Rusiyada Azərbaycan
Mədəniyyəti Günləri
keçirilir
Moskvada Azərbaycan Mədəniyyət Günlərinin
açılış mərasimi olub. İlk olaraq Kremlin Sütunlu Zalının foyesində azərbaycanlı fotoqrafların
əsərlərindən ibarət
sərgi açılıb.
Sərgidən sonra keçirilən
mərasimdə Rusiya mədəniyyət nazirinin
müavini Aleksandr Qolutva və Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək Rusiyada Azərbaycan Mədəniyyəti
Günlərinin başlaması
münasibətilə iştirakçıları
təbrik ediblər.
Rusiyanın mədəniyyət
nazirinin müavini A.Qolutva iki ölkə arasında ildən-ilə
bütün sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əlaqələrin inkişafında
böyük nailiyyətlərin əldə edildiyini
vurğulayıb:
“Biz
Azərbaycan mədəniyyəti
və incəsənətini
çox sevirik. Ölkələrimiz arasında
aktiv mədəniyyət
mübadiləsini ləngidən
yeganə amil odur ki, mədəni
əlaqələri inkişaf
etdirmək arzusu bəzən maliyyə imkanları ilə üst-üstə düşmür. Lakin bu amil bizləri
münasibətlərimizi daha
da möhkəmlətmək
hissindən çəkindirmir.
Bu tədbir əməkdaşlığa yeni
imkanlar acır”.
Azərbaycanın mədəniyyət
və turizm naziri Ə.Qarayev çıxışında qeyd
edib ki, iki ölkə arasında mədəni əlaqələr
Azərbaycan və Rusiyanın siyasi, iqtisadi-ticari, humanitar və
digər sferalarında ikitərəfli əməkdaşlıq
münasibətləri ilə harmonik olaraq inkişaf edir: “Azərbaycan
və Rusiya arasında bugünkü mədəniyyətlər
mübadiləsi Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərindən
sonra gerçəkləşməsi həm də simvolik məna
daşıyır. Hər iki prezidentin imzaladığı sənədlər
ölkələrimizi qarşılıqlı şəkildə
maraqlandıran iqtisadi proqramların, siyasi münasibətlərin
daha da inkişafı üçün gözəl əsas
yaradıb”.
Ə.Qarayev bu dəfə
Azərbaycan mədəniyyətinin bir qədər qeyri-adi
rakursda təmsil olunacağını deyib. Onun sözlərinə
görə, iki il əvvəl maestro Mstislav Rostropoviçin təşəbbüsü
ilə Azərbaycanda uşaq simfonik orkestri yaradılıb: “Bu orkestr il yarım ərzində
Avropa və dünyanın bir çox şəhərlərində
uğurla çıxış
edib və indi həmin orkestr Moskva auditoriyası qarşısında
çıxış etmək
şərəfinə nail
olub”. Əbülfəs
Qarayev Azərbaycan nümayəndə heyətinin
Moskvadan sonra Tatarıstanda da çıxış edəcəyini
qeyd edib: “Bugünkü mədəniyyət
günlərinin başlıca
özəlliyi Moskvaya
gənc sənətçilərin
gəlməsidir. İnşallah,
iki gün sonra Tatarıstana səfər edəcəyik.
İlin sonuna qədər Azərbaycanla
bağlı mədəniyyət
tədbirləri davam edəcək. Bu tədbirlər sərgilər,
konsertlər və s. formada olacaq".
Konsert dahi bəstəkar
Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası ilə
başlayıb.
Azərbaycan Dövlət
Uşaq-Gənclər Simfonik Orkestri dirijor Teymur
Göyçayevin rəhbərliyi altında
çıxış edərək Qara Qarayev, Fikrət Əmirov,
Vaqif Mustafazadə, Cahangir Cahangirov və Niyazinin əsərlərini
səsləndiriblər.
Ümumrespublika muğam
müsabiqəsinin laureatı Elməddin İbrahimovun ifa etdiyi
“Qarabağ şikəstəsi”, Bakı Xoreoqrafiya Məktəbinin
tələbələrinin ifasında “Arşın mal alan”
komediyasından üvertüra və “Mənim Azərbaycanım”
süitası tamaşaçıların gurultulu
alqışlarına səbəb olub. Proqramda vokalçı
İsmayıl Yunusov da italyan mahnısı “Camayka” və Azərbaycan
xalq mahnısı “Qalalıyam”ı alqışlar altında
ifa edib.
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi ilə Rusiyanın “Vokruq Sveta”
redaksiyası arasında imzalanan sənədə əsasən,
Azərbaycanın mədəniyyəti və turizm
potensialını əks etdirən 500 tirajlı bələdçi
kitabı nəşr olunacaq.
Rusiyada keçirilən
Azərbaycan Mədəniyyəti Günləri bir həftə
davam edəcək. İncəsənət nümayəndələrimiz
Azərbaycanı muğamdan tutmuş, fotosərgiyə qədər
bir çox sahələrdə tanıdacaqlar.
Xatırladaq ki, Azərbaycanda
iki il öncə Rusiya Mədəniyyət İli qeyd
olunmuşdu. Bu ilin sonuna qədər
isə Rusiyada Azərbaycanla bağlı
mədəni tədbirlərin
həyata keçirilməsi
davam etdiriləcək.
Mədəniyyət.- 2009.- 3 iyul.- S. 3.