Naxçıvan teatrı 126- mövsümünə yekun vurdu

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı növbəti - 126-cı mövsümünə yekun vurdu. Teatr mövsümün sonunda tamaşaçılarına xalq yazıçısı Elçinin "Ah Paris...Paris..." 12 şəkilli komediyasını təqdim etdi. Xalq artisti Kamran Quliyevin rejissorluğu ilə səhnələşdirilən tamaşanın quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatı Naxçıvan MR-in əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov, rejissor assistentləri isə Naxçıvan MR-in əməkdar artistləri Bəhruz Haqverdiyevlə Vüsal Rzayevdir.

 

Ümumiyyətlə, tamaşadan əvvəl 126-cı mövsümə yekunla bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Əliyev qeyd etdi ki, 1883-cü ildə əsası qoyulan Naxçıvan teatrı bu gün də öz ənənələrinə sadiq qalaraq sənətsevərlərə dolğun, bitkin tamaşalar təqdim edə bilirlər. Bu mənada xalq yazıçısı Elçinin "Ah Paris...Paris..." komediyası da istisna təşkil etmir. Nazir müavini onu da bildirdi ki, teatr bu mövsüm bir neçə dəfə qastrolda olub. Belə ki, mövsüm ərzində Azərbaycanın müxtəlif bölgələrində - Gəncədə, Lənkəranda, Yevlaxda, Qəbələdə, Cəlilabadda, Masallıda yerli tamaşaçılar qarşısında da uğurla çıxış ediblər.

Teatrın direktoru Kamran Quliyev isə öz çıxışında bildirdi ki, Naxçıvan teatrı bu mövsüm 3 tamaşa ilə sənətsevərlərin görüşünə gəlib. Onlardan ikisi yeni tamaşalardır. "Ah Paris...Paris...", digəri isə xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında səhnələşdirilən “Qaravəlli", üçüncü səhnə əsəri isə teatrın daimi repertuarında olan Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"dır.

K.Quliyev onu da bildirdi ki, xalq yazıçısı Elçinin bundan əvvəl bu teatrda daha iki əsəri səhnələşdirilib. Onlar "Dəlixanadan dəli qaçıb" və "Mənim ərim dəlidir" əsərləridir ki, hər iki əsərin rejissoru "Ah Paris...Paris..."də olduğu kimi xalq artisti Kamran Quliyevdir.

Çıxış zamanı o da bildirildi ki, teatr növbəti mövsümdə 4 tamaşanı sənətsevərlərə təqdim edəcək. Onlardan ikisi demokrat yazıçı C.Məmmədquluzadənin “Dəli Yığıncağı" komediyası və eyniadlı hekayəsinin motivləri əsasında hazırlanan "Qurbanəli bəy" tamaşalarıdır. Digər ikisi isə teatrın repertuarına yeni daxil edilmiş xalq yazıçısı Əkrəm Əylislinin "Yazığam sevmə məni" və Şamil Sadiqin "Qana qan qarışdı" əsərləri olacaq.

Yekun tamaşaya gəldikdə isə burada əsas rolları xalq artistləri Rövşən Hüseynov (Əsəddulla müəllim), Həsən Ağasoy (Polyaniçko), Rza Xudiyev (yoldaş İsgəndərzadə), əməkdar artistlər Elmira Kərimova (Güllər), Vidadi Rəcəbov (Eynşteyn), Xəlil Hüseynov (Mehdiqulu kişi), Nəzakət Xudiyeva (Firəngiz xanım), Naxçıvan MR-in əməkdar artisti Günay Qurbanova (Züleyxa), Nazlı Hüseynquliyeva (Vera) və başqaları ifa edirdilər.

Tamaşaçıların ən çox diqqətini çəkən isə Əsədulla müəllim obrazını canlandıran xalq artisti Rövşən Hüseynovun peşəkar yumor ustalığı idi. Parisdən gələn Əhməd bəy rolunun ifaçısı gənc aktyor Tahir İsmayılov yaratdığı obrazı tam dolğunluğu ilə ifa edə bilməsə də, onun teatrdakı ilk addımları kimi səhnədə tamaşaçı qarşısında cəsarətini alqışlamağa dəyər.

  

 

   Elxan YURDOĞLU,

   Naxçıvan

 

   Mədəniyyət.- 2009.- 15 iyul.- S. 5.