Turistlərin sevimli məkanı

 

Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır. Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq.

 

Dağlar diyarı...

 

Azərbaycanda mövcud olan 9 iqlim zonasından üçünə İsmayıllı rayonu ərazisində rast gəlmək mümkündür. Buranın qış fəsli quru, mülayim keçir, düzənliklərdə havalar isti, yağıntılar müntəzəm olur, dağlarda isə qış soyuq rütubətli keçir. Rayonun əsas relyefi dağlardan ibarətdir. Buranın çox gözəl təbiəti var. Meşəli dağlar, qayalar, çaylar (Girdman, Axox, Göyçay), şəlalələr (Qalacaq - hündürlüyü 50 metr, Çayqovuşan - hündürlüyü 30 metr, İstisu - hündürlüyü 25 metr, Mədrəsə - hündürlüyü 25 metr) burada istirahət edən insanlara xüsusi zövq verir. İsmayıllının demək olar ki, simvolu sayılan Babadağın yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii Kürdmaşi Aşıqbayramlı kəndlərinin yaxınlığında düzəldilmiş üç süni göl çox mənzərəli olmaqla bərabər, həm balıq ovu üçün münasib yerlərdir.

Rayonun ərazisində yerləşən "İsmayıllı" qoruğu 1981-ci ildə yaradılıb. Sahəsi 5778 hektar olan bu qoruq Topçu Qalacıq adlanan iki hissədən ibarətdir. Bu iki hissə arasındakı məsafə 1 km-dir. Qoruğun meşələri 5021 hektar, subalp çəmənlikləri 227 hektar yer tutur. Burada 40 növdən çox oduncaq kol bitkisi, 170 növ onurğalı heyvana rast gəlmək olar. Meşələri palıd, şabalıdyarpaq palıd, vələs, fısdıq, qızılağac, ağcaqayın, qovaq, quşarmudu, dəndə, cökə s. ağaclardan ibarətdir. Burada dağkəli, dağkeçisi, köpkər, maral, cüyür, ayı, qaban, vaşaq, tülkü, canavar, dələ, yenot, meşə pişiyi, qırqovul, kəklik, qartal, şahin, tetra, ular s. heyvan quşlar geniş yayılıb.

 

Rayonda xalq sənəti yüksək inkişaf edib

 

İsmayıllı rayonunda qədim xalq sənətlərinin və tətbiqi sənətin ənənələri qorunub saxlanılıb. Burada xalçaçılıq (Qalacıq Təzəkənd kəndləri), misdən hazırlanmış üzərində döymə naxışlar açılan qab silah, dabbaqlıq, dəmirçilik, ağac metal üzərində oyma kimi qədim sənət nümunələri daha geniş yayılıb. Qeyd edək ki, bu peşələrlə məşğul olan sənətkarlar əsasən Lahıc kəndində yaşayırlar, hətta kəndin mərkəzi küçəsində bu sənət nümunələrinin satışını həyata keçirən çoxlu dükan emalatxanalar yerləşir. Rayonun Basqal kəndində qadınlar üçün kəlağayı adlanan milli baş örtükləri hazırlanır. İpək parçadan hazırlanan kəlağayının naxışları basma üsulu ilə həkk edilir.

 

Hər abidə bir tarixdir

 

Hazırda rayonda turizmin inkişaf etdirilməsi məqsədilə geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Lahıc Basqal kəndlərində tarix-mədəniyyət qoruqları yaradılıb. Bu kəndlərin əraziləri bu gün orta əsr şəhəri nümunələri kimi əsl muzeydir. Buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. Adları çəkilən kəndlərin ərazisində Bədoy Zevero məscidi (1791-ci il), Ağalı məscidi, Zevero bulağı, tarixi XVIII əsrə gedib çıxan digər məscid hamamlar mövcuddur .

Digər abidələr, o cümlədən Xanəgah kəndindəki Qız qalası (XVII əsr), Sulut kəndindəki Fitdağ qülləsi (XVIII əsr) və bir sıra digər arxeoloji obyektlər də qorunan maddi-mədəni irs sırasına daxildir. Maraqlıdır ki, yerli sakinlər Fitdağ qülləsini Makedoniyalı İsgəndər haqqında yayılmış bir rəvayətlə bağlayırlar. Deyilənə görə, Makedoniyalı İsgəndər özü burada düşərgə salıb, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırıblar. Ona görə həmin qülləyə Fitdağ qülləsi deyilir.

Başqa bir rəvayətə görə isə VII əsrdə yaşayan Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir Girdman çayının sol sahilindəki başqa bir dağın zirvəsində Talıstan kəndinin yaxınlığındakı qalada yaşayıb. Sulut kəndində Qırxotaq qalası, Haram qülləsi, Xirəki müdafiə səddi və Cümə Məscidi də salamat qalıb.

İsmayıllı rayonunun inzibati mərkəzi İsmayıllı şəhəridir. Şəhərin əhalisinin sayı 77.899 nəfərdir. Bakıdan 185 km aralıda yerləşən bu dağ rayonunda onlarla turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Hər il təbiət turizminin vurğunu olan 2-3 min insan dincəlmək üçün məhz İsmayıllını seçir.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 15 iyul.- S. 8.