Azərbaycanla Avropa Şurasının
mədəni əməkdaşlığı
müzakirə olundu
İyulun 8-də
Bakıda Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin, Avropa Şurasının Bakıdakı
nümayəndəliyinin birgə təşkilatçılığı
ilə Avropa Şurasının 60 illik yubileyi çərçivəsində
“Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı:
İmkanlar və perspektivlər” mövzusunda mərasim
keçirildi.
Əvvəlcə Avropa
Şurasının tarixindən bəhs edən film
nümayiş etdirildi.
Mərasimdə
açılış çıxışı edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ilə
Avropa Şurasının birgə həyata keçirdiyi layihələrdən
söz açdı.
Nazir Avropa
Şurasının 60 illiyinin Azərbaycanda qeyd
olunmasını önəmli hadisə kimi qiymətləndirdi:
“Avropa Şurası 60 illik fəaliyyəti dövründə
böyük Avropa ailəsinin yaranmasına səbəb olub. Azərbaycan səkkiz
ildir Avropa Şurasının üzvüdür
və bu illər ərzində birgə həyata keçirilən layihələr
çox olub. Ötən il Azərbaycanda Avropa Şurası ölkələri
mədəniyyət nazirlərinin
toplantısı keçirilib
və bu toplantıya ilk dəfə olaraq bir neçə islam ölkəsinin mədəniyyət
nazirləri də qoşulub. Bakı prosesinin davam etməsi bizim marağımızdadır. Bakı
İslam Mədəniyyətinin
Paytaxtı ili çərçivəsində bu dialoq davam
edəcək”.
Təşkilatla mədəni
əlaqələrimizin hazırda yüksək səviyyədə
olduğunu bildirən nazir, Azərbaycanın Avropa
Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət
verdiyini diqqətə çatdırdı. Ölkəmizin şuranın
iclasında ilk dəfə iştirak etdiyi 2001-ci ildə rəsmi nümayəndə
heyətinə məhz
Prezident İlham Əliyevin rəhbərlik
etdiyini xatırladan Ə.
Qarayev bu əlaqələrin daha geniş müstəvidə
inkişaf etdiyini və o vaxtdan
bir sıra layihələrin icra olunduğunu diqqətə
çatdırdı: «Bildiyimiz
kimi, mədəniyyətlərarası
dialoq müxtəlif xalqlar və dövlətlər arasında
mövcud olan problemlər, münaqişələrin
həll edilməsi, xoşbəxt gələcəyin
qurulması, qarşılıqlı
anlaşmanın və
hörmətin təşviq
olunması, həmçinin
mədəni müxtəlifliyin qorunmasına
şərait yaratmaqla
yanaşı, müasir
beynəlxalq münasibətlərdə
sülhün və təhlükəsizliyin təmin
olunmasına təkan verir. Biz bu
istiqamətdə Avropa
Şurasının fəaliyyətini,
onun üzv dövlətlərlə əməkdaşlığını
yüksək qiymətləndirir
və bu işə böyük önəm verdiyimizi fəaliyyətimizlə göstəririk.
Biz bu dialoqun
tərəfdarıyıq və
mədəniyyətlərarası dialoqda əlaqələndiricilik
missiyamızı davam
etdirəcəyik. Belə ki,
ötən ilin dekabrında paytaxtımızda
baş tutan konfransda Avropa ölkələri ilə yanaşı Şərq, ərəb ölkələrinin
mədəniyyət təmsilçiləri
iştirak etdi ki, bu da
mübadilə mövzusunun
müzakirəsini daha
mütəşəkkil etdi».
Natiq Avropa
Şurasının mədəniyyət, mədəni və təbii
irs üzrə direktoru Robert Palmerin rəhbərliyi ilə
nümayəndə heyətinin mərasimdə
iştirakından məmnun olduğunu da dilə gətirdi.
Avropa
Şurasının Baş katibinin Azərbaycandakı
xüsusi nümayəndəsi xanım Veronika Kotek isə
ölkəmizdə son illərdə mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqlara dair bir sıra mötəbər
tədbirin keçirilməsini Azərbaycan dövlətinin mədəniyyət
sahəsinə böyük qayğısı kimi qiymətləndirdi.
Avropa
Şurasının mədəniyyət, mədəni və təbii
irs üzrə direktoru Robert Palmer Bakıda onları səmimiyyətlə
qarşıladıqlarına və tədbirin yüksək səviyyədə
təşkilinə görə dərin minnətdarlığını
bildirdi. Azərbaycanın Avropa Şurasının əsas
konvensiyalarına, o cümlədən Mədəniyyət
Konvensiyasına qoşulduğunu və bu sahədə fəal
iştirakını qeyd edən Robert Palmer sülhün və
əmin-amanlığın bərpası istiqamətində
gördükləri işlərdən danışdı.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edərək ölkəmizdə həyata
keçirilən mədəniyyət layihələrindən,
Avropa Şurası ilə əlaqələrin inkişafı
sahəsində görülən işlərdən söz
açdı.
Görüşdə
Avropa Şurasının 60 illik fəaliyyəti, Azərbaycan
ilə təşkilat arasında mədəni əməkdaşlığın
vəziyyəti geniş müzakirə edildi.
Azərbaycan ilə
Avropa Şurasının birgə həyata keçirdiyi layihələr
slaydlarla nümayiş etdirildikdən sonra, Avropa
Şurasının üzvü olan ölkələrin mədəniyyət
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda 2008-ci il
dekabrın 2-3-də Bakıda keçirilən konfransından
hazırlanmış film nümayiş olundu.
Nazir Əbülfəs
Qarayev mərasimə yekun vuraraq gələcəkdə mədəniyyətlərarası
dialoqun genişləndirilməsi istiqamətində Avropa
Şurası ilə həyata keçiriləcək birgə
layihələrdən danışmış, tədbirdə
iştirakına görə Avropa Şurasının səlahiyyətli
nümayəndələrinə, bir sıra dövlət
qurumlarının və vətəndaş cəmiyyətlərinin
təmsilçilərinə təşəkkürünü
bildirdi.
Fasilədən sona
Avropa Şurasının “Sənətçilər dialoq naminə”
layihəsinə həsr olunan birinci ekspert görüşü
baş tutdu.
Onu da qeyd edək ki, “Sənətçilər
dialoq naminə” layihəsinin əsası Azərbaycanın təşəbbüsü
ilə başlanmış “Bakı prosesi” çərçivəsində
Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin 2008-ci il dekabrın 2-3-də keçirilən
konfransında qoyulub. Layihənin məqsədi müxtəlif sivilizasiyaları,
xüsusilə də Avropa və ona qonşu regionlarda yerləşən
dövlətlərin sənət
adamları vasitəsilə
dialoqu təşviq etmək və bu istiqamətdə layihələr həyata keçirməkdir.
Mədəniyyət.- 2009.- 10 iyul.- S. 3.