Cənclərimizin söz sahibi olduğu səfər

 

Dövlətlərin beynəlxalq arenaya çıxışında, milli-etnik dəyərlərinin, özəl tərəflərinin təbliği baxımından önəm verdiyi sahələrdən biri də, bəlkə də ən aktualı mədəniyyət sahəsidir. Bu gün mədəniyyətlərin mübadiləsi və sivilizasiyaların toqquşma problemi mədəni müxtəliflik kontekstində bu siyasəti qaçılmaz edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya miqyasında tanınma işini təkcə iqtisadi və siyasi sferalarda yox, eləcə də mədəniyyət sahəsinə də yönəltdi. Ölkədə və onun hüdudlarından kənarda milli mədəniyyətimizin tərəqqisinə və təbliğatı işinə təkan verən addımlar atıldı. Bu işin tərkib hissəsi kimi mütəmadi olaraq dünya ölkələrində Azərbaycanın mədəniyyəti günləri keçirilir. Mədəniyyət və incəsənətimizin, əsrarəngiz muğam və xalq musiqimizin qonaq olduğu növbəti belə ölkə Rusiya oldu.

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqramına uyğun olaraq, 2009-cu il 29 iyun - 5 iyul tarixlərində Moskva və Kazan şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Mədəniyyət günləri 29 iyun - 2 iyul tarixlərində Moskvada, 2-5 iyul tarixlərində isə Kazanda gerçəkləşdi. Tədbirdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə 80 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Mədəniyyət günlərinin proqramına Moskvada Tahir Məmmədovun, Kazanda Fərid Hayrulinin fotosərgiləri, Uşaq Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya Məktəbinin kiçik rəqs qrupunun konsertləri daxil edilmişdi. Səfərdə həm də Azərbaycanın gənc solistləri - Elməddin İbrahimov, Mədinə Şahgəldiyeva, Ceyla və Anar Seyidovlar, Nəzrin Mahmudova, İsmayıl Yunusov, Nicat Məmmədov və Mustafa Aşurov iştirak etdilər.

Səfər təəssüratlarını bizimlə bölüşən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva istedadlı gənclərimizin ifalarının böyük maraqla qarşılandığını dedi: «İyunun 30-da Moskvada İttifaqlar Evinin Sütunlu zalında Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirildi. Bilirsiniz ki, bura şəhərin mərkəzində yerləşən möhtəşəm tikililərdən biridir. Azərbaycan mədəniyyətini sevənlər yenə də zalı doldurmuşdular. Çox gözəl tərtibatlı məkanda doğma ab-havanın müşayiətilə ilə yüksək səviyyəli bir açılış gerçəkləşdi.

Mədəniyyət günlərinin açılış mərasimində Rusiyanın mədəniyyət nazirinin müavini Aleksandr Qolitvanın başçılığı ilə çoxsaylı qonaqlar iştirak edirdi. Tədbirdə çıxış edən nazir müavini iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafında böyük nailiyyətlərin olduğunu vurğuladı. O dedi ki, Azərbaycanın Uşaq-Gənclər Simfonik Orkestrinin Moskvanın Böyük Zalında konsert verməsi mövcud münasibətlərin göstəricilərindəndir. Azərbaycan mədəniyyətini və incəsənətini çox sevdiklərini vurğulayan nazir müavini, əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etdi. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Rusiya paytaxtının ən böyük auditoriyalarının birində belə möhtəşəm konsertə start verilməsini mədəniyyət sahəsində mühüm hadisə kimi səciyyələndirdi. Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin uğurla keçdiyini xatırladan cənab nazir onu da bildirdi ki, Rusiya ilə Azərbaycan xalqları arasında qarşılıqlı etimad gələcək uğur və nailiyyətlərə yol açır.

Sonra möhtəşəm konsert proqramına start verildi. Dahi bəstəkar Üzeyir Hacıbəylinin uvertürası ilə başlayan konsertdə Uşaq-Gənclər Simfonik Orkestrinin ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Vaqif Mustafazadənin, Cahangir Cahangirovun və Niyazinin əsərləri səsləndirildi. Gənclərin ifası inanılmaz hərarət və mən deyərdim ki, heyrətlə qarşılandı. Sürəkli alqışlar, tamaşaçıların «bravo» nidaları hər birimizə gözəl duyğular, qürur bəxş etdi. Tamaşaçıların maraqla izlədikləri proqramda muğam müsabiqəsinin qalibi Elməddin İbrahimovun ifasında “Qarabağ şikəstəsi”, Bakı Xoreoqrafiya Məktəbinin yetirmələrinin çıxışları da var idi. Hər ifa, səhnədə istedadını nümayiş etdirən hər gənc zövqlü rusiyalı tamaşaçıların uzun sürən alqışlarlı ilə müşayiət olundu”.

Səfər zamanı ölkəmizin Rusiyadakı səfirliyində Mədəniyyət və Turizm Nazirliyi ilə “Vokruq sveta” nəşriyyatı arasında “Azərbaycan” sorğu kitabçasının hazırlanmasına və nəşrinə dair müqavilənin də imzalandığını deyən mətbuat katibi, sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və “Vokruq sveta” nəşriyyatının icraçı direktoru Leonud Naumovun imzaladığını bildirdi: «İmzalanma mərasimində çıxış edən Ə. Qarayev müqavilənin Azərbaycan haqqında informasiyaların daha geniş auditoriyaya çatdırılmasına imkan verəcəyini dedi. O, bu layihənin ölkəmizə turist axınını artıracağına və müasir Azərbaycanın potensialına marağı yüksəldəcəyinə inandığını da vurğuladı.

L.Naumov isə Azərbaycan haqqında rus dilində nəşr olunacaq ilk sorğu kitabçasının oktyabrda satışa çıxarılacağını və iki il satışda olduqdan sonra kitabçanın yeniləşdiriləcəyini bildirdi. Hər gün 28 min nəfər istifadəçinin daxil olduğu “Vokruq sveta” saytında da yerləşdiriləcək kitabça barədə danışan L.Naumov, heç zaman Azərbaycanda olmadığını və sorğu kitabçasını oxuduqdan sonra ölkəmizə səfər etmək arzusunun yarandığını da dedi».

İttifaqlar Evinin Böyük Konsert Salonunda start götürmüş Azərbaycan mədəniyyətinin təntənəsi qardaş şəhər Kazanda davam etdirildi. Belə ki, Tatarıstanda da qədim Kazanın gözəl memarlıq nümunələrindən olan S.Saydaşev adına konsert salonunda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Zöhrə xanım kazanlıların onları böyük sevgi və hərarətlə qarşıladığını dilə gətirdi: «Tədbirlər proqramına yaradıcı kollektivlərimizin çıxışları ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin Kazan şəhərinin muzeylərinə, mədəniyyət və ictimai mərkəzlərinə səfərləri daxil idi. Bir qədər əvvəl isə “Xəzinə” milli rəsm qalereyasında Azərbaycan fotojurnalisti Fərid Xayrulinin “Mənim Azərbaycanım” fotosərgisinin açılışı oldu. Azərbaycanla bağlı təsvirlərini yer aldığı fotolar izləyicilər tərəfindən maraqla qarşılandı. Tatarıstanda Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı çərçivəsində Dövlət Şurası sədrinin müavini Rimma Ratnikova Tatarıstan Prezidenti Mintimer Şaymiyevin, Dövlət Şurası və hökumətin adından qonaqları salamladı. O, öz çıxışında tatar və Azərbaycan xalqları mədəniyyətlərini bir-biri ilə sıx bağlayan çoxsaylı və müxtəlif əlaqələrin olduğunu xüsusilə vurğuladı. R.Ratnikova Rusiyanın birinci Dövlət Dumasında tatar və Azərbaycan deputatlarının təşkil etdikləri müsəlman fraksiyasını xatırlatdı, Azərbaycan şairlərinin tatar poeziyasına güclü təsir göstərdiyini, tanınmış tatar və Azərbaycan teatr kollektivlərinin birgə qastrollarını və ilk “Qızıl minbər” qran-pri mükafatının məhz Azərbaycan kinematoqrafçılarının aldığını qeyd etdi. O çıxışında bu əlaqələrin həqiqətən dərin və çox yaxın olduğunu, bunun iki xalqın nümayəndələri arasında münasibətlərdə qorunub saxlandığını və inkişaf etdirildiyini dedi. R.Ratnikova qeyd etdi ki, bu gün Azərbaycanda kifayət qədər böyük və fəal tatar diasporu var. Diaspor nümayəndələri tatar dilini və milli mədəniyyətini qoruyub saxlayırlar. Tatarıstandakı Azərbaycan diasporu nümayəndələri də ictimai həyatın, demək olar, bütün sahələrində fəal iştirak edirlər. Onlar Tatarıstanın həqiqətən fəxr etdiyi həkimlər, müəllimlər və artistlərdir.

Nazir Əbülfəs Qarayev də çıxışında Tatarıstan və Azərbaycanın həqiqətən ümumi cəhətlərinin çox olduğundan danışdı. Nümayəndə heyətimiz Tatarıstan tarixi və parlamenti muzeyi və mədəniyyət mərkəzləri ilə tanış olmaq imkanı da əldə etdi. Bu zaman iki xalqı birləşdirən ümumi köklərin, ümumi adların və ideyaların nə qədər çox olduğunu gördük. Bu ifadələr cənab nazirin çıxışında da öz əksini tapdı. O, bugünkü mədəniyyət günlərinin də ötən il Azərbaycanda keçirilmiş Tatarıstan Mədəniyyəti Günləri kimi əməkdaşlığımızın inkişafında yeni mərhələ olacağına inandığını ifadə etdi. Nazir daha sonra «Digər ölkələrdə keçirilmiş Azərbaycan mədəniyyəti günlərindən fərqli olaraq, Rusiyaya gənc musiqiçiləri, rəqqasları, müğənniləri gətirmişik. Məqsədimiz mədəniyyətimizin ənənələrə söykəndiyini, inkişaf etdiyini və böyük gələcəyi olduğunu göstərməkdir» - dedi. Sevindirici haldır ki, Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı çərçivəsində Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin konserti nazir Əbülfəs Qarayevin sözlərinin birbaşa sübutu oldu və tamaşaçılar tərəfindən böyük heyranlıqla qarşılandı. Gecənin qonaqlarına Azərbaycan incəsənət ustalarının ifasında müxtəlif janrda maraqlı musiqi nümunələri təqdim edildi. Konsert proqramında dünya klassiklərinin - Motsart, Ştraus, Bramsın, habelə Azərbaycan bəstəkarlarının əsərləri, xalq çalğı alətlərində gənc istedadların ifasında Azərbaycanın xalq musiqisi səsləndi. Salona toplaşanlar “Mənim Azərbaycanım” gözəl rəqs kompozisiyasını təqdim edən Bakı Xoreoqrafiya Məktəbi şagirdlərinin çıxışlarını alqışlarla qarşıldılar.

Maraqlı məqamlardan biri də bizim Ulduz şəhərciyinə getməyimiz idi. İlk dəfə idi ki, biz Mədəniyyət və Turizm Nazirliyi olaraq bu şəhərciyə gedirdik. Ulduz şəhərciyi çox sakit və insanda nostalji yaradan bir yerdir. İnanın, orda heç kompyuter də yox idi. Yaşıllığa qərq olmuş şəhərdə həqiqətən özünü 20-30 il öncədə təsəvvür edirsən. Ancaq bu təsəvvür xoş və insana rahatlıq bəxş edir. Onu da deyim ki, Ulduz şəhərinin sakinləri Bakını, azərbaycanlıları çox sevir və burada baş verən prosesləri izləyirlər. O dəqiqə bəllli olur ki, onlar kosmosla, ədəbiyyarla, intellektul dünya ilə çox gözəl təmasdadırlar. Üzlərindən ziyalılıq yağır. Bax, belə gözəl təəssüratın müşayiəti ilə Ulduz şəhərciyinin mədəniyyət evində də konsertimiz oldu. Unudulmaz görüşlərdən biri də məşhur kosmonavt Vladimir Şatalovla oldu. Ulduz şəhərciyinin qocaman sakini və onun xanımı ölkəmiz haqqında xoş xatirələrini bölüşdülər. Belə zəngin təəssüratla ayrıldığımız Moskva və Kazanda növbəti dəfə mədəniyyətimizin yeni xoş səhifəsi açıldı. Təbii ki, bu dəfə istedadlı gənclərimizin səyi ilə”.

 

 

Həmidə

 

Mədəniyyət.- 2009.- 17 iyul.- S. 3.