46 ildə 111 illik Azərbaycan kino tarixi
Aydın Kazımov: «Kino tənqidi elə sədlə
qarşılaşıb ki, onu aşmaq
qeyri-mümkündür»
Aydın müəllimi təqdim etməyə, məncə,
ehtiyac yoxdur. Azərbaycan kinosunun
yaşını, tarixini yazmaq məhz bu insanın çiyinlərinə
düşüb. Artıq 70 yaşın astanasında olan
kinoşünas, əməkdar incəsənət xadimi
Aydın Kazımzadənin bugünkü Azərbaycan kinosuna
verdiyi qiymət həm bizim üçün, həm də
oxucularımız üçün, yəqin ki, maraqlı olar.
- Kinomuzun
indiki vəziyyətini qiymətləndirmək
üçün, istər-istəməz bir qədər
keçmişə nəzər salmalıyıq. Onu nəzərə almasaq,
bugünkü vəziyyəti dərk edə bilmərik.
Müqayisə üçün deyim ki, SSRİ-də ildə
8 bədii film çəkilirdi. Bu, Moskvanın bizə verdiyi
plan idi. Bu gün isə 10-a qədər film çəkilir.
Bunların arasında qısametrajlı filmlər də var. Hətta
ikiseriyalı filmlərə də rast gəlmək olar. Ona
görə də müqayisə edəndə Azərbaycan
kinosunda bugünkü irəliləyişi görmək olar. Mən
bir kino tədqiqatçısı kimi faktlarla
danışmağı sevirəm. Ona görə bu faktları
diqqətə çatdırdım. Bu gün kinoya 6 milyondan
artıq pul ayrılır. 1993-cü ildə bir bədii film də
çəkilmədi.... bu gün isə dediyim kimi, on film
çəkilir. Filmlərin çəkilməyindən
başqa, burda əsas kadr məsələsi də önəmlidir.
Azərbaycanda olan peşəkar kadrların yaşlılarının
böyük əksəriyyəti dünyalarını dəyişiblər.
Hansılar ki, kinomuzun özəyini təşkil edirdi. Sovet
dövründəki orta nəsil isə artıq ağsaqqal
sayılır. Sovet hökuməti dağılandan sonra ölkədə
baş verən qarmaqarışıqlıq, bazar
iqtisadiyyatına keçid dövründə kinomuzda bir
boşluq əmələ gəldi. O boşluq sənətdə
olan adamların çoxalması əvəzinə,
çıxıb getməsinə səbəb oldu. Kino tək
rejissor və aktyorlardan ibarət deyil, burda elə sahələrin
adamları var ki, onlar universitet bitirmirlər, 20-25 il işləyəndən
sonra o sahənin ustadları olurlar. Onların pərən-pərən
olması ilə orta nəslin yaşlı nəslə
çevrildi və beləliklə boşluq əmələ gəldi
ki, bu da özünü uzun illərdir göstərir.
- Bu problem
sizcə, həll olunurmu?
- Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsi
düzgün çıxış yolu tapdı.
Vaxtilə
“Debüt” studiyası yarandı, bir ara bağlandı. Amma indi
yenidən fəaliyyətə başlayıb. Gənclər
burada özlərini sınayırlar. Sonradan onlara böyük
filmlər verilir. Lakin “Bu meydan, bu ekran” layihəsinin həyata keçirilməsi
kinomuzun ən böyük uğurudur. Artıq hər bir kəs
ssenarini yazıb prodüser mərkəzləri ilə birgə
müsabiqəyə təqdim edir və ssenari bəyənilən
təqdirdə onun çəkilməsi üçün maliyyə
ayrılır. Filmlərin çəkilişi də gənclərə
həvalə edilir. Buna görə dediyim o boşluq dolmaq
üzrədir. Bu gün kinoda problemlər var, amma buna başqa
tərəfdən baxaq. Aydınlaşdıraq ki, Azərbaycan
kinosunun inkişaf istiqamətləri nədən ibarətdir:
birinci növbədə kadr məsələsi.
Bu gün gənclərin
səsi-sorağı xarici ölkələrdən gəlir. Əvvəllər
biz ən yaxşı filmimizi xaricə çıxartmaq
üçün Moskvanın icazəsi olmalı idi. Amma bu
gün gənclərin səsi Amerikadan, Fransadan gəlir. Kann
festivalında artıq bizim filmimiz iştirak edir. Şamil Nəcəfzadənin
“Qala” filmi “Oskar”a təqdim olundu. Bütün bunlar
böyük nailiyyətdir. Rüstəm İbrahimbəyovun
“Oskar” almağı gənclərə bir təkan verdi. O
gördüyü işlərlə böyük kinematoqraf
ordusunu arxasınca aparır. Xüsusən cavanlar ondan mənəvi
qida alırlar. Məncə, bizim problemimiz dünya bazarına
çıxa bilməməyimizdədir. MDB
respublikalarının heç də hamısında dövlətin
kinoya qayğısı yoxdur. Azərbaycanda dövlət kinoya
xeyli vəsait ayırırsa, bu, balaca iş deyil. İkinci tərəfdən
isə kino tam olaraq dövlətin qayğısı
hesabına yaşaya bilməz və bu, düzgün deyil. Biz
artıq kapitalizmə doğru gedirik. Bütün sahələrdə
olduğu kimi, kinoda da müstəqillik yaranıb. Deməli,
bizə prodüser mərkəzləri lazımdır. Bu,
çox vacib sahədir. Dövlət prodüser mərkəzlərinə
film sifariş verir və maliyyə ayırır. Belə deyək
də, dövlət prodüser mərkəzlərinin
inkişafına təkan verir. Amma prodüser mərkəzləri
gözləməməlidirlər ki, dövlət mənə
pul verəcək, mən filmi çəkəcəyəm və
sonra filmi Film Fonduna təhvil verəcəyəm. Vaxt gələcək
prodüser mərkəzlərindən tələb olunacaq ki,
onlar filmi çəkəndən sonra ona çəkilən xərcin
heç olmasa yarısını geri qaytarsın.
Çünki pul geri qayıtmalıdır ki, digər filmlərə
də vəsait ayrılsın. Bu məqamda dünya təcrübəsindən
yararlanmaq lazımdır. Məncə, bu problem tezliklə həllini
tapacaq.
- Söhbətin
əvvəlində gənclərin uğurlarından
danışdınız. Qonşu ölkələrin təcrübəsinə
baxaq...İranda kinorejissor ixtisasına yiyələnmək istəyən
tələbələrin əksəriyyəti 25
yaşından universitetə sənəd verir. Onlar müəyyən
həyat təcrübəsi yığırlar və sonra
ixtisası öyrənirlər. Amma bizdə məktəbi bitirən
gənc dünyagörüşü olmadan rejissorluğu
oxuyur. Məncə, kinodakı faciəmizin əsası buradan
başlayır. Bununla bağlı nə deyə bilərsiniz?
- Orta məktəbi
bitirib ali məktəbin rejissorluq ixtisasına qəbul
olmağın qarşısını heç kim ala bilməz.
Və bu, heç də faciə deyil. Amma gələn adama
birdən-birə bədii film vermək olmaz. Onlar kinoda əvvəlcə
köməkçi, assistent, ikinci rejissor kimi işləməlidirlər.
Lətif Səfərov, Əjdər İbrahimov kimi sənətkarlarımız
bu yolu keçiblər. Tibb Universitetini bitirən gənclər
birdən-birə cərrah ola bilmirlər, onlar əvvəlcə
müəyyən mərhələni keçirlər. Bu sənət
də belə olmalıdır.
- Siz Mədəniyyət
və İncəsənət Universitetində dərs
deyirsiniz. Həmin tələbələrin bugünkü kino
prosesinə marağı varmı?
- Eldar Quliyev, Oqtay Mirqasımov,
Amin Novruzov və digər sənətkarlarımız
universitetdə dərs deyirlər və bildiyim qədər
onlar tələbələrini öz filmlərinə cəlb
edirlər. Tələbələr filmlərin çəkilişlərində
həvəslə iştirak edirlər.
-
Davamçılarınız varmı?
- Tələbələrimdən
biri bir gün mənə kinonun tarixi ilə məşğul
olmaq istədiyini dedi. Sevindim. Kino tarixi ilə məşğul
olmaq çox çətindir. O tələb edir ki, sən gecə-gündüz
arxivlərdə, kitabxanalarda oturub axtarış aparasan.
Ona 30-40-cı illər kino tarixi haqqında qəzetlərdə
olan məlumatları toplamağı tapşırdım.
İki həftə keçəndən sonra qız mənə
“Aydın müəllim, daha ora getməyəcəyəm.
Çox əsəbləşirəm” - dedi. Buna baxmayaraq,
müxtəlif telekanallarda, mətbuatda əsasən bizim məzunlar
işləyirlər. Tədqiqat işi ağır işdir. Təsəvvür
edin ki, «Bakı kinostudiyası»nın tarixini yazmaq
üçün 7-8 il vaxt sərf etmişəm.
-
Hazırkı kino tənqidi Azərbaycan kinosuna nə dərəcədə
təsir edə bilər?
-
Kinoşünaslıq üç sahəyə
bölünür: kino tarixi, kino nəzəriyyəsi və
kino tənqidi. Aydın Dadaşov kino nəzəriyyəsinin əla
bilicisidir. Daha sonra Əlisəftər Hüseynov da ona
qoşuldu. Kino tənqidi isə yoxdu. Üç-dörd gənc
var, amma onlar kino tənqidinin mənzərəsini
bütünlükdə yarada bilməzlər. Təsadüfi
deyil ki, Kinematoqrafçılar İttifaqının sonuncu
qurultayında Azərbaycan kinosunun ümumi mənzərəsini
yaratmaq üçün Moskvadan tənqidçi dəvət
olunmuşdu. Bu, o deməkdir ki, bizdə kino tənqidi yoxdur.
Formal olaraq adamlar var, amma ortada məhsul yoxdur. Hər yerdə
Ayaz Salayevin adı çəkilir. Amma ortada heç nə
yoxdur. Mən Ayazda günah görmürəm. Kino tənqidi
elə sədlə qarşılaşıb ki, onu aşmaq
qeyri-mümkündür.
- Nəyi nəzərdə
tutursunuz?
- Bir film haqqında
müəyyən fikir söyləyəndə (səhv və
ya düz fikir olmasından asılı olmayaraq) ona
qarşı təhdidlər olur. Kinoda tənqiddən çox
narahat olurlar və normal qarşılamırlar. Qarşı tərəf
hər zaman hücum mövqeyindədir.
1984-cü ildə sovet kinematoqrafıyasının
inkişafı haqqında ümumittifaq müşavirəsi
keçirildi. Moskvada Nazirlər Sovetinin birinci müavini
vəzifəsində çalışan ümummilli liderimiz
Heydər Əliyevin müşavirədəki məruzəsi
proqram xarakteri daşıyırdı. Bu sözləri
Moskvanın ən görkəmli sənətkarları qeyd
edirlər. Həmin məruzədə onun tənqidlə
bağlı maraqlı fikirləri var idi. O təklif edirdi ki,
ssenarinin yazılma prosesinə kinoşünas da cəlb edilməlidir.
Yəni ssenarinin güclü olması filmin keyfiyyətinə
də təsir edəcək. Dediyim kimi,
kinoşünaslığın iki qolu bu gün inkişaf edir,
amma kino tənqidi isə yerində sayır.
- Film Fondun Azərbaycan
kinosu üçün əhəmiyyəti göz
qabağındadır. Fondun işi ilə bağlı nə
deyə bilərsiniz?
- Sovet dönəmində
belə bir qayda var idi: sən filmi çəkib onun rus
variantını Moskvanın dövlət arxivinə təhvil
verməli idin, sonra həmin filmi SSRİ Dövlət
Kinematoqrafiya Komitəsi qəbul edirdi. Nəhayət ki,
Azərbaycan müstəqillik əldə edəndən sonra
Heydər Əliyevin sərəncamı ilə Dövlət
Film Fondu yaradıldı. Əvvəlcə «Qələbə»
kinoteatrında yerləşdik. Amma şəraitsizlikdən
lentləri istədiyimiz kimi qoruyub saxlaya bilmirdik. Film Fondunun
tarixini 2 mərhələyə bölürəm: «Qələbə»
kinoteatrında filmlərimiz yığıldı, bu bir,
ikincisi, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı
ilə Film Fonduna yeni bina tikildi və bu gün filmlər
çox gözəl şəraitdə saxlanılır.
Artıq bura elmi-tədqiqat institutuna çevrilir. Film Fondunun direktoru
Cəmil Quliyevin adını xüsusi qeyd etmək istəyirəm.
O, kinorejissor olduğu üçün lentlərin də, kino
işçilərinin də qədrini bilir.
- Bildiyimizə görə,
kino ensiklopediyasını hazırlayırsınız...
- Uzun illərdir Azərbaycan
kino ensiklopediyasını hazırlayıb başa
çatdıra bilmirdik. Çünki şərait buna
imkan vermirdi. Amma bu gün hər cür şərait var və
ensiklopediyanın birinci cildini başa
çatdırmışıq. Bu, böyük hadisədir.
Kinomuz yaranan gündən indiyə kimi bütün məlumatları
ensiklopediyadan əldə etmək olacaq. Dünyasını dəyişənlər,
bu gün yaşayanlar və xüsusən də gənclərin
adlarını burada görə biləcəksiniz.
Ensiklopediyada elə insanların adlarına rast gələcəksiniz
ki, onları kino adamları belə tanımır. Halbuki həmin
insanlar kinoda can qoyublar.
- Bu sahədən
bezdiyiniz vaxtlar olubmu?
- 63-cü
ildə kinoya gəlmişəm. 66-cı ildə mənə
yaxşı iş təklif olundu. Amma kino məni qoymadı
getməyə. Ondan sonra özümə söz verdim ki,
heç bir yerə işlə bağlı müraciət etməyəcəyəm.
İndi 70 yaşım tamam olmaq üzrədir. Fikirləşirəm
ki, mənim nəyim var - Azərbaycanın əməkdar mədəniyyət
işçisi və Azərbaycanın əməkdar incəsənət
xadimi fəxri adlarına layiq görülmüşəm. Birotaqlı
mənzil. Bir stol, bir stul və kitablarım. Bax, bu kinonun mənə
verdiyi qazancdi. Amma mən buna qətiyyən təəssüflənmirəm.
“Azərbaycan kinematoqrafçıları” kitabının
ikinci cildini bitirmişəm. “Cəfər Cabbarlı və
kino” kitabı tamamlanıb. Universitetdə dərs deyirəm.
Hörmətli redaktorumuz mənə «Azərbaycan kino tarixi» dərsliyni
yazmağı tapşırıb. Hazırda onunla bağlı
materiallar toplayıram. Operator Kənan Məmmədov
haqqında da kitab yazıram. Məni yaşadan və mənə
şəxsi problemlərimi unutduran bunlardı. Yoldaşım
mənə deyir ki, sən xoşbəxtsən. Soruşuram niyə?
Deyir, evdəki problemlərin heç birindən xəbərin
yoxdu. Deyirəm, xəbərim olsa, o problemlər düzələcək?
Düzəlməyəcək, axı.
Gördüyüm
işləri göz önünə gətirəndə,
özümü xoşbəxt sayıram.
Şamıyev F.
Mədəniyyət.- 2009.- 17 iyul.- S. 10.