Bir yay günündə...

 

yaxud milli səhnə mədəniyyətimiz haqqında bir neçə söz

 

“Mədəniyyət” qəzetinin 15 iyul 2009-cu il tarixli sayında dərc olunmuş “Dəb xəstəliyə çevrilsə... və ya soyunmaq geyinməkdən asandı?” sərlövhəli yazıda aktual bir problemə toxunulub. Bir «SOS» təsiri bağışlayan bu yazı milli səhnə mədəniyyətimizi yad ünsürlərdən xilas etməyin zamanı çatdığını bildirir.

 

Bəri başdan deyək ki, son zamanlar yüz minlərlə tamaşaçıya «super star», «əvəzsiz sənətçi» və sair adlar altında təqdim edilənlərin sayı yağışdan sonra göbələk kimi artmaqdadır. Həndəsi silsilə ilə artan belə «ulduzlar» təəssüf ki, ədədi silsiləyə söykənən əsl tamaşaçı zövqünü nəinki ödəmir, əksinə qəlb dünyamızı «zibilliyə» çevirir. Ataların, «utanmasan oynamağa var ki...» məsəli bu məqamda lap yerinə düşür. Elə əsas məsələ məhz bu utanmaq, daha doğrusu, «utanmamaq» sindromu ilə bağlıdır. Çox zaman tamaşaçıya elə gəlir ki, «ulduzlarımız» səhnəyə sənət yox, «utanmazlıq» nümayiş etdirmək üçün çıxırlar, yəni «gəl görək kim daha utanmazdır»... Ədalət naminə deyək ki, çox zaman bəyənmədiyimiz, ünvanına töhmətlər yağdırdığımız ötən əyyamlarda milli səhnəmizdə indiki qədər indiki çeşiddə problemlər olmayıb. Səbəb nədir? Səbəbi odur ki, 20-30 il bundan əvvələ kimi Azərbaycan səhnəsində təkcə istedadı ilə deyil, həm öz yüksək mədəniyyəti, ziyalılığı, davranışı, ünsiyyəti ilə fərqlənən, adları səhnə efir mədəniyyətimizin tarixinə əbədi həkk olmuş sənətkarlarımız vardı. İndiki nəslin ifa səhnə mədəniyyəti ilə bağlı çox şey görüb-götürəsi, öyrənəsi belə şəxsiyyətlərdən biri xalq artisti İsmayıl Dağıstanlı idi. Xoşbəxtəm ki, həyatda belə bir sənətkarla ünsiyyətdə olmuş, onun sənət səhnə, milli mədəniyyət mentalitet, əsl sənət sənətkar barədəki fikirlərini öz dilindən eşitmişəm.

 

Böyük ömürdən kiçik xatirə...

 

1977-ci ilin iyul ayı idi. M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının (hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) kollektivi Lənkəran şəhərində qastrol tamaşaları verirdi. Tale elə gətirmişdi ki, o unudulmaz yay günlərində mən tələbə- jurnalist kimi Lənkəran qəzetində yaradıcılıq təcrübəsi keçirdim. O günlərin birində redaksiya əməkdaşları ilə birlikdə «letuçka» təzəcə qurtarıb qəzetin növbəti sayı üçün material hazırlayırdıq. Mövzulardan biri ADT-nin buradakı qastrol tamaşaları ilə bağlı idi. Elə bu an kiminsə gur, şaqraq səsi eşidildi:

- Salam! Jurnalist dostlara eşq olsun!

Başımızı qaldırıb qapıya tərəf baxdıq. Qarşımızda parusin parçadan səliqəli yay kostyumu geyinmiş, ortaboylu, gülərüzlü tosqun bir kişi dayanmışdı. Bu gülümsər çöhrəli, tanış səs sahibini görüncə hamımız bir anlığa çaşıb qaldıq: - Necə? İsmayıl müəllim?..

Bəli, bu, o idi. Xalq artisti, Dövlət Mükafatı laureatı, Azərbaycan teatrının səhnəsində neçə-neçə yaddaqalan, əbədiyaşar obrazlar yaratmış, milli teatr tariximizin korifey sənətkarlarından biri İsmayıl Dağıstanlı redaksiyamıza qonaq gəlmişdi. «Şərqin Səhəri», «Közərən ocaqlar», «Hamlet», «Kral Lir» onlarla digər tamaşalardan tanıdığımız bu böyük sənətkarı sevinclə qarşılayaraq yer göstərdik. Əvvəlcə onu bir stəkan ətirli Lənkəran çayına qonağ elədik. Sonra isə bütün redaksiya İsmayıl müəllimin başına toplaşdı.

Sən demə İsmayıl müəllimin sinəsi dolu imiş. İlk öncə cənub mirvarisi sayılan Lənkəranın füsünkar təbiətindən, onun sadə, qonaqpərvər zəhmətkeş insanlarından danışan sənətkar mövzunu yavaş-yavaş səhnə mədəniyyətinin, aktyor sənətkarlığının, tamaşaçı zövqünün üzərinə gətirdi. Lənkəran teatrının tarixindən, buradakı qastrol tamaşalarından danışan aktyorun söhbəti hamımızı ovsunlamışdı. Teatr dünyasına, səhnə mədəniyyətinə yüksək mənəvi dəyərlər baxımından yanaşan İsmayıl müəllimi sanki yenidən kəşf etdik. Milli səhnəmizin bu böyük korifeyi haqda daha çox məlumat əldə etdik. Onun xarakterinə, dünyagörüşünə daha yaxından bələd olduq.

Hamımız bu dahi səhnə ustasının danışığına, diksiyasına, ünsiyyət mədəniyyətinə, adamlarda xoş ovqat yaratmaq məharətinə heyran olmuşduq. İsmayıl müəllim o qədər emosional, canlı, ruhnəvaz danışırdı ki, qəzet üçün müsahibə almaq heç kəsin yadına düşmürdü. Mən cib dəftərçəmi çıxarıb vaxtsa bu dahi sənətkar barədə yazı yazmaq arzusu ilə qeydlər edirdim. Hələ o zaman aktyor, səhnə mədəniyyəti, sənətkar şəxsiyyət problemlərindən danışan İsmayıl müəllim təəssüflə köks ötürdü:

- Bilirsiniz, axşam səhnədə Hamleti oynayan aktyor əgər səhəri gün restoranda hamının gözü qarşısında kabab yeyib, araq «vurursa», ağzından ləyaqətsiz sözlər çıxarırsa ondan səhnə adamı çıxmaz...Səhnə adamı - aktyor gərək mələk xislət olsun. Əsl aktyor odur ki, tamaşaçı onu insan yox, xəyali, uca, əlçatmaz bir varlıq kimi qəbul edir, sevir, ona oxşamağa, ondan öyrənməyə ona bənzəməyə çalışır, ondan nəsə götürür... Sənətin sənətkarın gücü elə bundadır...

...İsmayıl Dağıstanlı ilə söhbət etdikcə, söz sözü çəkir, mövzu mövzuya calanırdı. Mədəniyyətimiz, incəsənətimiz, mənəvi dəyərlərimiz, teatr ənənələrimiz haqqında böyük həvəs özünəməxsus pafosla danışan bu böyük sənətkar əsl sənətin məhz ülviliyə xidmət etdiyini sübut etməyə çalışırdı. Əslində bu həqiqətin sübuta ehtiyacı yox idi. Bəli, - “əsl sənətçi öz danışığı, davranışı geyiminədək etalon olmalıdır” - deyirdi İsmayıl müəllim:

- Sevinirəm ki, xalqımızın zəngin səhnə mədəniyyəti, teatr ənənələri var. Hər bir xalqın tərəqqisi məhz mədəniyyətdən, mədəniyyət isə səhnədən, teatrdan minlərlə adamın qarşısında necə davranmaqdan başlanır...

Böyük sənətkarımız İsmayıl Dağıstanlının az qala bir qərinə bundan əvvəl söylədiyi sözlər, etdiyi tövsiyələr, bu gün - müstəqillik qazanmış Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda olduqca aktual səslənir. Məşhur bir kəlamda deyilir: «Təzə nədir?... yaxşıca unudulmuş köhnə». Təəssüf ki, bu gün illərin sınağından çıxmış, qızıldan qiymətli milli-mənəvi dəyərlərimizin üzərinə - «arxiv» qrifini yazıb kənara tullayanlar başa düşmürlər ki, əsli-kökü, ənənəsi olmayan hər şeyi zaman silib-süpürür...təəssüf ki, onda da gec olur...

 

 

Cəlal Yaquboğlu

 

Mədəniyyət.-2009.- 17 iyul.- S. 11.