Uzunömürlülər diyarında
Lerik turistlərə
nə vəd edir?
Azərbaycanın bölgələrində mövcud
olan turizm potensialı ilk növbədə
regionlarımızın əlverişli təbii-coğrafi
mövqedə yerləşməsi, zəngin flora və
faunası, gözəl təbiəti ilə şərtlənir.
Son vaxtlar müasir tələblərə cavab verən istirahət
mərkəzlərinin, hotellərin inşası, paytaxtdan
regionlara gedən yolların bərpası nəinki xarici
turistlərin, eyni zamanda yerli insanlarımızın da öz
istirahətlərini bölgələrimizdə keçirməsinə
maraqlarını artırır.
Hazırda turizm
mövsümünün qızğın dövrüdür. Bu səbəbdən
də Azərbaycanın
turizm üçün
əlverişli olan rayonları ilə bağlı bilgilərimizi
oxucularımızla bölüşməyi
qərara aldıq. Beləliklə, uzunömürlülər
diyarı sayılan Lerikin əhalisinin sayı 67.400 nəfərdir.
Azərbaycanın ən
gözəl guşələrindən
biri olan Lerik rayou Talış
dağlarının qoynunda
yerləşir. Buranın
gözəl təbiəti,
meşənin ətri
duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın
sakinlərinin uzunömürlü
olmasını şərtləndirir.
Lerikdə yay fəslində
havanın temperaturu çox nadir hallarda + 25 dərəcəni keçir.
Lakin yazda yağışların
çox yağması
bəzən yollarda gediş-gəlişi çətinləşdirir,
bəzi kəndlərə
gedib-gəlmək tamamilə
mümkünsüz olur.
Abidələr yerli sakinlər tərəfindən
mühafizə olunur
Lerik meşələrinin
əlçatmaz guşələrində yaşayan bəbir və
digər heyvanlar bu gün mövcud qanunlarla qorunur.
Burada qaban, tülkü,
dovşan, quş (ördək, kəklik) ovlamaq
üçün hər cür şərait var. Talış
dağlarının ən yüksək nöqtələri
Kömürgöy (2492 m) və Qızyurdu (2433 m) zirvələridir.
Bu diyarın özünəməxsus
tarixi var ki, bu da bütün Azərbaycanın mürəkkəb
tarixinin ən maraqlı məqamlarını özündə
əks etdirir. Lerik rayonunun ərazisində
bu diyarın hələ Neolit dövründə məskunlaşmış
olmasını sübut
edən çoxsaylı
mədəniyyət və
tarix abidələri qalır. Məsələn, Daş dövründən
qalmış mağara
şəklində düşərgə
yeri, Mistandağ kəndinin yaxınlığında
dəniz səviyyəsindən
təqribən 2430 m yüksəklikdə
yerləşən qədim
Qızyurdu məskəni
bu qəbildəndir.
Conu kəndinin
yaxınlığındakı Baba Həsən məqbərəsi,
Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah
kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu
kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi,
Cəngəmiran kəndinə gedən yolun kənarındakı
Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə
Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən
mühafizə olunur, həmin məqbərələrin ərazisindəki
qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə
Aleksandr Düma Cəngəmiran kəndində olmuş,
sonradan öz əsərlərinin birində bu kənddə
yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu
taleyini poetik şəkildə təsvir etmişdir.
Lüləkəran kəndində
XIX əsrdə inşa edilmiş orijinal məscid salamat
qalıb. Rayonun bir sıra kəndlərində daşdan
düzəldilmiş qoç fiqurlarının saxlanması da
diqqətəlayiq faktdır.
Lerikdə 163 il
Yuxarıda qeyd etdiyimiz
kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur.
Məsələn, bu
rayonun sakini Şirəli Müslümov
(1812-1975) 163 il fəal həyat tərzi keçirərək,
uzunömürlülük üzrə
dünya rekordu müəyyən edib. Rayonun digər sakini Mahmud Eyvazov (1808-1958)
150 il yaşayıb.
Lerikdə bu gün də yaşı bir əsri keçən,
lakin əmək qabiliyyətini itirməyən
onlarla sakin yaşayır.
Rayonda xalq sənəti
növlərindən xalçaçılıq, ağacdan
müxtəlif məişət əşyalarının
hazırlanması, eləcə də dulusçuluq sənəti
daha çox inkişaf edib. Buradakı xalça
toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu
xalçalar ənənəvi xanalarda deyil, birbaşa
döşəmə üzərində yerləşən
üfüqi xanada toxunur.
Rayonun inzibati mərkəzi Lerik şəhəridir.
Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri
Talış dağlarının
ətəyində, məhsuldar
düzənlik sahədə
yerləşir. Burada tarix-diyarşünaslıq
muzeyinə getmək, Qarabağ münaqişəsinin
qurbanlarının xatirəsinə
ucaldılmış memoriala
baxmaq mümkündür.
«Relax»da ilin bütün fəsillərində dincəlmək
olar
Lerikə gələnlər
yerli sakinlərin mənzillərində, eləcə də Lənkəran-Lerik
yolu boyunca yerləşən çoxsaylı istirahət
zonalarında qala bilərlər. Bunlardan
«Relax», “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”,
“Ağgöl”, “Paradiz”
və «Şəlalə»
istirahət zonaları
il ərzində ən çox turist qəbul edənlərdir. Unikal təbiətli Lerikin
istirahət mərkəzləri
artıq xarici turistlərin də rəğbətini qazanıb.
Rayonda fəaliyyət
göstərən «Relax» Lənkəran-Lerik yolunun 34-cü
kilometrliyində əsrarəngiz təbiəti olan bir məkanda
yerləşir. İstirahət mərkəzinin reklam direktoru Fərhad Salmanovun dediyinə görə, «Relax» ilin bütün fəsillərində
yerli və xarici turistlərə xidmət göstərir: «Mərkəz 65 ailənin istirahəti üçün
nəzərdə tutulmuş
kotteclərdən, 3 mərtəbəli,
35 birotaqlı və
15 ikiotaqlı mənzili
olan hoteldən ibarətdir. Mərkəzimizdə həmçinin 500 nəfərlik restoran-zal da mövcuddur». Həmin zalda eyni zamanda irimiqyaslı
tədbirlər, şənliklər,
treninqlər, konfranslar
keçirmək üçün
hər cür şəraitin olduğunu deyən F.Salmanov bildirir ki, burada
yaradılan şou-konsert
mərkəzi, rəqs
meydançası, uşaqlar
üçün əyləncə
yerləri turistlərin
mənalı istirahəti
baxımından əvəzsiz
bir imkandır: «Qeyd edim ki,
katamaran və qayıqlarda həzin nəğməli dağ çayında gəzinti,
balıq ovu, eləcə də Şərq üslubunda hazırlanmış külafirəngidə
təklif olunan çay və qəlyan turistlərə mərkəzimiz tərəfindən
göstərilən xidmətin
özünəməxsusluğundan xəbər verir. Eyni zamanda mərkəzimizdə
təşkil olunan turizm marşrutları və at belində gəzintilər də çox maraqlıdır.
Burada yaradılan zoopark, hovuz və akvapark
hamının marağına
səbəb olur.
Bizim məkanda dincələn turistlər istəklərinə
uyğun olaraq, ova çıxmaq imkanı da əldə edirlər».
Qeyd edək ki,
hazırda «Relax» Turizm İstirahət Mərkəzində 350 nəfərdən
çox turistin istirahəti üçün hər cür
şərait var.
Bu yerdə maraqlı bir
məqamı da oxucularımızın diqqətinə
çatdırmaq istərdik ki, ekspertlərin rəyinə
görə, ölkəmizdə turizm sektorunun müsbət
amillərə malik olması yaxın 5 ildə Azərbaycanın
turizm sənayesinin rəqabət aparmaq qabiliyyətinin yüksəlməsinə
imkan yaradacaq.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 10 iyul.- S. 8.