Muzey müasirlik

 

Əvvəli ötən sayımızda

 

Rəhbərlik etdiyim R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin bu istiqamətdə gördüyü və nəzərdə tutduğu işlər barədə bəzi məqamları diqqətə çatdırmaq yerinə düşərdi.

Muzey idarəetməsinin çağdaş dövründə bir sıra istiqamətlər, o cümlədən, fond işi, (atributsiya, konservasiya və s.) ekspozisiya fəaliyyəti (nümayiş və təbliğ), elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq, nəşr işi, tamaşaçı gəlişinin təşkili və s. xüsusi əhəmiyyət daşıyır. Muzeyin təbliği işi ilə əlaqədar Azərbaycan TeleviziyasınınMaarifçilikredaksiyası ilə birgə Dövlət İncəsənət Muzeyində saxlanılan nümayiş etdirilən sənət əsərlərinə həsr edilmiş silsilə verilişlərin çəkilişi layihəsi həyata keçirilmiş, mədəniyyət və incəsənət mündəricəli mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri gücləndirilmişdir. Bundan başqa, Mədəniyyət Turizm Nazirliyinin İnternet saytında vaxtaşırı olaraq muzey həyatını əks etdirən məlumatlar verilir.

Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində muzeydə məqsədyönlü iş aparılır. Belə ki, muzeyin əməkdaşları vaxtaşırı olaraq müxtəlif seminarlarda, treninqlərdə, konfranslarda, o cümlədən, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Ölkəmizin muzey ictimaiyyətinə məlumdur ki, Dövlət İncəsənət Muzeyi Belarusun Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq müqaviləsi bağlamış, tərəfimizdən Ukraynanın, Moldovanın, Gürcüstanın, Rusiyanın təsviri sənət yönümlü muzeyləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri üzərində gedir. Bundan başqa, Çin, Hindistan, Cənubi Koreya, İran, Türkiyə, Özbəkistan, Qırğızıstan, Avstriya muzeyləri ilə birgə fəaliyyət tədbirləri barədə danışıqlar aparılır.

Muzeydə əməkdaşların elmi-tədqiqat işinə istiqamətləndirilməsi elmi potensialın güclənməsi, elmi kadrların hazırlanması məqsədilə bir neçə tanınmış alim, o cümlədən, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə, Kübra Əliyeva, sənətşünaslıq namizədi Sevil Sadıxova, filologiya elmləri namizədi Arif Ramazanov kimi mütəxəssislər kollektivə qəbul edilmişdir.

Hazırda muzeydə 9 kompyuter işləyir və onlardan üçünün İnternetə davamlı çıxışı var. Muzey eksponatlarının elektron kataloqu üzərində iş başa çatdırılmış, muzeyin Veb-saytı, eləcə də virtual filialı fəaliyyətə başlamışdır.

Muzeydə pullu xidmətin həcmi ildən-ilə genişlənir, əldə edilən gəlirlərin məqsədyönlü istifadəsi nəzarətdə saxlanılır.

Azərbaycan Dövlət İncəsənət Muzeyinin əsaslı təmir edilən binasının istər estetik tərtibatı, istərsə də mövzu-ekspozisiya həlli ilə bağlı işlər memarlar və dizaynerlərlə əlaqəli şəkildə müntəzəm işlənilir.

Hazırda təmir vəziyyətində olduğu, 7553.1 m2 ərazisindən cəmi 2643.7 m2 sahəsi daxilində, 53 ekskursiya zalından bu gün 14 zalla kifayətlənməli olan muzeyə tamaşaçı gəlişinin təşkilinin səviyyəsi, tamaşaçı sayı, eləcə də ölkə büdcəsinə maliyyə köçürülməsinin həcmi artmışdır.

Ötən iki il ərzində Dövlət İncəsənət Muzeyinin kitabxanası üçün daxili imkanlar hesabına 140 adda dünya muzeyləri, həmçinin müxtəlif kolleksiyalar haqqında olduqca dəyərli elmi ədəbiyyat , kataloqlar və albomlar alınmışdır.

İyirmi beş ildən artıq müddət ərzində xalq rəssamı M.Abdullayevin itirilmiş sayılan üç əsərinin Rusiyadan ölkəmizə gətirilməsi də bu istiqamətdə aparılan işin uğuru sayıla bilər.

Dövlət İncəsənət Muzeyində reklam və nəşriyyat işlərinə xüsusi diqqət yetirilir.Ötən dövrdə ölkəmizdə fəaliyyət göstərən, Rusiya və Türkiyə KİV-ləri də daxil olmaqla, bütün telekanallarda, radiolarda, qəzet və jurnal səhifələrində, İncəsənət Muzeyi haqqında müxtəlif məzmunlu (yüzdən artıq) material verilmişdir.

Uzun müddət ərzində passiv mövqedə olan nəşr işləri sahəsində də aşkar canlanma müşahidə edilir.Belə ki, xalq rəssamı S.Bəhlulzadənin 100 illik yubileyi münasibətilə təqvim çap edilmişdir.

Hazırda professor Ç.Fərzəliyevin müəllifliyi ilə “Azərbaycan Dövlət İncəsənət Muzeyi” və E.Qasımova tərəfindən işlənən “Azərbaycan qadın rəssamlarının əsərləri” albomları, N.Rəhimovanın və F.Muradəliyevanın birgə tərtib etdikləri “Keramika və çini sənət”, G.Məmmədovanın, S.Həbibovanın, M.Nuriyevanın, T.Əbdüləzizovanın tərtibində “Rus incəsənəti”, eləcə də G.Məmmədova və S.Həbibovanın hazırladıqları “Rus qravürası” kataloqları, həmçinin muzeyin digər kolleksiyaları, o cümlədən , tikmə, metal, bəzək əşyalarından ibarət eksponatlar əsasında bukletlər və açıqca dəstləri üzərində iş aparılır. Bundan başqa, muzeydə prof. İ.İsrafilovun müəllifliyi iləMuzey terminlərinin izahlı lüğətihazırlanır. Qeyd edilən işlərin cari ildə nəşr edilməsi nəzərdə tutulur.

Bütün müəssisələrdə olduğu kimi, İncəsənət Muzeyində də nəsillərin təbii yerdəyişmə prosesi baş verir.Odur ki, muzeydə sənətşünas və muzeyşünas kadrların seçilməsi və yerləşdirilməsinə xüsusi diqqət yetirilir.Təkcə son iki ildə muzeyə Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 11 məzunu işə qəbul edilmişdir.Sözün bu məqamında bir faktı da qeyd etmək lazımdır ki, kadr seçimi zamanı ali təhsil almış məzunların bir qisminin estetik dünyagörüşü və ixtisas hazırlığı bəzən qənaətbəxş olmur.

Dövlət İncəsənət Muzeyində istər fondların mühafizəsinə, istərsə ekspozisiya fəaliyyətinə diqqət və tələbkarlığın artırılması, təbii olaraq səmərəli nəticələr əldə etməyə yol açır.Fondda vaxtaşırı keçirilən inventarizasiya prosesi səriştəli komissiya tərəfindən aparılır. İstər tutuşdurma və şəhadətnamələrin işlənməsində, istərsə də inventar kitabların təkmilləşdirilməsində müqayisəli təhlil prinsipi və təlimatlara müvafiqlik əsas götürülür.

Muzeydə kütləvi işin mütərəqqi metodları axtarılır və uğurla tətbiq edilir. Belə ki, muzeydən kənar fəaliyyət tədbirləri müxtəlif müəssisə təşkilatları əhatə edir. Həmin təşkilatlarda vaxtaşırı mühazirələr görüşlər təşkil edilir, muzeyin təbliği ilə bağlı tematik tədbirlər keçirilir. Muzeyin ayrı-ayrı təşkilatlarla, o cümlədən, muzeyə gəliş birgə tədbirləri nəzərdə tutan tədris müəssisələri ilə bağladığı müqavilələr tamaşaçı gəlişinin kəmiyyət göstəricilərinə müsbət təsir göstərir.Həmin təhsil müəssisələri arasında Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası, Xəzər Universiteti, eləcə onlarla kollec orta təhsil məktəbini qeyd etmək olar.

Bundan başqa, muzey Bakı şəhərində fəaliyyət göstərən müxtəlif turizm şirkətləri və firmaları böyük mehmanxanalar ilə də müvafiq müqavilələr əsasında əməkdaşlıq münasibətləri qurmuşdur.Muzey əməkdaşlarının telekanallarla, mətbuat orqanları ilə tərəfdaşlıq əlaqələri də onun fəaliyyətinə, xüsusilə onun təbliği və tamaşaçı gəlişinin təşkili işinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, İncəsənət Muzeyinin tamaşaçı göstəriciləri digər muzeylərlə müqayisədə xeyli yüksəkdir.

Belə ki, son iki ildə İncəsənət Muzeyində tamaşaçı sayı 73597, büdcədən kənar daxil olmalar isə 51307 manat olmuşdur.

Hazırda yeni açılacaq ekspozisiya zallarının mövzu-ekspozisiya planı hazırlanıb təhvil verilmişdir. KAMİS proqramının tətbiqi ilə bağlı işlər davam etdirilir. Yeni açılacaq zalların ekskursiya mətnlərinin hazırlanması işi gedir. Muzey özünün təbliğat işi ilə bağlı istehsalat- təsərrüfat fəaliyyətini planlaşdırır, bu istiqamətdə elmi-yaradıcılıq emalatxanalarının yaradılması məsələsi üzərində işləyir.

 

 

İsrafil İsrafilov

R.Mustafayev adına

Azərbaycan Dövlət İncəsənət

Muzeyinin direktoru,

sənətşünaslıq doktoru, professor

 

Mədəniyyət.- 2009.- 8 iyul.- S. 11.