Bir əsrlik
Təzəpir
Son illər dövlətimiz tərəfindən
bütün dini ocaqlarımızda yüksək
səviyyədə yenidənqurma
və bərpa işləri aparılır.
Belə dini
ocaqlardan biri də Təzəpir məscid kompleksidir.
Şərqdə nadir gözəlliyi
ilə diqqəti cəlb edən Təzəpir məscidi təkcə Azərbaycanın
deyil, Qafqazın da dini mərkəzi
hesab olunur. Ona görə ki, Qafqaz Müsəlmanları
Ruhani İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə
bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir.
Qeyd edək ki, uzun illər
ərzində aparılan
cari təmir işlərinə baxmayaraq,
məscidin kommunikasiyaları
dəyişdirilmədiyindən köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətrafını
köhnə, qarma-qarışıq tikililər
əhatə etmiş,
gediş-gəliş yollarında tıxaclar yaranmış, yuxarı məhəllələrdən axıb
gələn çirkab
suları binanın özülünü qismən
zədələmişdi. İkinci
böyük problem məscid kompleksi ərazisində yerləşən
Qafqaz Müsəlmanları
İdarəsinin inzibati
və Bakı İslam Universitetinin tədris binalarının
tamamilə yararsız
olması idi. Bu tikililər praktik baxımdan müasir tələblərə
cavab vermir, texniki qüsurları ilə normal iş fəaliyyətinə
əngəl törədirdi.
Elə ona görə
də Prezident İlham Əliyevin göstərişi əsasında
2005-ci ildə məscidin
bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlandı.
Layihədə Təzəpir
məscidinin ilkin görkəminə qaytarılması
məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl
gətirməyən elementlərin
əlavə edilməsi
öz əksini tapırdı. Elə həmin vaxtdan paytaxtımıza xüsusi
yaraşıq verən
Təzəpir məscidinin
inşası sürətləndi.
Bu il iyulun
6-da respublika prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurma
və geniş tikinti işlərindən
sonra Təzəpir məscid kompleksində açılış mərasimi
keçirildi.
Qeyd edək ki, XX əsrin əvvəllərində kinoteatr
və anbar kimi istifadə olunmuş binada yenidənqurma işlərinin
gedişi zamanı məscidin ətrafı sonradan tökülmüş
torpaq qatlarından təmizlənib, onun kürsü hissəsi üzə çıxarılıb,
divarın sınmış
və çatlamış
daşları yeniləri
ilə əvəz olunub, divarlar kimyəvi maddələrlə
yuyulub. Deformasiyaya uğramış və əksəriyyəti
çürümüş qapı və pəncərələr qırmızı
şam agacından olan təzə qapı və pəncərələrlə, minarənin
çürümüş məhəccəri döymə
üsulu ilə hazırlanmış yenisi
ilə əvəzlənib.
Bundan başqa, məscidin daxilində müasir texnologiya ilə işləyən havalandırma sistemləri
quraşdırılıb, döşəmə
30 santimetrə qədər
dərinliyə salınıb,
döşəməaltı istilik sistemi qurulub. Döşəməyə
720 nəfərlik “Namazgah”
xalı döşənib.
Məscidin qadınlar üçün ibadət
hissəsi isə fıstıq ağacından
hazırlanmış şəbəkə
ilə ayrılıb,
metal pilləkən sökülərək
üstü taxta ilə örtülmüş
dəmir-beton pilləkən
quraşdırılıb. Kompleksin
giriş hissəsində
eyvanın qarşısı
daş şəbəkə
ilə bağlanıb
və ibadətə gələnlər üçün
qarderob yaradılıb.
Məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin
və Şərq ornamentinin nadir nümunələrindən
istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılmış, günbəzin
pəncərə konstruksiyaları
təzələnərək şəbəkəli taxta
pəncərələrlə əvəzlənib. Qeyd edək ki, günbəzə
ağırlıq gətirən
iki tonluq çilçıraq əvəzinə
müasir texnologiyalı
işiqlandırma sistemləri
quraşdırılıb. Eyni
zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılıb.
Məscidin tamamlayıcı
dekorativ elementlərinin
üstü, minarələrin
başı və kəmərbənd yazıları
ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin
üstü isə Qızılqaya daşı
ilə üzlənmiş,
burada dekorativ elementlərlə bərabər,
yuxarı hissədə
“La İlahə İlləllah”
kəlməsi 6 dəfə
təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin
üzəri yüksək
əyarlı qızıl
təbəqə ilə
örtülüb. Günbəzin
üstü isə hündürlüyü 1,6 metr
olan daş sancaqla tamamlanıb.
Təzəpir məscid kompleksinin ərazisindəki
birmərtəbəli yöndəmsiz
tikililər sökülərək
yerində Qafqaz Müsəlmanları İdarəsi
üçün beşmərtəbəli
inzibatı bina inşa edilib.
Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi
340 kvadratmetr olan 6000 kitablıq kitabxana var. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş,
tavanda 32 çilçıraq
quraşdırılıb. Kitabxananın
bir hissəsində dini verilişlərin hazırlanması üçün
ministudiya da qurulub. Kompyuterlərlə
təchiz edilmiş kitabxananın zəngin kitab fondu var.
Ərazidə 900 kvadratmetr
sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Zalın ayrıca havalandırma sistemi var. Tavan və günbəzin altı dekorativ ağac detallarla bəzədilib.
Məscidin qarşısında
sürüşmənin qarşısını
almaq üçün
xüsusi dəmir-beton
konstruksiya quraşdırılıb
və torpaq qatı yol səviyyəsindən
1 metrə qədər
götürülüb.
Mustafa Sübhi küçəsində
baş portala yaxın hissədə bir sıra köhnə
tikililər sökülərək
ibadətə gələnlərin
rahatlığı üçün
50 yerlik avtomobil dayanacağı yaradılıb.
2000 kvadratmetrə yaxın
divar Ağlay daşı ilə üzlənib və boşaldılmış ərazidə
müasir elektrik şəbəkəsi binası
inşa edilib. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi
yenidən qurularkən
4000 kubmetrə yaxın
torpaq işi görülmüş, qonşu
binaların 1400 kvadratmetr
fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənib. Məscidin
ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi
və Bəşir Səfəroğlu küçələrinin
kəsişməsində ayrıca
metal darvaza quraşdırılıb.
Bir sözlə, Təzəpir məscid kompleksi əsrarəngiz memarlıq incisinə çevrilib.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 10 iyul.-
S. 5.