Ukrayna şairi Sergey Qrabar:Ədəbi əlaqələr şəxsi dostluqdan başlayır

 

Onu bir neçə kəlməylə belə təqdim etmək olar: bizim Sergey Qrabar. 1954-cü ildə Ukraynada anadan olub. Şair və esseistdir. «İlham», «Ümid ləçəkləri», «Sənin adın» poeziya toplularının müəllifidir. Kitabları Azərbaycan, Gürcüstan, Rusiya, Litva və Serbiyada nəşr olunub. İvan Qgiyenko adına Dövlət Mükafatına (Ukrayna) və Şahmar Ələkbərzadə adına (Azərbaycan) mükafatlara layiq görülüb. Onunla müsahibəni internet imkanları hesabına hazırladıq. Müsahibəyə razılaşdı, axı ən azından onu Azərbaycan ədəbiyyatının dostu adlandırırlar.

 

- Azərbaycanda bir neçə dəfə olmusunuz. Ölkəmizlə bağlı hansı təəssüratlarınız qalır?

- Azərbaycanla bağlı bir neçə oçerk yazmışam. Amma əslində, oçerk ölkənizlə bağlı yazmaq istədiyimin kiçik bir hissəsidir. Bilmirəm, alınacaq, ya yox. Ümumiyyətlə, mən ədəbiyyatçı kimi səfər qeydləri aparmağı xoşlayıram. Şimali Kiprlə bağlı belə qeydlərim var, Azərbaycanla bağlı yazıları da bu cür sistemə salmağı düşünürəm. Ölkənizdə artıq dörd dəfə olmuşam. İlk dəfə Azərbaycana gedəndə 15 yaşım vardı, o zaman Dağüstü park vardı - indi orada şəhidlər uyuyur. Hə, bir də yadımdadır ki, o vaxt bizi azərbaycanlılarla qorxudurdular.

- Maraqlıdır, necə?

- Deyirdilər ki, onlardan qorxmaq lazımdır, azərbaycanlılar quldurdudar. Biz də qorxurduq.

- “Quldurlar»ı görə bildiniz?

- Görmədim. Ümumiyyətlə, hər səfərimdə azərbaycanlılara münasibətim əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişirdi. Hətta indi bazarda azərbaycanlı satıcıyla rastlaşanda sevinirəm. Əlbəttə, mən onlarla əvvəl də ünsiyyətə girirdim, amma o zaman bu adamlara münasibətimdə nəsə ehtiyatlılıq vardı. Sanki məni aldadacaqdılar. Bu gün isə tamam fərqli düşünürəm. Bilirəm ki, azərbaycanlılar açıqfikirli, namuslu, dürüst adamlardı. Mən onların nə qədər əzab çəkdiklərini anladım.

- Düşüncənizdəki bu fərq nədən qaynaqlanır?

- Sovet dövründə bizə məhdud, bəzən də yanlış informasiya verilirdi. Mən də Azərbaycanı yalnız bu məlumatlardan tanıyırdım. Mən tamam başqa adamları, onların ürəklərini, daxildə gizlənənləri gördüm. Bu istiqamətdə ilk addımları dostum Elçin İsgəndərzadənin sayəsində atdım. O sanki məni bu adamlara doğru itələdi. Azərbaycanla maraqlanmağa başladım. Bu gün Azərbaycan mənim üçün çox doğma ölkəyə çevrilib. Məsələn, Pekin olimpiadasında mən Azərbaycana azarkeşlik edirdim. Əlbəttə, ukraynalı ilə azərbaycanlı yarışanda, təbii ki, ukraynalının tərəfindəyəm, amma qalan bütün hallarda Azərbaycanın qalib gəlməsi üçün dua edirdim. Görünür, sizin ölkə mənim taleyimdə mühüm rol oynamağa başlayıb. Azərbaycanla bağlı oçerkdən əlavə, üç novella da yazdım. Onlardan ikisi Dmitronun jurnalında (D.Stusun rəhbərlik etdiyi «Kiyevskaya Rus» jurnalı nəzərdə tutulur - red) dərc olundu, biri isə həmin material işıq üzü görəndən sonra yarandı. Onlardan biri «Atəşpərəst» adlanır. İkinci material «İpək» adlanır, onu ən yaxşı novellalarımdan biri hesab edirəm. Sadəcə, demək istəyirəm ki, ipəyi təsvir etməyə, onun mahiyyətini açmağa cəhd göstərmişəm. Özü də bunu bir kəlmədə, bir neçə cümlədə yox, bütöv bir novellada etməyə çalışmışam. Üçüncü novellam isə, «Xəzri» adlanır, külək barəsindədir. Mən oxuculara danışdım ki, Azərbaycanda olmuşam və dedim ki, xəzri- küləkdir. Məncə, bu çox təsirli novelladır. Özümü tərifləmək üçün demirəm, sadəcə, necə deyim…

- Görünür, sizi yazmağa vadar edən təsirin özü güclü olub.

- Elədir. Daha bir neçə novella yazmağı düşünürəm. Beynimdə bəzi detallar var. Bunlardan biri «Qala» adlanacaq, yəqin ki, o hansısa səviyyədə Qız Qalası ilə bağlı olacaq. Hər halda, Qız qalasının məndə yaratdığı təəssüratlardan qaynaqlanacaq. Bir də, narla bağlı novella yazmaq istəyirəm.

- Bu, təsadüfən, sizin şəraba sevginizdən doğmur ki?

- Təbii, ilk növbədə belədi. Düzünü deyim ki, ilk dəfə nar barədə Şəkidə eşitmişəm. Xan Sarayını gördüm, orada bəzək işlərində nar şəklindən çox istifadə olunmuşdu. O zaman azərbaycanlılar üçün bu meyvənin nə dərəcədə əhəmiyyətli olduğunu anladım. Simvolika mənim üçün həmişə maraqlıdır. Nar özlüyündə maraqlı, fərqli, sirli və ləzzətli meyvədir.

- Başqa sözlə, nar - cənnət həzzidir. Lap məşhur bir reklam çarxına bənzədi...

- Hə, dadlı meyvədir. Bəs ümumiyyətlə, sizdə nar nəyi simvolizə edir?

- Belə deyək, nar Azərbaycan folklorunda qadın gözəlliyini simvolizə edir. Həm də al qırmızı rəngdə olan nar ehtiras simvoludur.

- Yəni nar sevgi meyvəsidir?

- Belə demək olar.

- Hə, maraqlı oldu, bunları, yəqin ki, novellaya daxil edəcəm. Təəssüf ki, Azərbaycanda olarkən bəzi maraqlı yerlərə baş çəkə bilmədim. Elə Bakının özündə görmək istədiyim çox şey var - Qobustanın qayaüstü rəsmlərini görmək istərdim. Əlbəttə, bu rəsmlərin fotosurətini görmüşəm, amma onları canlı şəkildə görmək maraqlı olardı. Mən hələ Kiyevdə olarkən Stusa deyirdim ki, atəşpərəstlərin məbədlərinə getmək istəyirəm. Elə Azərbaycana gəldiyimiz ilk gün yol yorğunuyduq, bununla belə çatan kimi mən soruşdum: məbədə gedəcəyik, ya yox? Axır ki, arzuma çatdım. Təkrar edirəm, vaxt vardı, Azərbaycana və azərbaycanlılara qarşı laqeyd münasibət bəsləyirdim. Amma bu gün bu torpaq və onun xalqı mənə doğmalaşıblar. Bütün məsələlərdə, o cümlədən Qarabağ münaqişəsində mən sizin tərəfinizdəyəm. Çünki mən artıq kimin haqlı olduğunu anlamışam. Azərbaycanlılarda ən çox xoşuma gələn xüsusiyyətlərdən biri vətənpərvərlikdir. Bizdə bu məsələ bir qədər zəifdir, milli özünüdərk prosesi tam getməyib. Ola bilər, son illərədək Rusiya ilə münasibətlərimizin çox sıx olması mane olub. Bu mənada sizdən öyrənə biləcəyimiz çox şey var. Məsələn, azərbaycanlı heç vaxt özünü «rus» adlandırmaz.

- Əlbəttə, bu ki, gülməli görünərdi.

- Ukraynalı isə bunu edə bilər.

- Burada xalqların qohumluq məsələsi var axı. Ruslar da, ukraynalılar da slavyan əsillidirlər.

- Nə olsun ki? Siz türkdillisiniz, amma özünüzü «özbək» adlandırmırsınız. Polyaklar, slovenlər, çexlər, serblər, xorvatlar, bolqarlar da slavyandırlar. Biz üç yüz il müstəmləkə olmuşuq. Köçürülmələr, süni yerləşdirmələr olub. Amma siz özünüzü qoruya bilmisiz. Bu, qibtə və hörmət hissi doğurur.

- Azərbaycanda dörd dəfə olmusuz. Sonuncu dəfə ilk gözunüzə dəyən dəyişiklik nə olub?

- Dəyişiklik, əlbəttə, çoxdur, amma mən maraqlandığım sahəylə bağlı danışmaq istərdim. Mədəniyyətə diqqət günü-gündən artır. Hiss olunur ki, dövlət səviyyəsində məqsədyönlü proqram həyata keçirilir. Deməliyəm ki, sizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yetərincə sistemli adamdır və nə istədiyini bilir. Mən onu ikinci səfərimdən tanıyıram. Onun atdığı addımlar məni qane edir. Bir məsələ də var - biznesmenlər görsələr ki, dövlət bu sahəyə diqqət yetirir, onlar da əminliklə mədəniyyətlə bağlı layihələrə pul qoyacaqlar. Bir sözlə, sizdə perspektivlər görünür.

   - Bəs, Ukrayna-Azərbaycan ədəbi əlaqələri barədə nə düşünürsüz?

   - Fikrimcə, ədəbi və şəxsi əlaqələrin güclənməsi daha önəmlidir. Çünki mənim Azərbaycana münasibətimin dəyişməsi sırf şəxsi əlaqələr hesabına - Dmitronun və Səlim Babullaoğlunun dostluğunun sayəsində baş verib. Ukraynalı və azərbaycanlı arasında olan bu dostluğun müstəvisi genişlənib, deyək ki, məni və dostum Elçin İsgəndərzadəni də əhatə edib. Bir anlıq təsəvvür edin, bütün bunlar dövlət səviyyəisndə baş versəydi, nə olardı. Rəsmilər danışardılar, məktublaşardılar, bunları öz köməkçilərinə, köməkçiləri də öz köməkçilərinə ötürərdilər və ən sonda xadimə bu kağızları götürüb zibil qutusuna atacaqdı. Amma şəxsi əlaqələr daha çox bəhrə verir.

- Bu, həm də yeni tərcümələr imkanı qazandırır, belə deyil?

- Doğrudur. Amma bu məsələdə tam dəqiq olmaq lazımdır. Əgər orijinalın yazıldığı dili bilmiriksə, dəqiq sətri tərcümə olmalıdır və heç olmasa, tərcüməçi ilə müəllif telefonla müzakirə aparmalıdır.Və yaxud sizin kimi internetin verdiyi canlı imkandan yararlanmalıdır. Əlbəttə, bu əlaqələrdə ilk addımlardır və bu zaman həmişə müəyyən çatışmazlıqlar olur.

 

 

Hazırladı: Sabutay, Rəbiqə

 

Mədəniyyət.- 2009.- 15 iyul.- S. 13.