“Arazın ləpələri...”

 

yaxud bir müsahibənin tarixçəsi

 

Dünyaya göz açdığımız ulu yurdun sirli-soraqlı keçmişini birər-birər vərəqləyən, sələflərdən xələflərə yadigar qalmış “hər saxsı parçasını, hər məzar daşını” böyük bir yanğı ilə arayıb-axtaran, “yeddi yol boşalıb dolan” bu qosqoca dünyanın kiçik bir guşəsi olan Şamaxının “tərcümeyi-halı”nı öyrənən və öyrədən təəssübkeş alimlərimizdən biri də tarix elmləri namizədi, arxeoloq Hüseyn Ciddi idi.

 

Ötən əsrin 70-80-ci illərindən başlayaraq Şamaxı şəhəri ərazisində, o cümlədən adı Nizami Gəncəvinin “Xəmsə”sində çəkilən məşhur Gülüstan qalası, Narın qala, Buğurt qalası, Qız qalası, habelə şəhərin Sarıtorpaq, İmamlı. Qalabazar və digər yaşayış sahələrində silsilə arxeoloji qazıntılar aparan xüsusi ekspedisiyanın rəhbəri Hüseyn Ciddinin milli tarix elmimizə verdiyi töhfələri qədirbilən şirvanlılar bu gün də unutmayıb. Hüseyn müəllimlə unudulmayan daha bir olay isə bu cəfakeş tarixçi-alimlə olan son müsahibəmlə bağlıdır ...

1985-ci ilin qızmar yay günü idi. Hüseyn müəllimin arxeoloji ekspedisiyası şəhərin axar-baxarlı guşələrindən birində qazıntı işləri aparıırdı. Alimlə görüşüb bir ovqat söhbəti etmək həvəsim iyun günəşinin 40 dərəcəyə çatmaqda olan hərarətinə üstün gəldi. Sadəcə qələmimi və cib dəftərçəımi götürüb Qalabazar məhəlləsinə yollandım. İri çətirlər qurulmuş meydançaya çatanda ayaq saxladım. Kiçik bir kətilin üstündə oturmuş Hüseyn müəllim, torpağını təmizlədiyi qədim sikkəni zərrəbinlə nəzərdən keçirirdi. Doğrusu, yayın bu “cırhacırında”, küçə-bacada ins-cinsin gözə dəymədiyi, susuzluqdan dil-dodağın təpidiyi, imkanı olanların özlərini sərin meşələrə, kölgəliklərə verib istirahət etdiyi bir vaxtda cadar-cadar olmuş torpaqda qazıntı işləri aparan alimin “fanatikliyi” məni heyrətləndirdi: Buna bax, deyə düşündüm,- bu da sənətdir?.. Bu cəhənnəm istisində, gəl otur toz-torpağın içində ki, iş bilmişəm.

Lakin elə həmin andaca bu sualı özümə də verdim: Bəs mən özüm, yayın bu qızmarında redaksiyada bir nəfərin belə tapılmadığı, həmkarlarımın özlərini kölgəyə verib “Bəzirganın”, “Qırxbulağın” buz kimi soyuq suyundan içərək sərinləndiyi bir vaxtda, bu toz-torpağın içinə niyə gəlmişəm. Bəlkə, məni də buraya gətirən elə “fanatikliyimdir”, öz peşəmə olan vurğunluğumdur?... Şübhəsiz ki, belədir.

Hüseyn müəllimlə çox səmimi və mehribanlıqla görüşdük. Qarşıdakı kvadratşəkilli sahədə qazıntı işləri aparanlar qurşağadək soyunmuşdular.Onların mis rənginə çalan bədənləri, nədənsə, mənə qədim Romanı, qladiatorları xatırlatdı. “Spartak” filmindəki döyüş səhnələri yadıma düşdü. Mənə elə gəldi ki, əllərindəki külünglə, bellə, kərki ilə “torpaqla vuruşan” bu insanlar da əsil döyüşçülərdir - tarixin sirlərini öyrənmək üçün əsrlərlə, qərinələrlə, keçmişlərlə vuruşurlar. Və vuruşa- vuruşa “ zamanın əli ilə oğurlanmış tariximizin” min illərə səpələnmiş vərəqlərini toplayıb “ömür kitabımızı” bərpa edirlər...

Hüseyn müəllim iri çətirin altındakı su bidonlarını göstərərək-bax, bu bidonlar nə eramızdan əvvələ aiddir, nə də orta əsrlərə,- deyə şirin bir zarafatla söhbətimizə özü körpü saldı. Uşaqlar susuzluqdan əziyyət çəkməsin deyə, “Bəzirgan” bulağının suyundan gətizdiririk. Buyurun, qonaq olun.

Buz kimi su ilə dolu stəkanı birnəfəsə başıma çəkdim. Bəh... Bəh... su deyil həyat iksiridir. Hə söhbətimizə su ilə başladıq, demək aydınlıq olacaq...

Hüseyn müəllim özünəməxsus bir təbəssümlə, - bu gün səhər üzümüzə xeyirlə açılıb,- dedi. İlkin və orta əsr Şamaxısına dair xeyli əşya tapmışıq. Bilirsiniz, bu diyarın hər qarışı, hər daşı, hər kəsəyi bir tarixdir. Bu torpağın altında tarixin min bir sirri yatır. Hər layın, hər qatın, hər təbəqənin öz “sirri” var. Bütün bu tapıntılar, əşyayi-dəlillər, maddi-mədəniyyət nümunələri Şamaxının iki min ildən artıq yaşı olduğunu göstərir. Əslində şəhərlər də insanlara bənzəyir. Hər birinin öz taleyi, öz “alın yazısı” var. Götürək, elə Şamaxını. Yaşı Romanın, Pompeyin yaşından heç də az olmayan bu ulu diyarın hətta ən yaxın keçmişinə dair belə bir neçə yerüstü maddi-mədəniyyət abidəsi qalıb.Vəssalam, zəlzələlər, qırğınlar hər şeyi viran qoyub.

Hüseyn müəllim sözünə davam edərək, biri digərindən qiymətli olan hər belə tapıntı məni çox sevindirir,-dedi. Bilirsiniz, niyə? Nədənsə, bu torpaqda Təbrizin doğmalığını duyuram. Hüseyn müəllim birdən-birə mövzunu dəyişərək Böyük Vətəndən-güneyli-qüzeyli, şimallı-cənublu Azərbaycandan danışmağa başladı. Sonra xəyala dalaraq, Arazın o tayında Təbrizdə keçən uşaqlıq illərini xatırladı. Bu an mənə elə gəldi ki, tarixçi-alim doğma vətənini ikiyə bölən Arazın qırmızımtıl, qan rənginə çalan sularının pıçıltısını dinləyir:

  

   Dağdan gəlir lillidir,

   Necə şirin dillidir.

   Əzəldən nisgillidir,

   Arazın ləpələri...

 

Söhbəti məcrasına yönəltmək, Hüseyn müəllimi nisgilli xatirələr aləmindən ayırmaq üçün söz arasına söz qatdım:

- Hüseyn müəllim, öz aramızdır, neçə illərdir ki, bu boyda şəhərin altını üstünə çevirirsiniz, heç “qızıl küpünə” rast gəlmisinizmi?

Həmsöhbətim qəhqəhə çəkib güldü. Bayaqkı nisgil çöhrəsindən əriyib getdi:- o qədər küplər tapmışıq ki,- dedi. Amma içərisi qızılla dolu küp hələ ki qismətimizə çıxmayıb. Lakin bir dəfə...Qulaq asın, sizə məzəli bir əhvalat danışım:

- Günlərin birində Şamaxının Xınıslı kəndi ərazisində, məşhur Gülüstan qalası yaxınlığında qazıntı işləri aparırdıq. Gözlənilmədən torpağın altından adam boyu hündürlükdə iri bir küp tapdıq.Orta əsrlərdə şərabçılıq məqsədilə istifadə olunmuş bu küpün sorağı az keçməmiş bütün rayona yayıldı. Maraqlananlar dəstə-dəstə gələrək küpə tamaşa edirdilər. Qəribə şayiələr yayılmağa başladı. Hər şeyi bəzəyib- düzəməyi xoşlayanlar “bir küp qızıl” tapılmasından dəm vururdular. Nəhayət, iş o yerə gəlib çatdı ki, rayon milis şöbəsindən, OBXSS (Sovet milisində ibtidai cinayətlərə qarşı mübarizə aparan qurum) sahə müvəkkili də gəldilər. Dedilər ki, gərək tapılan qızılları aktlaşdıraq. Doğrusu, matım-qutum qurumuşdu. Sınıq küpü asayiş keçikçilərinə göstərərək dedim ki, tapılan küp budur, içərisində də heç bir qızıl-flan olmayıb. Xalis şərab küpüdür. Buyurun, yoxlayın. Şahidlər-filan da öz yerində. Onlar da o ki var güldülər. Sonra da çıxıb getdilər.

Söhbətin bu yerində qazıntı aparanlardan biri iri küp qırığını Hüseyn müəllimə göstərərək,-indicə tapdıq,- dedi. Alim ayağa qalxdı. Sevinclə qazıntı aparılan sahəyə yönəldi. Görüşüb ayrıldıq. Redaksiyaya qayıdan kimi, təəssüratlar soyumamış qələmi işə saldım. Güman etdiyimdən daha səmimi və maraqlı bir ovqat söhbət alınmışdı. Ertəsi gün qəzetdə müsahibəni oxuyan arxeoloq redaksiyaya zəng çalıb öz təşəkkürünü bildirdi. Səmimi müsahibə Hüseyn müəllimin çox xoşuna gəlmişdi.

Təəssüflər olsun ki, o qızmar yay günü, o bəyaz çətirin altındakı görüş Hüseyn müəllimlə son görüşümüz oldu. Ekspedisiya işini başa vurduqdan sonra Hüseyn müəllim də Bakıya qayıtdı. Bir müddətdən sonra dəhşətli bir xəbər hamı kimi məni də sarsıtdı...Hər zərrəsində Arazın ləpələri kükrəyən Xəzərin qoynunda bir alim ömrünün vaxtsız-vədəsiz sona yetdiyinə inana bilmədim...Daha doğrusu, inanmaq istəmədim. Sən demə, Hüseyn müəllimin özü demişkən, bu da bir tale, bir alın yazısı imiş. Mənə elə gəlir ki, Arazın ləpələri bu gün də ikiyə bölünmüş vətən və yarımçıq qalmış bir alim ömrü haqqında xatirələr pıçıldayır:

  

   Haraylı himə bənzər,

   Qırılmış simə bənzər.

   Onun qəlbinə bənzər,

   Arazın ləpələri...

 

 

Cəlal Yaquboğlu

 

Mədəniyyət.- 2009.- 8 iyul.- S. 8.