Əbədi alov məbədi
Atəşgah məbədi
- YUNESKO-nun Ümumdünya İrs Komitəsinin İlkin
siyahısına salınmış abidə. Bu yeganə od
muzeyi xalqımızın erkən orta əsrlərdə inanc
yeri olan atəşpərstliyin ünvanıdır. "Sönməyən
odlar" əsrlər boyu səyyahların,
yazıçıların, rəssamların, alimlərin diqqətini
cəlb edirdi. Möcüzəni görmək
üçün Atəşgaha Mendeleyev, Vereşşaqin,
Aleksandr Düma (ata) və bir çox məşhur səyyahlar
gəlib. Xüsusilə Düma gördüklərindən
çox heyrətlənib. Gündoğan tərəfdəki
qapıdan (Atəşgahın bir qapısı var) içəri
girdikdə yazıçının diqqətini
dördbucaqlı tikili-səcdəgah cəlb edir. Səcdəgahın
yaxınlığında isə içərisində
"müqəddəs od" olan çala mövcuddur. Burada
atəşpərəstliyə sitayiş edən insanların
cəsədləri yandırılırdı. Mənbələrdə
həmçinin Hindistandan Bakı
yaxınlığındakı Suraxanıya əbədi oda
sitayiş üçün hind zəvvarlarının gəldiyi
qeyd edilir.
Bakının 30 km-də,
Abşeron yarımadasının Suraxanı qəsəbəsində
yerləşən abidə həm Azərbaycanın odlar
diyarı olmasını simvolizə edir, həm də ölkəmizin
qədim tarixini, dini ənənəsini özündə əks
etdirir. Ərəblərin Azərbaycanı istilasından, əhalinin
İslamı qəbul etməsindən sonra zərdüştilərin
ibadətgahı unuduldu, məbəd baxımsızlıqdan
uçub dağıldı.
Məbəd indiki şəklini
XIX əsrin əvvəllərində alıb. Yerli memarlıq ənənələri
ilə tikilmiş Atəşgah özündə qədim səcdəgahların
cizgilərini qoruyub saxlayıb. Məbədin üstündəki
yazılardan biri Vikramadit (hind) təqvimi ilə 1886-cı,
eramızın isə 1810-cu ilinə aiddir. Burada göstərilir
ki, mərkəzi məbəd-səcdəgah tacir
Kancanaqaranın vəsaiti ilə tikilib. Giriş formulları,
şeirlər və ayrı-ayrı ifadələr şəklində
olan məbəddəki 16 yazıda qədim hindi dili - sanskrit
yaşayır.
Suraxanı məbədinə
gələnlərin sayı XIX əsrin axırlarından
etibarən ildən-ilə azalır. Sonuncu hindli isə Atəşgahı
1883-cü ildə tərk edir. Oktyabr inqilabından sonra
Suraxanı məbədi kerosin zavoduna çevrilir, günbəzdəki
od isə söndürülür. Yalnız 70-ci illərin əvvəllərində
Hindistanın o vaxtkı baş naziri İndira Qandi müqəddəs
yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra
yerli rəhbərlik əl-ayağa düşür. Məbədin
ərazisi zir-zibildən təmizlənir, ora gedən yol
asfaltlanır, tikili təmir edilir. Ən əsası isə, məbəddə
qaz yenidən yandırılır. İndira Qandi səfərdən
çox razı qalır...
1970-ci ildə burada
aparılmış bərpa işlərindən sonra Atəşgah
Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix
Memarlıq Qoruq- Muzeyninin filialı kimi
tamaşaçıların üzünə
açılıb. Azərbaycan Respublikası Prezidentinin 19
dekabr 2007-ci ildə imzaladığı sərəncama əsasən,
bu tarixi abidə “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğu adı ilə müstəqil fəaliyyət
göstərir. Qeyd edək ki, ölkə
başçısı bugünlərdə “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və
maddi-texniki təminatı barədə sərəncam
imzalayıb.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 8 iyul.- S. 16.