40 otaqlı möcüzənin
sirri
Tarixi əsrarəngizlik, muğam və milli mətbəx
buranın atributlarıdır
Qədim Şərq
qonaqpərvərliyinin ünvanı, Bakı
karvansaralarının bütün özəlliyini və
gözəlliyini qoruyub saxlayan ekzotik məkan...
Bura daxil olan hər kəs
özünü orta əsrlərə məxsus əsrarəngiz
və heyrətamiz bir yerdə hiss edir. Klassik musiqimiz olan muğamın və müxtəlif xalq musiqilərimizin çal-çağırınıa
bürünmüş bu
məkan öz ecazkarlığı ilə
nəinki bizləri, hətta əcnəbiləri
də özünə
valeh edir. Bəli, söhbət Qız Qalasının yaxınlığında yerləşən
və hazırda daxilində Muğam Teatrının fəaliyyət
göstərdiyi qədim
karvansaradan gedir.
Karvansaranın ümumi
görünüşü, xüsusilə də qoşa taxta
qapıları qarşısında sanki karvan yolu
keçirmiş kimi sıraya düzülmüş dəvə
fiqurları İçərişəhərimizin görkəminə
ayrı bir rəng qatır. İçəri daxil olarkən hər
bir adamı diqqət kəsilməyə məcbur edən
tikili daha sonra sanki bizi nağıllardan real aləmə
qaytarır və öz-özümüzə «deməli, əsl
karvansara belə olub» deyirik.
Tarixi tikilinin
görünüşü, bütün əşyaları,
yerdə və divarlardakı qədim xalça və kilimlər,
qədim mis qablar, divar boyu asılmış çıraqlar,
hətta divarlarda vurulmuş şəkillər belə onun V-VI
əsrlərə aid olması fikrini yaradır. Budaqları həyət
boyu şaxələnmiş əncir ağacları və onun
altındakı kiçik hovuz isə əsl Şərq
ekzotikası təsəvvürü doğurur.
Karvansaranın iki giriş
qapısı maraq doğuran detallardandır.
Belə ki, Azərbaycanın orta əsr peşəkar
memarlığının nümunəsi
olan bu tikili
elə formada inşa olunub ki, dəniz tərəfdən olan əsas giriş qapısı aşağıda,
digər sol tərəfdəki
qapı isə yuxarıda yerləşir.
Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan
qapıdan zirzəmiyə
daxil edə bilərdi. Bunun özü də
səbəbsiz deyil.
Belə ki, dəniz tərəfdən İçərişəhərə
daxil olanda yol yuxarı qalxdığından, karvansaranın
digər qapısından
yalnız tacirlər pilləkənlə yuxarı,
yəni qonaq otaqlarına qalxa bilərmişlər.
Dairəvi formada
tikilmiş 40 otaqdan ibarət ikimərtəbəli abidə
orta əsr karvansaralarına xas olan bütün xüsusiyyətləri
özündə cəmləşdirir. Bəzi əşyaları
çıxmaq şərti
ilə hücrələr
öz qədimliyini olduğu kimi qoruyub saxlayıb. Demək olar ki, otaqların
quruluşu və içərisində olan əşyalar da eynidir. Məsələn, otağın qarşısında
olan kiçik dəhlizin yuxarısında
şəbəkə formasında
kiçik daş pəncərə bütün
otaqlarda mövcuddur.
Bu pəncərə ilin bütün fəsillərində açıq
olur və hücrələrdə təmiz
hava olmasını tənzimləyir.
Karvansaranın daxilində
olan iki daş pilləkən isə ikinci mərtəbəyə
aparır. Tikilinin bu hissəsindəki bəzi otaqlar hazırda
qədim əşyaların satış mərkəzi kimi fəaliyyət
göstərir.
Karvansara 1960-cı ilə qədər yaşayış evi kimi istifadə edilib. 1964-cü ildə isə bərpa edilərək müəyyən qədər əvvəlki görkəminə qaytarılıb. Tikilidə müxtəlif muzey idarələri, habelə «İrs» ansamblı fəaliyyət göstərib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyəti 1988-ci ildə karvansaranın Muğam Teatrının kollektivinə verilməsi haqda sərəncam imzalayıb. Bərbad vəziyyətdə olan tarixi abidə teatrın rəhbəri Arif Qazıyevin təşəbbüsü ilə əsaslı təmir olunaraq indiki formasını alıb. Abidə Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə daxildir. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə bu yaxınlarda karvansaranın üzərindəki süni örtüklər daha müasir formalı, yüngül açılıb-örtülən avtomat örtüklə əvəz olunacaq.
Əsrlərin yaşıdı olan qədim karvansara bu gün
Azərbaycanın şeir,
sənət, muğam
mərkəzinə çevrilib.
Qeyd edək ki, respublika
prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 1994-cü ildə
teatrın daxilində
Muğam Klubu yaradılıb. Burada qonaqlara
həm də milli mətbəximizin nümunələri - düşbərə,
yarpaq dolması, qutab, müxtəlif plovlar, kabablar təqdim edilir. Bu təşəbbüs
əcnəbilərin tarixi
məkana axınını
daha da sürətləndirib.
Hər bir daşı, hər
santimetri tarix olan bu məkanda əcnəbilərə milli
musiqimizi, yeməklərimizi - bir sözlə, mədəniyyətimizi
yüksək səviyyədə təqdim və təbliğ
etmək fürsətindən gözəl nə ola bilər? Bütün bunların ərsəyə gəlməsində
isə tanınmış
rejissor Arif Qazıyevin rolu əvəzsizdir.
Mədəniyyət.- 2009.- 15 iyul.- S. 16.