş işləri
alqışladığını bildirərək,
adıçəkilən birliyin yaradılmasının vacibliyini
də qeyd etdi.
Toplantıda digər nəşriyyat
rəhbərləri də üzləşdikləri problemlərdən
söz açaraq konkret təkliflərlə
çıxış etdilər. Vurğulandı ki, naşirlərin
birliyinin, yaradılması bu sahədə əsaslı
dönüşə, kitab nəşrinin yeni mərhələyə
qədəm qoymasına səbəb olardı. Bütün
bunlarla yanaşı, nəşriyyat-mətbəə
münasibətləri, maddi resursların yaradılması,
kitab çapının strateji əhəmiyyəti
müşavirədə müzakirə predmetinə
çevrildi. Tanınmış nasir İsmayıl Vəliyev
ölkədə kitab çapına elmi baxımdan qiymət
verərək bu sahəyə peşəkar yanaşmanın tərəfdarı
olduğunu önə çəkdi. O, həmçinin səslənən
problemlərə də münasibətini bildirərək, bir
alim kimi problemlərin həllində iştiraka hazır
olduğunu diqqətə çatdırdı.
Kitablar
standartlara uyğun deyil
M.F.Axundov adına Milli Kitabxananın
direktoru Kərim Tahirov isə nəşriyyatlarla kitabxanalar
arasında əlaqələrə diqqət göstərməyi
vacib saydı: “Artıq kitabxanamızda yeni nəşrlər
evi yaradılması istiqamətində iş aparılır. Bura
alıcılarla naşirlərin, kitab işi ilə məşğul
olanlarla kitabsevərlərin mərkəzinə çevriləcək.
Etiraf edək ki, bu gün bizdə kitab biznesi yoxdur. Bu olarsa, tələbat
öyrənilər və kitabların tirajı artar. Tələbatsa
var. Təkcə kitabxanaları misal çəkərdim. Sadəcə
olaraq, oxucunun tələbatını öyrənmək
lazımdır. Fürsətdən istifadə edərək
xahiş edirəm ki, nəşr etdiyiniz məhsulların
nüsxələrindən Milli Kitabxanaya göndərin”.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu
ölkədə çap olunan kitabların 95 faizinin beynəlxalq
standartlara uyğun gəlmədiyini bildirərək, dünya
kitab çapına interqrasiyanın yollarından
danışdı. O, həmçinin nəşriyyat sahəsində
günümüzlə bağlı tənzimləyici yeni
qanunların qəbulunun vacibliyindən söz açaraq nəşrlərdə
ən adi qaydaların pozulduğuna dair faktları
açıqladı. Natiq naşirlərin diqqətini ölkədən
kənar kitab bazarlarına da yönəldərək potensial
alıcıların bu bazarlarda da mövcud olduğunu, xarici
ölkələrdə kompakt yaşayan həmvətənlərimizin
kitaba ehtiyacını, tələbatını nəzərə
çatdırdı. Sahə ilə bağlı beynəlxalq təcrübəylə
müşavirə iştirakçılarını
tanış edən natiq onu da önə çəkdi ki,
naşirlər təşkilatlanarlarsa, müxtəlif layihələr
hazırlayıb donorların imkanlarından bəhrələnə
bilərlər.
Əlaqələr
davam etdiriləcək
Geniş müzakirələr mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevin
aşağıdakı çıxışı ilə
yekunlaşdı.
- Hələ də nəşriyyatlar
öz işlərini günün tələbləri səviyyəsində
qura bilmirlər. Kitab bazarı tələbat əsasında
qurulur, lakin nəşriyyatlar alıcı qazanmaq istiqamətində
çalışmırlar. Nazirliyin kifayət qədər
işi, öz idarəetməsində olan müəssisələrinin
həyata keçirilməli proqramları var. Lakin biz bu
müşavirəni keçirdik ki, kitab mədəniyyəti
yüksəlsin, nəşriyyatlarımızın səviyyəsi
dünya standartlarına yaxınlaşsın. Biz işbirliyini
bu kontekstdə qurmağa tərəfdarıq. Öz
imkanlarımız hesabına kitab-satış şəbəkəsini
qurmaqdayıq. Siz də bu işlərdə fəal
olmalısınız. Hamımız kitabla bağlı
adamlarıq, amma keyfiyyətsiz nəşrlər təəssüf
doğurur. Biz ayrı-ayrılıqda sizin problemlərlə məşğul
ola bilmərik. Siz bir araya gəlib problemləri ümumiləşdirərək
təqdim etməlisiniz ki, dövlət istər qanunvericilik,
istərsə də digər sahələrdə lazımi
addımlar atsın. Qəbul etməliyik ki, nəşrlərimiz
standartlardan çox geridir. Nəşriyyatların əksəriyyəti
isə iqtisadi qanunauyğunluqlarla fəaliyyət göstərmir.
Ə.Vəlyev sentyabr ayının
10-20-si aralığında paytaxtda Birinci Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının keçiriləcəyini də
xəbər verərək bu tədbirdə nəşriyyatları
fəal iştirak etməyə çağırdı.
Sonda nazir müavini
qaldırılmış məsələlərin həlli
üçün nazirliyin müvafiq şöbəsi ilə
mütəmadi əlaqə saxlamağı tövsiyyə etdi.
Sabutay
Mədəniyyət.-
2009.- 3 iyul.- S. 5.