Yazılmayan şeirlərin ağrısı

 

Həyat Şəmi: “Mental keyfiyyətlər qadın şairin bütün yazmaq istədiklərini kağıza köçürməsinə imkan vermir”

 

- Həyat xanım, ilk kitabınız “Adamlar”ın dərcindən sonra bir ara elə bil ki, mətbuatda az görünməyə başladınız. Bu, nəylə bağlıydı?

- Birinci kitabımla ikincinin arasında altı illik fasilə oldu. Həm Elmlər Akademiyası, həm də Milli Teleradio Şurasında işləməyim, ingilis dilini öyrənməyim, məişət qayğıları doğrudan da məni bir müddət poeziyadan uzaq saldı. Amma bu müddətdə ara-sıra da olsa, mətbuatda şeirlərimlə çıxış edirdim.

- Bu yaxınlarda Türkiyədə “Yazılmayan şeirlər” adlı şeirlər kitabınız Türkiyə türkcəsində işıq üzü gördü. Bu layihə necə reallaşdı, kimlər sizə yardımçı oldu bu işdə?

- İkinci kitabımın dərcinə hələ 2006-cı ildən cəhd edirdim. Və bu arzumu yalnız 2009-da gerçəkləşdirə bildim. Bu arada Ankaranın Yayım evindən kitabımın nəşriylə bağlı təklif aldım. Azərbaycanda nəşrə hazırlanan kitabımdakı şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırıb Ankaraya göndərdim. İş elə gətirdi ki, Bakıda nəşr olunan “Gecə gözlü həyat” və Ankarada yayımlanan “Yazılmayan şeirlər” kitablarım eyni vaxtda işıq üzü gördü. Ankarada yayımlanan kitabın xərcinin əlli faizini nəşriyyat öz üzərinə götürdü, qalan xərci özüm ödədim.

- Kitabınız Türkiyədə necə qarşılandı? Türk mətbuatı kitab haqqında yazılar dərc etdimi?

- Kitabın nəşrindən bir qədər sonra “Özləm” yayım evinin naşiri İnternet vasitəsilə mənə xəbər verdi ki, kitab haqqında Ankara mətbuatında artıq bir neçə yazı dərc olunub. Bu yazılardan birinin müəllifi Azərbaycana böyük sevgisiylə tanınan İsa Kayacandır. O, mənim ilk kitabım haqqında da yazıyla çıxış etmişdi. Bundan başqa, Sivas Cümhuriyyət Universitetinin dosenti Alim Yıldız da kitab haqqında universitet dərgisində məlumatla çıxış etmişdi.

- Kitabın adının “Yazılmayan şeirlər” adlanması nəylə bağlıdır?

- Bu, kitabdakı şeirlərdən birinin adıdır. Kitabı “Yazılmayan şeirlər” adlandırmağı Əsəd Cahangir məsləhət gördü. O, bir qədər əvvəl mətbuatda dərc olunmuş bu şeiri oxumuş və bəyənmiş, mənim son dövr şeirlərimə həsr etdiyi “Banu Çiçək sən deyilmisən?” adlı məqaləsində bu şeirin təhlilinə geniş yer ayırmışdı.

“Yazılmayan şeirlər” adını hər kəs bir cür qəbul edə bilər. Mən bununla bu qəbil şeirlərin indiyə qədər heç kəs tərəfindən yazılmadığına, dil, mövzu, üslub, düşüncə baxımından məhz özümə məxsus olduğuna işarə etmişəm.

- Ümumən ədəbi-tənqidin diqqətindən razısınızmı?

- Bu barədə gileyim yoxdur. Əsəd Cahangir haqqında artıq danışdım. Çağdaş peşəkar tənqidçilərdən Vaqif Yusifli də poeziya icmallarında şeirlərim haqqında müsbət rəyini əsirgəməyib. Bundan başqa, Sabir Rüstəmxanlı, Şahin Fazil kimi yazıçı, şair və alimlər də şeirlərimə münasibət ifadə edən yazılarla çıxış ediblər.

- Şeirlərinizi hansı ədəbi axına, cərəyana, yaxud metoda aid edirsiniz?

- Bu barədə tənqidçilər daha dəqiq rəy deyə bilərlər. Amma, məncə, ən çox realist postmodernist şeirlər yazıram. Bir neçə modernistik cəhdlərim olub.

- Son kitabınızDuaadlı dini məzmunlu şeirlə açılır. İbadət edirsinizmi? Yoxsa bu eləcə estetik faktdır?

- Sadəcə estetika hadisəsi kimi bu şeiri yaza bilməzdim. Duaşeirində Quran oxuyan bir insanın obrazı var. O, mən özüməm. Çünki tələbəlik illərindən Quranı təcvid qaydaları əsasında oxumağı öyrənmişəm 90-cı illərdən ibadət edirəm.

- Quran oxumaq bədii yaradıcılığa necə təsir edir?

- Quran oxucuya dünyanın heç bir şeirinin təsir edə bilməyəcəyi gücə malikdir. O, səsli, yəni qafiyəli nəsrlə nazil olub. Ona görə bəzi çağdaşları Peyğəmbəri şair hesab edirdi. Quranın dünya bədii fikrinə təsiri güclü olub, bir sıra ünlü şairlər ona nəzirələr yazıblar. Bunun ən parlaq nümunəsi rus şeirinin günəşi Puşkinin Qurana yazdığı məşhur nəzirələrdir.

- Yeni kitabınızın qeyri-adi fəsil başlıqları var - “Sosial-izm”, “Tanatos”, “Anam-izm, “Atam-izm”, “Eqo-izm”.

- “Sosial-izmbaşlığı altında sosial məzmunlu, “Anam-izm bölümündə anamla, “Atam-izmbölümündə atamla, “Tanatosbölümündə ölümlə, “Eqo-izmbölümündə isə özümlə bağlı şeirlərimi qruplaşdırmışam. Bu təsnifatda mənim həm ənənəvi mündəricatlara ikibaşlı postmodernist ironiyam var. Kimsə bu başlıqları bəyənməyə bilər. Ona hətta gülə bilər. Amma, məncə, onlar ən azı şablon, trafaretlərdən çıxmaq cəhdi kimi müəyyən anlam daşıyır. Poeziyanın, ümumən ədəbiyyatın yeganə yolu yenilikdir.

- Qadın olmaq şair olmaq...

- Azərbaycan müsəlman Şərq ölkəsidir. Onun özünəməxsus mental dəyərləri var. Azərbaycan qadını hansı sənətin sahibi olursa olsun bunu nəzərə almaq zorundadır. Əlbəttə ki, bizim Konstitusiya qadına kişiylə bərabər bütün hüquqları verir. Amma Konstitusiyaya düşməyən, əsrlərdən keçib gələn göstərişlər var. Elə mən özüm şeirdə ifrat açıq-saçıqlığın tərəfdarı deyiləm.

- Sizcə, qadın emansipasiyası problemi ədəbiyyatımızda özünün lazımi əksini tapıbmı?

- Müəyyən qədər. Cabbarlının Gülzar, Dilbər, Firuzə Sevili, Mirzə İbrahimovun Mələk, Zəhra, Maral Mədinəsi, İlyas Əfəndiyevin Nuriyyə, Səriyyə Səliməsi, Anarın Təhminəsi... Siyahını uzatmaq da olar. Amma məsələ yazmaqda deyil. Həyatın özünün öz inkişaf qanunları tələbləri var. Bu məsələdə ədəbiyyat həmişə zamanı qabaqlamalı, qadın problemiylə bağlı heç olmasa baş verə biləcəklərin qarşısının alınmasına öz köməyini göstərməlidir.

- Sizinlə birlikdə poeziyaya gələn ədəbi yaşıdlarınızdan kimlərin yaradıcılığını bəyənirsiniz?

- Mənimlə birlikdə ilk şeirlərini dərc etdirən Şərif Ağayar, Rəsmiyyə Sabir bu günə də mətbuatdadırlar. Amma elələri oldu ki, bir vaxtlar böyük ümidlər versələr də, bu gün onların səsi-sorağı eşidilmir.

- Bugünkü ədəbi prosesi izləyirsinizmi?

- Qismən. Vaxt imkanlarım məhduddur. Məncə, 90-cı illərdən sonra yeni Azərbaycanın yeni də ədəbiyyatı yaranıb. Bu, dünya ədəbi-bədii prosesi, İnternet texnologiyası ilə sıx əlaqədə olan yeni düçüncə və ifadə tərziylə seçilən bir ədəbiyyatdır.

- Hərfi mənada yazılmamış şeirləriniz varmı?

- Var, özü də kifayət qədər. Qismət olsa, onları bu yaxınlarda ayrıca bir kitab kimi nəşr etdirmək istəyirəm. Bu son kitabımda istər mövzu, istər üslub baxımından oxucular qarşısına tamam fərqli çıxmaq fikrindəyəm.

 

 

Söhbətləşdi: Sabutay

 

Mədəniyyət.- 2009.- 17 iyul.- S. 13.