«Atəşgah» üzərində
qayğı işığı
Ölkə rəhbərinin bu abidə-qoruğun
mühafizəsi haqda sərəncamı Azərbaycanın mədəni
irsinə yeni töhfədir
Son illər Azərbaycanda tarix və mədəniyyət
abidələrinə dövlət səviyyəsində diqqət
və qayğı daha da artırılıb. Bir sıra abidələrimizin
YUNESKO-nun Mədəni İrs siyahısına
salınmasını, zəngin və qədim tariximizi
özündə yaşadan məbədlərimizin yenidən bərpasını,
bölgələrdə aparılan genişmiqyaslı
qazıntı işlərini buna nümunə kimi göstərmək
olar.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu sahədə
imzaladığı fərman və sərəncamlar dövlətin
adıçəkilən sahəyə necə həssas
yanaşmasının göstəricisidir. Dövlət
başçısı bu sıradan növbəti sərəncamını
2 gün əvvəl imzalayıb. Sənəd Bakının
Suraxanı rayonunda yerləşən, atəşpərəstlərin
ən müqəddəs ziyarətgahı hesab edilən “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun
mühafizəsi və maddi-texniki təminati barədədir.
Sərəncamın
icrası ilə əlaqədar görüləcək işlər,
həyata keçiriləcək layihələr haqqında məlumat
almaq məqsədilə Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni İrs şöbəsinin bölmə
rəhbəri Rüfət Nuriyevə muraciət etdik. Dövlət başçısına
mədəni irsimizin qorunmasına göstərdiyi
qayğıya görə
təşəkkürünü bildirən R.Nuriyev sərəncamı vaxtında
qəbul edilmiş qərar adlandırdı:
«Sərəncam üç
mərhələdə icra
olunacaq. Birinci mərhələdə «Atəşgah məbədi»
Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması,
ikinci mərhələdə
Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə arxeoloji tədqiqat işlərinin aparılması
və nəhayət, üçüncü
mərhələdə «Atəşgah»
tarixi muzey mərkəzinin yaradılması
nəzərdə tutulur.
Sərəncamdan irəli
gələn məsələlərin
artıq bu gündən icrasına başlamışıq. Hazırda
muzey üçün
müvafiq ərazinin ayrılması məqsədilə
yerli icra orqanlarına müraciətlər
hazırlayırıq. Eyni
zamanda Arxeologiya və Etnoqrafiya İnstitutu ilə harada arxeoloji işlərin aparılması
ilə bağlı müzakirələrə başlamışıq.
Çünki bildiyiniz
kimi, Atəşgah
XVII-XVIII əsrlərə aid
tarixi abidədir. Bura öz od-alovu
ilə atəşpərəstlərin
ən müqəddəs
ziyarətgahı hesab
edilib. Onlar əsrlər boyu dünyanın ən müxtəlif ölkələrindən
bu ocağı ziyarətə gəliblər».
Bölmə rəhbəri
qoruq elan edildikdən sonra Atəşgaha həm xaricdən, həm
də ölkə daxilindən turist axınının
çoxalmasına baxmayaraq, ərazidə insanların dincəlməsi
üçün kiçik bir istirahət mərkəzi,
yüngül qəlyanaltı yerinin belə
olmadığını deyir: «Bu səbəbdən biz buraya
çoxsaylı turizm marşrutları reallaşdıra
bilmirdik. İndi isə Atəşgah qoruğunun
koservasiyası məqsədilə hazırlanan layihə-smeta sənədlərində
bunların hamısı nəzərə alınacaq».
«Atəşgah məbədi»
Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid
Babayi də ölkə prezidentinə çoxəsrlik tarixə
malik abidənin bərpasına belə xüsusi diqqət
ayırdığına görə təşəkkür
etdi. Sənədin qəbulunu çoxdan gözlədiklərini
deyən R.Babayi sərəncama əsasən qoruq ərazisində
yaxın günlərdə konservasiya işlərinin həyata
keçiriləcəyini bildirdi: «Bura qoruğun
işıqlandırma sisteminin yenidən qurulması, burada
yaradılacaq muzeydə nümayiş etdirmək məqsədilə
maraqlı eksponatlar əldə etmək üçün
arxeoloji qazıntıların aparılması, qoruğun
turistlərin diqqətini cəlb edəcək maraqlı turizm
obyektinə çevrilməsi və s. aiddir».
Rəşid Babayi sərəncamı
Azərbaycan mədəniyyətinə və mədəni
irsinə verilən yüksək qiymət kimi qiymətləndirdi.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 3 iyul.- S. 2.