Xalçalarımızı bütün dünya
tanıyacaq
Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət
növünün ən qədim sahələrindən biri
hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji
qazıntılar və yazılı mənbələrə
görə, Azərbaycanda xalça toxuculuğu Tunc
dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər
dövründə Şərqdə xovlu xalçaların
istehsalına görə mühüm mərkəzlərdən
biri olub. Qədim sənət nümunəsi
kimi Azərbaycan xalçaları bütün
dünyada məşhurlaşıb.
Lakin təəssüf
ki, uzun illər xalqın milli-mədəni sərvətlərindən
olan bu sənət növünə göstərilən laqeyd
münasibət gənc nəsil arasında ona olan
marağı azaltdı. Digər tərəfdən,
Azərbaycan xalçaları
müxtəlif dünya
muzeylərində «Qafqaz»
və ya «İran» xalçaları adı altında təqdim olunub. Bu gün qloballaşma
prosesləri, sosial dəyişikliklər və
mədəniyyətlərin inteqrasiyası fonunda mənəvi sərvətimizi-
xalçalarımızı bütün dünyaya özümüzünkü kimi
tanıtmağın vaxtı
çatıb. Təsadüfi deyil ki, 17 oktyabr
2003-cü ildə Parisdə,
YUNESKO-nun Baş Qərargahındakı 32-ci sessiyada
«Qeyri- maddi irsin qorunması» haqqında beynəlxalq konvensiya qəbul edilib ki, bu
da mədəni müxtəlifliyin və sabit inkişafın faktoru kimi mühüm
əhəmiyyət kəsb
edir. İyulun 13-də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi tərəfindən
keçirilən «Azərbaycan
xalçasının YUNESKO-nun
Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilməsinə dair: imkanlar, perspektivlər» adlı dəyirmi masa da məhz
bu mövzuya həsr olunmuşdu.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin
müdiri Rizvan Bayramov, nazirliyin Mədəniyyət siyasəti
şöbəsinin Muzey işi sektorunun müdiri Azadə
Hüseynova, «Azərxalça» İstehsalat Müəssisəsinin
direktoru Vilayət Mahmudov, tanınmış
xalçaçı rəssam Eldar Mikayılzadə, Lətif
Kərimov adına Fondun əməkdaşı Azad Əliyev,
habelə respublikanın müxtəlif regionlarından olan
xalça muzeyi işçiləri, eləcə də
xalçaçılar iştirak edirdilər.
Tədbir başlamazdan əvvəl
tanınmış xalçaçı-rəssam Lətif Kərimovun
eskizləri əsasında toxunan yeni 21 ipək
xalçanın ilk dəfə nümayişi keçirildi. Lətif
Kərimov adına Fondun təşkil etdiyi unikal xalça
nümunələrindən ibarət sərgi hər kəsdə
xoş təəssürat yaratdı.
Sonra çıxışlara
start verildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin direktoru Röya Tağıyeva
2003-cü ildə YUNESKO-nun
32-ci sessiyasında «Qeyri-
maddi irsin qorunması» haqqında beynəlxalq konvensiyanı
diqqətə çəkdi:
«Bu sənəd mədəni müxtəlifliyin
və sabit inkişafın təminat faktoru kimi mühüm
əhəmiyyət kəsb
edir. Xalça Azərbaycan xalqının
milli-mədəni sərvətlərindəndir və
bu sərvəti qoruyub inkişaf elətdirib, gələcək
nəsillərə çatdırmaq
bizim borcumuzdur. Azərbaycan xalçasının
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması
onun müdafiə olunmasına kömək edər. Qeyri-maddi mədəni irsin əhəmiyyəti və
qorunmasının cavan
nəsil tərəfindən
dərindən dərk
edilməsi zərruridir».
Bəzən
xalçalarımızın öz mənasını itirərək
sadəcə dekorativ funksiya daşıdığını
deyən Röya xanım, bunun qarşısının
alınmasının vacib olduğunu qeyd etdi: «Azərbaycanın
şəhərlərində və bölgələrində
istehsal olunan xalçalar dövlət sərhədlərindən
asanlıqla keçərək, çox uzaqlara yayılır.
Öz ilkin mədəni kontekstindən ayrılan bu sənət
əsərlərimiz mənasını və məqsədini,
öz zəngin palitrasını itirir».
Qeyri-maddi irsin dəyişilməz
amili olan Azərbaycan xalçası xalqın həyat tərzi,
adət-ənənələri, təsərrüfat
quruluşu ilə sıx bağlıdır və bunlar naxışların
dərin mənasında və işlənməsində öz
əksini tapıb. Xalçaçılıq sənəti
özündə müxtəlif
tarixi təbəqələri
və dövrləri birləşdirir. Buna görə də Azərbaycan xalçasının
ənənələrinin qorunub
saxlanması onun YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasına
imkan verir. Bu, xalçaçı-rəssamlar
və xalça üzrə dizaynerlər, fərdi toxucular, sənaye miqyasında xalça istehsal edən və satan biznesmenlər, alimlər, sənətşünaslar,
Azərbaycan xalçasını
toplayan, qoruyan və tədqiq edən muzey işçilərinin də
marağındadır».
Bu gün xalça sənətinin
durğunluq vəziyyətində olduğunu və bundan
çıxış yolu axtarmağın vacibliyini də tədbir
iştirakçılarının diqqətinə
çatdıran R.Tağıyeva dedi: «Xalça sənətini
respublika daxilində inkişafı və təbliği ilə
yanaşı, beynəlxalq arenada da yüksək zirvələrə
qaldırmalıyıq».
Muzey işi üzrə
Elmi-Metodik Mərkəzin rəhbəri Əlixan Bayramov da
öz çıxışında xalçaların qeyri-rəsmi
yollarla xaricə axınından bəhs etdi: «Təəssüf
ki, bizim xalçalarımız «Qazax» və «erməni»
xalçaları adı altında yayılır. «Qazax» sözünü isə Qazaxıstan kimi başa düşürlər.
Bu da Azərbaycan
xalçalarına vurulan
ziyandan başqa bir şey deyil.
Amma müəlliflik nöqteyi-nəzərindən
bu xalçalar Azərbaycana məxsusdur və bizim əqli
mülkiyyətimiz hesab
olunur».
Xalçaçı-rəssam
Eldar Mikayılzadə isə bildirdi ki, zəngin sənət əsərləri
əvvəllər yaradılıb, indi isə sadə sənət
əsərləri yaradılır: «Çalışmaq
lazımdır ki, bu sənət öz əvvəlki
şöhrətini bərpa etsin».
Regionlardan gələn
xalçaçılar, sənətkarlar isə bu qədim el
sənətinə laqeyd münasibət göstərildiyini
qeyd etdilər.
«Qədim Quba
xalçaları» səhmdar müəssisəsinin rəhbəri
bildirdi ki, zəhməthaqqı az olduğundan xalça sənətini
öyrənməyə gələn yoxdur. Lakin o da
vurğulandı ki, xalçalarımızın YUNESKO-nun Mədəni
İrs Siyahısına salınması gənclərə bir
stimul verəcək.
Çıxışçıların
qənaətincə, xalçaçılığa dövlət
tərəfindən diqqət göstərilsə, sənətkarların
əməyinə düzgün qiymət verilsə və şərait
yaradılsa, bu sənətə güclü axın olacaq.
Sonda isə bildirildi ki,
avqustun 15-ə qədər xalçaçılar və sənətkarlar
tərəfindən YUNESKO-ya həmrəylik aktı göndəriləcək.
Mehparə
Mədəniyyət.- 2009.- 15 iyul.- S. 3.