Goranboyda arxeoloji
qazıntılara başlanılıb
Gəncə Arxeoloji
Ekspertiza İdarəsi hər ilin yay mövsumundə olduğu
kimi, bu il də ölkəmizin müxtəlif bölgələrində
qazıntılar aparır. Arxeoloji tədqiqatlar əsasən
orta əsrə aid Gəncə qalasında, Goranboy və digər
ərazilərdə aparılır. Hazırda mütəxəssislər
tərəfindən Goranboyun Şutur qalası ərazisində
arxeoloji tədqiqatlara başlanılıb. Tədqiqatların
aparılmasında «İRƏLİ» İctimai Birliyi
yaxından köməklik göstərir. Azərbaycan Milli Elmlər
Akademiyasnın Arxeologiya və Etnoqrafiya İnstitutunun
şöbə müdiri Arif Məmmədovun bildirdiyinə
görə, Şutur qalasının öyrənilməsi
mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən
ərazi Bərdə, Gəncə, Tiflis şəhərlərinin
ticarət yolunun üstündə yerləşdiyinə
görə, qalanın öyrənilməsi maraq çəkir.
Şutur, Şatar, el arasında isə Sirli qala kimi tanınan
bu qalada arxeoloqların apardıqları ilkin tədqiqatlar nəticəsində
sənətkarlar məhəlləsi və emalatxana sexi, sənətkarların
hazırladıqları küpələr aşkar edilib. Bununla
yanaşı buradan 5 və 9-cu əsrə aid xeyli maddi
nümunələr, o cümlədən Atabəylər,
Hülakilər və başqa dövrə aid sikkələr
tapılıb. Maraqlısı odur ki, o zaman sənətkarlar tərəfindən
düzəldilən qabların üzərində ustanın
adı və bərəkət duası
yazılırmış. Mütəxəssis Arif Məmmədov
onu da bildirir ki, Goranboy ərazisində 13-cü əsrə aid
monqol hərbi düşərgəsi də aşkar edilib. Torpaq
qatının kül rəngində olması onu göstərir
ki, monqollar Şutur şəhərini işğal etdikdən
sonra tamamilə yandırıb. Hətta monqolllar bu ərazidə
Çin səddinə oxşar daş hasar da tikiblər. Onların
bu ərazilərdə məskunlaşması isə azərbaycanlıların
hərbi sənətkarlığına da müsbət təsir
göstərib. Belə ki, araşdırmalar göstərir ki,
sənətkar emalatxanalarında silahlar da
hazırlanırmış. Onu da bildirək ki, Goranboy ərazisində
işlər yekunlaşdıqdan sonra Naxçıvan və
Ağcabədidə arxeoloji tədqiqatların
aparılmasına başlanılacaq.
Günay Asifqızı
Mədəniyyət.- 2009.- 10 iyul.- S. 2.