Qaranlıq məkan
və ya tarixi eramızdan əvvələ təsadüf
edən şəhər
Azərbaycanın tarixi abidələrinə, maddi-mədəniyyət
nümunələrinə daim diqqət və qayğı
göstərən ulu öndərimiz Heydər Əliyevin sərəncamı
ilə Dəvəçi rayonunun ərazisində yerləşən
Çıraqqala və Şabran tarixi əraziləri tarix və
mədəniyyət qoruqları elan edilib. Şabran şəhəri Azərbaycanın tarixi orta əsr
şəhərlərindən biri olub. Bu şəhərin
xarabalığı Böyük Qafqaz sıra dağları ilə
Xəzər dənizi arasında, dəniz səviyyəsindən
75 m hündürlükdə yerləşir. Tədqiqatçılar
yazılı tarixi mənbələrə və şəhərin
müxtəlif hissələrində aparılan arxeoloji
qazıntıların nəticələrinə əsaslanaraq
burada yaşayışın eramızın əvvəllərindən
XVIII əsrədək davam etdiyini müəyyən ediblər.
Şabran nə deməkdir?
Şabran
sözünün etimologiyası haqqında orta əsr müəlliflərinin
- Əl-Həmədaninin, Əbu Dulafın, Ət-Təbərinin,
Yaqut Həməvinin, Övliya Çələbinin və
başqalarının əsərlərində, bəziləri
kompilyativ olsa da, müxtəlif mülahizələr
mövcuddur. Bəzi
müəlliflər bu məfhumun fars dilində şəb-qaranlıq,
ran isə məkan (gecələmək yeri) mənası
verdiyini, digər qisim tədqiqatçılar isə məsələn,
Ş.Fərzəlibəyli, Q.Qeybullayev, Ç.X.Mirzəzadə
onu qədim türk tayfası sabirlərin, hətta 1124-cü
ilə aid gürcü xronikasında bu ifadənin Şaburan
kimi işlənməsinə əsaslanıb, Sasani
hökmdarı Şapurun Xəzər şahzadəsi
Şadın, yaxud da Ptolomeyin xəritəsindəki saportenlərlə
də əlaqələndirirlər. Bu deyilənlərlə
yanaşı, Şabran şəhərinin
salınmasının Sasani hökmdarı Xosrov Ənuşirəvanın
adı ilə də bağlanmasına yazılı tarixi mənbələrdə,
xüsusilə ərəb və fars müəlliflərinin - Əl-Bəhazurinin,
Münəccim başının, Əl-Həmədaninin, Əl-Əsirin,
Əl-İstəxrinin, Y.Həməvinin, H.Qəzvinin əsərlərində
təsadüf olunub.
Antik müəlliflərdən
Strabon Albaniyada hər birinin öz ağsaqqalı olan və
vahid hökmdar tərəfindən idarə olunan 26 dildə
danışan tayfa və şəhərlərin olduğunu
qeyd etmişdi. Ola bilsin
ki, bu dövrdə mövcud olmuş şəhərlərdən
biri də Şabran olub. Bu mövqedə olan arxeoloq, professor,
alban dövrü şəhərlərinin tədqiqatçısı
İ.Babayev Ptolomeyin təsvir etdiyi Asiyanın xəritəsində,
Albaniyadakı 29 şəhərdən biri olan Telebanın məhz
Şabran olduğunu ehtimal edir.
Hələ b.e.ə. I
minilliyin ortalarında Albaniyaya şimaldan köçəri
tayfaların axınının başladığı tarixi mənbələrdən
məlumdur. Sonrakı
dövrlərdə də bu hücumlar davam etmiş, Azərbaycan
tarixində mühüm rol oynamış, Şirvanşahlar
dövlətinin mərkəzinə çevrilən Şabran
şəhərinin inkişafına təsir edərək əhalisinin
etnik tərkibinin müxtəlifliyinin artmasına, şübhəsiz,
onun maddi və mənəvi həyatında müəyyən
dəyişikliklərə səbəb olmuşdur. Şabrana
hücum edən xalqlar içərisində türkdilli
tayfalar mühüm rol oynayıb.
Bura hər tərəfi açıq kiçik şəhəri
xatırladır
Müasir dövrdə
Şabranda arxeoloji kəşfiyyat işləri ilk dəfə
1935-39-cu illərdə professor E.A.Paxomov, 1979-cu ildə görkəmli
arxeoloq, professor C.Ə.Xəlilovun rəhbərliyi ilə
aparılıb. 1980-83-cü illərdə isə Qazıməmməd
- Mozdok qaz kəməri xəttinin çəkilişi ilə əlaqədar
olaraq Azərbaycan EA Tarix İnstitutunun arxeologiya və
etnoqrafiya sektorunun daimi fəaliyyət göstərən
Şirvan-Şabran arxeoloji ekspedisiyası professor
R.B.Göyüşovun rəhbərliyi ilə arxeoloji
qazıntı işlərini davam etdirib.
Şabran sənətkarlarının
məharəti yüksək səviyyədə inkişaf
etmiş şəhərsalma mədəniyyəti və
memarlığında da öz əksini tapmışdır. Maddi və yazılı mənbələr
Şabranda aşağıdakı qalaların mövcud
olduğunu ehtimal etməyə imkan verir. 1623-cü ildə
Şabranda olmuş moskvalı tacir F.A.Kotov bu şəhərin
sənətkarlıq məhəllələrinin daşdan
tikildiyini və yalnız bir qala divarının olduğunu
göstərir. 1667-ci ildə Şabrana gələn holland dənizçi
Yan Streys isə qeyd etmişdi ki, bu şəhərin ətrafına
keçmişdə sədd çəkilib, indi isə hər
tərəfi açıq kiçik şəhəri
xatırladır.
1980-ci il
qazıntıları zamanı aşkar edilən atəşpərəstlər
məbədi isə səkkiz otaq və iki zaldan ibarətdir. Binanın qərbində yerləşən
zalın ümumi uzunluğu 4,7 m, eni isə 1,3 m-dir. Kiçik
zal və onun yanındakı əlavə otaq şimal-cənub
istiqamətində tikilib.
Arxeoloji tədqiqatlar
zamanı Şabrançayın sağ sahilində aşkar
olunan müsəlman qəbiristanlığı, həmçinin
məscid-minbərin bəzədilməsində istifadə
olunan çoxlu kası nümunələrinin tapılması
yaxınlıqda belə bir səcdəgahın olmasını
ehtimal etməyə imkan verir.
Müasir dövrə
kimi yerüstü abidə qalıqları saxlanmış qədim
Şabran körpüsü orta əsr Azərbaycan memarlıq
sənətinin ən yaxşı nümunələrindən
hesab oluna bilər. Üç tağının əsasının
qalıqları aydın görünən bu körpü
hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər
və Pirəmsən kəndləri hüdudundadır.
Şabran şəhərinin
abadlığından bəhs edərkən burada XI-XII əsrlərə
aid küçəni, üstü örtülü kanalizasiya
sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar zamanı tapılan
çay daşlarından düzəldilmiş tikinti
qalığı sübut edir. Müəyyən yerlərdə,
uzunluğu 1,5, eni 20 sm olan bütün daşların
ortası nov şəklində yonularaq kanalizasiya xəttinə
qoşulub. 1980-ci illər qazıntıları zamanı
uzunluğu 16 m olan kanalizasiya sistemi açılıb. Qeyd etmək
yerinə düşər ki, 1993-cü ildə aparılan son
araşdırmalar zamanı Şabran şəhərinin yerində
uzunluğu 5 m olan su arxının qalıqları üzə
çıxarılıb.
Qoruqda yeni memarlıq kompleksi inşa edilir
2002-ci ildə Şabran
şəhərinin yerində arxeoloji tədqiqatlara tarix elmləri
namizədi. F.Ə.Abbasovanın
rəhbərliyi ilə yenidən başlanıb. Aparılan
arxeoloji tədqiqatlar nəticəsində qalanın növbəti
bürcü aşkar edilib, IX-X və XVI-XVII əsrlərə
aid saxsı qablar, mis pullar, “sandıq” formasında olan məzar
daşları tapılıb. Elmlər Akademiyasının və
Dəvəçi Rayon İcra Hakimiyyətinin ayırdığı
maliyyə vəsaiti hesabına tapılan bu tarixi
eksponatların bəziləri qoruğun ərazisində, bəziləri
isə geniş tədqiq olunmaq üçün Tarix və
Etnoqrafiya İnstitutundadır.
Bilindiyi kimi, yayın gəlişi
şimal zonasında turizm sahəsinin canlanmasına birbaşa
təsir göstərir. Bu isə bilavasitə Bakı-Quba və
Bakı-Xaçmaz kimi ölkə əhəmiyyətli strateji
magistral yollarının ortasında yerləşən
Şabran Tarix Qoruğuna yay aylarında gələn ziyarətçilərin
sayının çoxalacağı deməkdir.
Bu amili nəzərə
alan rəhbərlik turistlərin qoruqla daha rahat tanış
olmaları üçün bəzi tədbirlər
görüb. Belə
ki, ziyarətçilərin daha çox maraq göstərdiyi
(2) qoruma sahəsi alaq otlarından təmizlənib, dəmir
hasar və qapılar təmir edilib. Sadaladıqlarımızla
yanaşı, Bakı-Xaçmaz magistral yolunun kənarında
tikilmiş Şabran memarlıq kompleksinin hasara
alınmış ərazisinə güllər əkilib və
yaşıllıqlar salınıb. Kompleksin gecələr
işıqlandırılması üçün yüksək
zövqlü elektrik lampaları quraşdırılıb.
Onu da qeyd edək ki,
bugünlərdə Bakı-Quba magistral yolunun kənarında
yeni bir memarlıq kompleksinin inşasına
başlanılıb. Bakı-Xaçmaz magistral yolunun kənarında
tikilmiş memarlıq kompleksinin bir az kiçik forması olan
bu tikilidə də Azərbaycanın qədim memarlıq
üslubundan istifadə ediləcək.
Elnur ŞAHBAZOV,
Şabran Tarix Qoruğunun elmi işçisi
Mədəniyyət.- 2009.- 17 iyul.- S. 6.