Sadəliyin rəng yozumu
Rənglərdə dil və musiqinin olduğuna şübhə etməyən
rəssam haqqında
Rəssam Kirman Abidin 1959 - cu ildə Şahbuz
rayonun Külüs kəndində anadan olmuşdur. 1982 - ci ildə
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunu, 1988 - ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rəssamlıq
fakültəsini tətbiqi qrafika ixtisası üzrə
bitirmişdir.
1989 - cu ildən Azərbaycan Rəssamlıq
İttifaqının üzvüdür.1984 - cü ildən
respublika və keçmiş SSRİ - nin ümumittifaq və
beynəlxalq sərgilərinin
iştirakçısıdır. Rəssamın bu il 50
yaşı tamam olur. Yubiley ərəfəsində onu yenidən
oxuculara görüşə gətirdim.
Lap kiçik yaşlarımdan məni işıq və
kölgənin, sonralar musiqi ilə rənglərin sirli vəhdəti
tez-tez düşündürürdü. Həyətimizdəki
balaca hovuzun divarlarında əks olunan işıqla kölgənin
qəribə «rəqsi» məndə əsrarəngiz
duyğular oyadırdı.Çoxlarının adi təbiət
hadisəsi kimi əhəmiyyət vermədiyi «tamaşa»ya
saatlarla baxmaqdan yorulmaz, bu «sirri» kəşf etməyə can
atardım.
Mən yaratdıqları möhtəşəm
əsərlərlə adlarını tarixə həkk
etmiş rəssamların həyatından bəhs edən
kitablar oxumuşam və bilirəm ki , onlar çox zaman
kasıblıq və səfalət içində
yaşayıb, ən ağır məşəqqətlərə
düçar olublar. Elə buna görə də rəssamlar
mənim nəzərimdə həmişə adi insanlardan fərqləniblər.
Bəlkə də, düşüncəmdə
formalaşmış bu fikrin təsirindən idi ki , ilk
baxışdan adi , normal insanlardan seçilməyən
Kirmanı həmin «siyahıya» aid etmədim.
Görünür sadəliyi və ifrat təvazökarlığı
məndə onun böyük istedad sahibi olduğuna
şübhə yaratmışdı.
Bir dəfə təsadüfən əlimə
incəsənətlə bağlı bir dərgi keçdi. Kirman Abidinin tətbiqi
- qrafika nümunələri ilə ilk dəfə bu
jurnalın səhifələrində tanış oldum. Onun
plakatçı - rəssam kimi yaratdığı əsərlər
bədii - estetik dəyərlərindən əlavə , həm
də vətəndaşlıq nöqteyi-nəzərindən
zövqümü oxşadı.O vaxtdan qapalı bir insan kimi
tanıdığım Kirmanın istedadlı bir rəssam
olaraq yaradıcılığını müntəzəm izləməyə
başladım.
Kirmanın bədii-qrafik işlərində maraqlı məqamlarla
tez-tez rastlaşmaq olar. Onun işlərinin ən böyük əhəmiyyəti
ondadır ki, rəssam Azərbaycanda get-gedə yaddan
çıxan, unudulmaqda olan bir janra müraciət edib. Bu
janrın, rəssamı şöhrətə doğru aparan ən
uzun və əziyyətli yol olmasına rəğmən,
Kirmanın özünü məhz bu janrda sınaması sənət
yanğısından, sənət sevgisindən irəli gəlir.
Məhz onun bu seçiminə hörmətlə
yanaşır, tamamilə təbii hesab edirəm.
Çünki qəlbindəki vətən təəssübkeşliyinə,
sənət yanğısına artıq az-çox bələd
olmuşam. Əminəm ki, zahirən sakit görünən, əslində
isə təlatümlü dənizi xatırladan iç
dünyasının səsi onu bu çətin yolun
yolçusu edib.
Zəngin ənənələrə və
yüksək uğurlara
malik bir sahəni Azərbaycanda bu gün yaşadanlardan biri də
Kirman Abidindir. Müstəqilliyin ilkin dövründə plakata
ehtiyacın olmaması plakatçı-rəssamları
sənətin digər sahələrinə «köçməyə»
məcbur etdiyi bir vaxtda bu sahəyə ürəkdən
bağlı olanlar bədii plakat sahəsində
yaradıcılıqlarını davam etdirirlər.
1994-cü ildə Bakı İncəsənət Mərkəzinin
«Yunokal-Xəzər-Amerika» neft kompaniyası ilə birgə «Azərbaycan
bu gün» devizi altında bədii plakat müsabiqəsini təşkil
etməsi bədii plakat sahəsində başlanmış tənəzzülün
qarşısını almaqda kömək etdi. Müsabiqəni
keçirtməkdə məqsəd yeni Azərbaycan
plakatının formalaşdırılması, milli plakata,
plakatçı-rəssamlara himayədarlıq edilməsi idi.
Kirmanın müsabiqəyə təqdim etdiyi Azərbaycanın
20 faiz torpaqlarının işğalından bəhs edən
«Böyük bədbəxtliklər kiçik səbəblərdən
doğur» adlı plakatında vətənin taleyüklü
problemləri rənglərin dili ilə o qədər
qabarıq cizgilərlə çatdırılıb ki, sətri
tərcüməyə belə ehtiyac qalmayıb. Və yaxud
doğma vətənə sevgi ruhunda köklənmiş «Hey
uçsam da, yuvam sənsən» bədii plakatını
götürək. Müəllif bu plakatda Azərbaycanın
bir neçə sənət korifeyinin şəklini verməklə,
balaca bir məmləkətin çox böyük dühalar
yetirməyə qadir olduğunu göstərmək istəmişdir.
K.Abidinin «Sövdələşmə» və
«Ümid qapıları»
adlı əsərlərində cəmiyyətin irinləmiş
yaraları sayılan korrupsiya və rüşvətxorluq kimi
bəlaların ifşası orijinal şəkildə öz əksini
tapıb. Görünür, elə bu müsbət
tapıntının nəticəsidir ki, müəllifin
sözügedən plakatları müsabiqənin birinci
mükafatına layiq görülüb. Kirmanın əsərlərində
müstəqil Azərbaycanın tərənnümü,
üçrəngli bayrağa intəhasız məhəbbəti
onun hüdudsuz vətən sevgisindən, əsl vətəndaş
mövqeyindən xəbər verir. Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş bədii
plakatları və onlarla digər əsərləri deyilənlərə
misal göstərmək olar.
Bir neçə il əvvəl keçirilmiş
müsabiqədə isə Kirmanın «Azərbaycanın xilası sağlam qüvvələrin
birliyindədir» plakatı üçüncü mükafata
layiq görülmüşdü. Bu baxımdan Kirmanın indiyə
qədər yaratdığı bədii plakat nümunələrinin
ana xəttinin Azərbaycan mövzusunda təşkil etməsi
təsadüf saymaq düz olmazdı.
1988 - ci ildə Türkiyənin Standartlaşdırma İnstitutunun
keçirdiyi beynəlxalq yarışda 3 - cü yerə , 2000
- ci ildə isə İranda beynəlxalq karikatura
yarışmasında «Uğur» mükafatına layiq
görülmüşdür. Mütəxəssislər onu həm
də müxtəlif mövzulu qrafik əsərlər silsiləsinin
müəllifi kimi də çox bəyənirlər.
Kirmanın son illər kompyuter qrafikasında işlədiyi əsərlər
mövzu zənginliyi baxımından daha çox maraq
doğurur. Bədii plakat rəssamı Kirman Abidin 50 illik
yubileyi münasibətilə ilin son aylarında fərdi sərgisini
açmağa hazırlaşır.
Uğurlar olsun!
Nazilə Nərimanqızı
Mədəniyyət.- 2009.- 8 iyul.- S. 9.